Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcəkAqrar sahə üzrə KOB-lara öz təsərrüfatlarında təlimlər keçirilirBMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq imkanları müzakirə edilibBakı Baş Gömrük İdarəsində “KOB Dostu” fəaliyyətə başlayıb KOB-lar Regional Mətbəx Festivalında iştirak edəcəklər
İnvestisiya təminatı


Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2016-cı il tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə “İnvestisiya təşviqi sənədi”nin verilməsi qaydaları təsdiqlənib. Məqsəd investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması və “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2-ci bəndinə uyğun olaraq, investisiyaların təşviqi ilə bağlı mexanizmin təkmilləşdirilməsidir. İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanununda müəyyən edilmiş aşağıdakı güzəştləri əldə etməyə əsas verən sənəddir:

- 7 il müddətində fərdi sahibkarın gəlirinin, hüquqi şəxsin isə mənfəətinin 50%-i vergidən azad olma;

- İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında texnika, texnoloji avadanlıq və qurğuların idxalının həyata keçirilməsi 7 il müddətinə ƏDV-dən azad olma;

- investisiya təşviqi sənədi alındığı andan müvafiq əmlakına görə 7 il müddətinə əmlak vergisini ödəməkdən azad edilmə;

- investisiya təşviqi sənədi alındığı andan mülkiyyətində və ya istifadəsində olan müvafiq torpaqlara görə 7 il müddətinə torpaq vergisini ödəməkdən azad olma;

- İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədi əsasında texnika, texnoloji avadanlıq və qurğuların idxalı 7 il müddətinə gömrük rüsumlarından azad olma.

Sahibkar qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun biznes layihəsi üçün investisiya təşviqi sənədini almaq məqsədilə müvafiq sənədləri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etməlidir.

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 mart tarixli Sərəncamı ilə iqtisadiyyatın qeyri-neft sahələrinin inkişafına, bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yeniləşdirilməsinə investisiya qoyuluşunun təşviqi məqsədilə Azərbaycan İnvestisiya Şirkəti yaradılıb. Hazırda şirkət fəal şəkildə ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin icrasını uğurla davam etdirir. Belə ki, sement istehsalının genişləndirilməsi, gəmiqayırma şirkətinin yaradılması, qida məhsullarının emalı, logistika və digər sahələrdə layihələrin həyata keçirilməsi ilə bağlı konkret addımlar atılmaqdadır.

Azərbaycan İnvestisiya Şirkəti tərəfindən aşağıdakılar reallaşdırılır:

- İnvestisiya şirkətlərinin və portfel investorların Azərbaycanda həyata keçirilən layihələrin müştərək maliyyələşdirilməsi;

- Azərbaycanda yeni texnologiyaların tətbiqinə və investisiya qoyuluşlarının həyata keçirilməsinə qeyri-neft sektorunda fəaliyyət göstərən iri beynəlxalq təşkilatların cəlb edilməsi;

- Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarında iştirakının təmin edilməsi;

- Azərbaycan İnvestisiya Şirkətinin istiqrazlarının, o cümlədən aktivlərlə təmin edilmiş istiqrazlarının əldə olunmasına marağı olan potensial investorların maliyyəsinin cəlb edilməsi;

- İri maliyyə təşkilatlarının iştirakı ilə birgə investisiya fondlarının yaradılması;

- Azərbaycan Respublikasının regionlarında sənaye məhəllələrinin təşkili və onların idarə olunması.

Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti haqqında daha ətraflı məlumatı şirkətin www.aic.az internet səhifəsindən əldə edə bilərsiniz.