Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“KOB klaster şirkəti”nin meyarları” təsdiq edildi“Organic Food Festival 2019” başa çatdı Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq Gününə həsr olunmuş Gənclər Forumu keçiriləcəkBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə KOB-ların inkişafının dəstəklənməsi istiqamətində əməkdaşlıq genişləndirilirKOBİA qadın sahibkarlığın inkişafının təşkilati modellərini dəstəkləyəcək
Ən çox verilən suallar


Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi hansı məqsədlə yaradılıb?

CAVAB: Kiçik və Orta Biznesin İnkişafı Agentliyi Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin məqsədi ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək, ölkə iqtisadiyyatında kiçik və orta biznesin rolunu möhkəmləndirmək, mühüm iqtisadi inkişaf göstəricilərində xüsusi çəkisini və rəqabət qabiliyyətini artırmaq, KOB-ların maraqlarının qorunmasında və problemlərinin həllində iştirak etmək, onlara institusional dəstək mexanizmlərini təkmilləşdirmək, dövlət və özəl qurumların bu sahədə fəaliyyətini əlaqələndirməkdir. Agentlik dövlət-biznes və biznes-biznes xidmətlərinin vahid platformasını təmin edir, əlaqələndirmə, nəzarət, monitorinq və qiymətləndirmə funksiyasını yerinə yetirir. Sahibkarların dostu olmaq Agentliyin başlıca missiyasıdır.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən sahibkarlara hansı xidmətlər göstərilir?

CAVAB:Azərbaycan RespublikasınınKiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə biznesə başlanması, mövcud sahibkarlıq fəaliyyətinin idarə edilməsi və innovativ üsullarla genişləndirilməsi üçün informasiya, məsləhət, təlim-tədris, hüquqi yardım, digər dövlət strukturları ilə əlaqələndirmə, sahibkarların hüquqların qorunması istiqamətlərində dəstəklər göstərilir.

“Kiçik və Orta Binesin Dostu” kimdir?

CAVAB: Kiçik və Orta Biznesin Dostu, qısaca desək “KOB Dostu” Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mikro, kiçik və orta biznesə mühüm dəstək modelidir. “KOB Dostu” fəaliyyət göstərdiyi ərazi üzrə mikro, kiçik və orta biznes subyektləri ilə birbaşa ünsiyyətdə olur, onların inkişaf təşəbbüslərini, potensial imkanlarını müəyyən edir, yeni kiçik və orta biznes subyektlərinin yaranması və mövcud biznesin inkişafına yönəldilmiş çoxsaylı dəstəklər göstərir, sahibkarların qanuni maraqlarının müdafiəsini həyata keçirir. “KOB Dostu” həmçinin, mikro, kiçik və orta sahibkarların ehtiyaclarını sorğu və digər vasitələrlə öyrənir, onlara dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlərin monitorinqini aparır. Hazırda ölkənin 12 şəhər və rayonunda 14 “KOB Dostu” fəaliyyət göstərir.

“Kiçik və Orta Biznesin Dostu”na necə müraciət etmək olar?

CAVAB: Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mikro, kiçik və orta sahibkarlara başlıca dəstək modellərindən olan Kiçik və Orta Biznesin Dostu hazırda Masallı, Xaçmaz, Siyəzən-Şabran, Quba, Qusar, Yevlax, Füzuli, Qəbələ, Abşeron, Gəncə, Sumqayıt və Bakıda fəaliyyət göstərir. Ölkənin digər rayon və şəhərlərində də KOB dostlarının fəaliyyəti nəzərdə tutulur. Mikro, kiçik və orta sahibkarlar fəaliyyət göstərdikləri inzibati ərazi vahidlərində və ya coğrafi baxımdan onlara ən yaxın olan “KOB Dostu”na biznesin qurulması və inkişafı, hüquqlarının müdafiəsi kimi məsələlərlə bağlı müraciət edə bilərlər. KOB dostları və onlarla əlaqə vasitələri barədə daha ətraflı məlumatı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin www.smb.gov.az saytından əldə etmək olar.

Kiçik və orta biznes evi nədir?

CAVAB: Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün mühüm dəstək mexanizmlərindən olan “Kiçik və Orta Biznes Evi”, qısaca desək “KOB Evi”biznes subyektləri üçün bütün dövlət-biznes və zəruri biznes-biznes xidmətlərinin vahid məkanda operativ, şəffaf və vətəndaş məmnunluğu prinsipləri əsasında təqdim ediləcəyi vahid məkandır. “KOB evi”ndə biznesin planlaşdırılmasından başlayaraq onun inkişaf etdirilməsinə qədər olan bütün mərhələlərdə 30-dan çox dövlət qurumunun 100-dən artıq G2B (dövlət-biznes) və özəl qurumların B2B (biznes-biznes) xidmətləri əlaqəli şəkildə təşkil olunacaqdır. Hazırda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən Kiçik və Orta Biznes evlərinin yaradılması istiqamətində tədbirlər görülür.

Hansı sahibkarlar mikro, kiçik və orta sahibkarlar hesab olunur?

CAVAB: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları” təsdiq olunub. Bu meyarlara əsasən, mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatədək olan sahibkardır. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 3 milyon manatədək olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır.

Mikro, kiçik və orta sahibkarlar üçün Vergi Məcəlləsində hansı güzəştlər nəzərdə tutulur?

CAVAB:Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən, mikro sahibkarın gəlir və mənfəətinin 75%-i vergidən azaddır. Eyni zamanda, bu kateqoriya sahibkarlar əmlak vergisindən azaddır. Mikro və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan startaplar “Sartap” şəhadətnaməsi aldıqları andan 3 il müddətinə gəlir və mənfəət vergisindən azad olunur. Kiçik sahibkar əsas vəsaitlərə illik amortizasiya normalarını 1,5 əmsalına vurmaqla sürətləndirilmiş amortizasiya tətbiq edə bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə görə, KOB klasterləri daxilində fəaliyyət göstərən KOB klaster şirkətləri 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, eləcə də idxal etdiyi avadanlıqlar üzrə ƏDV-dən azaddır.

Mikro, kiçik və orta biznes subyektlərinin kommunal xidmətlərə qoşulmasında yeniliklər nədən ibarətdir?

CAVAB: Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2018-ci il tarixli Fərmanına əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kommunal xidmətlərə qoşulma prosedurları sadələşdirilib. Artıq mikro, kiçik və orta sahibkarlar qaz və su təchizatı, tullantı suların axıdılması sistemlərinə qoşulmaq üçün texniki şərtlərin və layihə sənədlərinin hazırlanması və verilməsi, eləcə də fiziki qoşulmanın həyata keçirilməsi üçün “Kiçik və Orta Biznes evləri”nə, “ASAN kommunal” mərkəzlərinə və ya “ASAN xidmət”ə müraciət edə bilərlər. Sahibkarın kommunal xidmətlərə qoşulması sifarişçinin müraciət etdiyi tarixdən ən geci 20 gün ərzində həyata keçirilir. Texniki şərtlərin verilməsi isə pulsuzdur.

Startap nədir? Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən startaplara hansı dəstək göstəriləcək?

CAVAB: Startap - innovativ təşəbbüsə əsaslanaraq həyata keçirilən, müvafiq meyarlara cavab verən və “Startap” şəhadətnaməsi verilmiş şəxslərin həyata keçirdiyi sahibkarlıq fəaliyyətidir. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsinə uyğun olaraq, Agentlik startapların qeydiyyatına və onların innovativ ideyalarının patentləşdirilməsinə, startapların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə dəstək göstərəcək, innovativ sahibkarlığı təşviq etmək üçün startapların ali təhsil və elmi tədqiqat müəssisələri, sənaye və texnologiyalar parkları, texnoloji biznes inkubatorlarla qarşılıqlı fəaliyyətini əlaqələndirəcəkdir. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “Startap” şəhadətnaməsini verən səlahiyyətli qurum kimi müəyyən edilib.

Dövlət satınalmalarında kiçik və orta biznes subyektlərinin iştirak şərtləri nədən ibarətdir?

CAVAB: “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirak imkanları genişləndirilib. Belə ki, satınalma predmetinin ehtimal olunan qiyməti 3 milyon ABŞ dolları ekvivalentində və ya ondan aşağı olan malların (işlərin, xidmətlərin) dövlət satınalmaları yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə, açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilir.

Kiçik və Orta Biznes klasteri nədir?

CAVAB:Kiçik və Orta Biznes klasteri - eyni və ya bənzər sektorda, əlaqəli və bir-birini tamamlayıcı fəaliyyət sahələrinin müəyyən coğrafi bölgədə yerləşməsi ilə meydana gələn, ümumi infrastruktur, texnologiya, vahid bazar, işçi qüvvəsi və xidmətləri paylaşaraq qarşılıqlı iqtisadi əlaqələrin qurulması, birgə fəaliyyət imkanlarına malik olan KOB klaster şirkəti və iştirakçılarının əməkdaşlıq modelidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində “KOB klaster şirkəti” və “KOB klasterin iştirakçısı” üçün bir sıra vergi güzəştləri müəyyən olunub. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “KOB klaster şirkəti”nin və “KOB klasterin iştirakçısı” şəhadətnamələrini verən səlahiyyətli qurum olaraq müəyyən edilib.


Mikro, kiçik və orta sahibkarlıq subyektləri hansı güzəştli kreditlərdən yararlana bilər?

CAVAB:Mikro, kiçik və orta sahibkarlıq subyektləri müxtəlif sahələrdə biznesin qurulması və inkişaf etdirilməsi üçün dövlətin güzəştli kreditlərindən istifadə edə bilərlər. Sahibkarlar sənaye, kənd təsərrüfatı, turizm, İKT və xidmət sahələri üzrə dövlətin güzəştli kreditləri üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarına müraciət edə bilərlər.

Öz biznesini qurmaq və ya mövcud biznesini inkişaf etdirmək istəyən şəxslər hara müraciət edə bilər?

CAVAB: Öz biznesini qurmaq və mövcud sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən şəxslər Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə və ya Agentliyin hazırda ölkənin 12 şəhər və rayonunda fəaliyyət göstərən Kiçik və Orta Biznesin dostlarına müraciət edə bilərlər. Agentlik tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə biznesin qurulması və inkişafı üçün informasiya, məsləhət, təlim-tədris, digər dövlət strukturları ilə əlaqələndirmə, eləcə də hüquqlarının müdafiəsi kimi istiqamətlərdə xidmətlər göstərilir.

"KOB könüllüləri" kimdir?

CAVAB: Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində gənclər üçün “Kiçik və Orta Biznes Könüllüləri” Proqramı həyata keçirilir və Könüllü Şurası fəaliyyət göstərir. Hazırda Agentlikdə və Agentliyin ölkənin müxtəlif inzibati ərazi vahidlərində yerləşən Kiçik və Orta Biznesin Dostu ofislərində 30-a yaxın gənc “KOB könüllüsü” kimi fəaliyyət göstərir. Kiçik və Orta Biznes könüllüləri Agentliyin gündəlik iş prosesində yaxından iştirak etməklə, təcrübə toplayır, öz bilik və bacarıqlarını artırırlar. 3 ay davam edən könüllülük fəaliyyətinin sonunda KOB könüllülərinə sertifikatlar verilir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyində könüllülük fəaliyyətini uğurla başa vuran bir neçə KOB könüllüsü artıq müxtəlif sahələrdə işlə təmin olunub.

Sahibkarlıq sahəsində aparılan yoxlamalar hansı tarixə qədər dayandırılıb?

CAVAB: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb. Bu müddət ərzində yalnız vergi, maliyyə bazarları, gömrük auditi, dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi, həmçinin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar aparıla bilər.

İnvestisiya təşviqi sənədi nədir?

CAVAB: Ölkəmizdə investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə 2016-cı ildən etibarən İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara investisiya təşviqi sənədi verilir. İnvestisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. İnvestisiya təşviqi sənədini almış sahibkarlar 7 il müdətində mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından azad edilir.

İxracla məşğul olan sahibkarlar üçün hansı dövlət dəstəyi tədbirləri nəzərdə tutulur?

CAVAB: Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracı ilə məşğul olan sahibkarlar Azərbaycan Respublikası Prezidentinin “Made in Azerbaijan” brendinin təşviqinə dair 5 oktyabr 2016-cı il tarixli Fərmanı ilə təsdiq olunmuş ixrac missiyaları, beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə iştirak, bazar araşdırmasına dəstək kimi mexanizmlərdən yararlana bilərlər. Bu dəstək tədbirlərinə dair xərclər tam və ya qismən dövlət büdcəsi hesabına qarşılanır.

"KOB klaster şirkəti" və "KOB klasterin iştirakçısı" üçün hansı güzəştlər nəzərdə tutulur?

CAVAB:Azərbaycan Respublikasının Vergi Məcəlləsində “KOB klaster şirkəti” və “KOB klasterin iştirakçısı” üçün bir sıra vergi güzəştləri müəyyən olunub. Belə ki, KOB klaster şirkəti 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. KOB klasterin iştirakçısı isə 7 il müddətində əldə etdiyi mənfəətin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin gəlir vergisindən azad olunur. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi “KOB klaster şirkəti”nin və “KOB klasterin iştirakçısı” şəhadətnamələrini verən səlahiyyətli qurum olaraq müəyyən edilib.