Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“Mövcud biznesin inkişafı və pul axını” mövzusunda seminar keçiriləcəkAqrar sahə üzrə KOB-lara öz təsərrüfatlarında təlimlər keçirilirBMT-nin İnkişaf Proqramı ilə əməkdaşlıq imkanları müzakirə edilibBakı Baş Gömrük İdarəsində “KOB Dostu” fəaliyyətə başlayıb KOB-lar Regional Mətbəx Festivalında iştirak edəcəklər
Sənaye parkları və məhəllələri


Sənaye parkı – sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabət qabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Sənaye parkının yaradılmasında məqsəd aşağıdakılardır:

- innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi;

- iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi;

- ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması;

- əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması.

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, sənaye parklarında aşağıdakı stimullaşdırıcı tədbirlər tətbiq olunur:

- vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər;

- sənaye parkının infrastrukturla təmin edilməsi;

- torpaq sahəsinin icarə haqqının aşağı həddində müəyyən edilməsi;

- güzəştli kreditlərin verilməsi;

- inzibati prosedurların sadələşdirilməsi;

- sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili;

- istilik və elektrik enerjisinin, suyun və qazın satışına, tullantı sularının axıdılmasına və məişət tullantılarının yığılmasına görə güzəştli tariflərin tətbiqi.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

Hazırda Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir:

- Sumqayıt Kimya SənayeParkı;

- Balaxanı Sənaye Parkı;

- Mingəçevir Sənaye Parkı;

- Qaradağ Sənaye Parkı;

- Pirallahı Sənaye Parkı.


Sənaye məhəlləsi - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir.

Ölkədə sənaye məhəllələrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 8 oktyabr 2014-cü il tarixli Fərmanı ilə müəyyən edilib.

Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır.

2014-cü ilin oktyabr ayından etibarən ölkədə sənaye məhəllələrinin fəaliyyətinin təşkili və tənzimlənməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə həvalə edilib.

Sənaye məhəllələrinin yaradılması, idarə edilməsi və burada sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələlərin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2015-ci il tarixli Qərarı ilə “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə” təsdiq edilib. Nümunəvi Əsasnaməyə uyğun olaraq, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə sənaye məhəllələrində aşağıdakı stimullaşdırıcı tədbirlər tətbiq olunur:

- “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 5-ci hissəsinə və “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən torpaq sahəsinin və tikililərin icarə haqqının aşağı həddə müəyyən edilməsi;

- güzəştli kreditlərin verilməsi;

- inzibati prosedurların sadələşdirilməsi;

- sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili.

Hazırda Azərbaycanda aşağıdakı sənaye məhəllələri fəaliyyət göstərir:

- Neftçala Sənaye Məhəlləsi;

- Masallı Sənaye Məhəlləsi;

- Hacıqabul Sənaye Məhəlləsi;

- Sabirabad Sənaye Məhəlləsi


Texnologiyalar parkı - innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.

İqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılması, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiyalar sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 noyabr tarixli Fərmanı ilə Bakı şəhərinin Pirallahı rayonunda Yüksək Texnologiyalar Parkı yaradılıb. Pirallahı Yüksək Texnologiyalar Parkının fəaliyyətinin təşkilini, idarə olunmasını və inkişaf etdirilməsini Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkı - "YT Park" MMC həyata keçirir.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli Fərmanı ilə Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılıb.