Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
“KOB klaster şirkəti”nin meyarları” təsdiq edildi“Organic Food Festival 2019” başa çatdı Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq Gününə həsr olunmuş Gənclər Forumu keçiriləcəkBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə KOB-ların inkişafının dəstəklənməsi istiqamətində əməkdaşlıq genişləndirilirKOBİA qadın sahibkarlığın inkişafının təşkilati modellərini dəstəkləyəcək
Orxan Məmmədov: “KOB-un payının ÜDM-də 60%-ə, məşğulluqda 70%-ə, qeyri-neft ixracında isə 40%-ə çatdırılması nəzərdə tutulur” 17.05.2019
Orxan Məmmədov: “KOB-un payının ÜDM-də 60%-ə, məşğulluqda 70%-ə, qeyri-neft ixracında isə 40%-ə çatdırılması nəzərdə tutulur”

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədovun "Milli Məclis" jurnalına müsahibəsi

Orxan müəllim, ilk olaraq rəhbərlik etdiyiniz Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyəti və qarşıda duran vəzifələr barədə məlumat verməyinizi xahiş edirik.

Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yaradılıb. Ölkə başçısının 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentliyin nizamnaməsi və strukturu təsdiq olunub. Mikro, kiçik və orta biznesin (KOB) inkişafının dəstəklənməsi, ölkə iqtisadiyyatında KOB-ların rolunun artırılması, onların maraqlarının müdafiəsi, KOB-lara vahid məkan prinsipi ilə xidmətlərin göstərilməsi, dövlət və özəl qurumların bu sahədə fəaliyyətinin əlaqələndirilməsi qurumun başlıca fəaliyyət istiqamətləridir. Bir sözlə, Agentlik kiçik və orta biznesin yaradılmasından başlayaraq, onun fəaliyyətinin bütün mərhələlərində mövcud dövlət dəstəyi mexanizmləri və Agentliyin göstərdiyi xidmətlər çərçivəsində KOB-lara dəstək olur, dövlət qurumları ilə KOB subyektləri arasında körpü rolunu oynayır.

Fəaliyyətə başlamasından qısa müddət ötsə də, bu zaman ərzində Agentliyin bir sıra dəstək mexanizmləri sahibkarların xidmətinə verilib, müxtəlif layihələr həyata keçirilib. Hazırda ölkə üzrə yaradılmaqda olan “Kiçik və Orta Biznesin Dostu”, qısaca desək “KOB Dostu” belə mexanizmlərdəndir. “KOB Dostu” konsepsiyasının yaradılması birbaşa olaraq Agentliyin qarşısına qoyulmuş məqsədlərdən və hədəflərimizdən irəli gəlir. Belə ki, sahibkarın dostuna çevrilmək Agentliyin əsas hədəflərindəndir. Apardığımız təhlillər və sahibkarlardan daxil olan müraciətlər də göstərir ki, “KOB Dostu” effektiv və işlək bir mexanizmdir. Hazırda ölkənin 12 rayon və şəhərində 14 “KOB Dostu” mövcud dövlət dəstəyi mexanizmləri və Agentliyin göstərdiyi dəstək tədbirləri çərçivəsində sahibkarlara xidmət göstərir. KOB dostları fəaliyyət göstərdiyi yerlərdə mikro, kiçik və orta sahibkarlara onların təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafının bütün mərhələlərində, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində dəstək olur. KOB dostları adından da göründüyü kimi daima sahibkarlarla sıx ünsiyyətdə olur, onların inkişaf ehtiyaclarını sorğular və digər metodlar vasitəsilə öyrənir, yerlərdə KOB-lara göstərilən xidmətlərin monitorinqini aparır. “KOB Dostu” mexanizmi həm də ona görə əhəmiyyətlidir ki, bu vəzifəni daşıyan şəxslər sahibkarın müraciət etməsini gözləmir, özü onların görüşünə gedir, mütəmadi olaraq sahəvi görüşlər təşkil edirlər. Ümumilikdə ölkənin 10 iqtisadi rayonu üzrə 60 “KOB Dostu”ndan ibarət şəbəkənin yaradılması nəzərdə tutulur.

KOB-lar üçün yeni dəstək mexanizmlərinin və modellərinin yaradılması ilə yanaşı, Agentliyin fəaliyyətinin digər istiqaməti müvafiq sahədə qanunvericilik aktlarının təkmilləşdirilməsi prosesində KOB maraqları baxımından çıxış etməkdir. Bu sahədə Agentliyin təklifləri əsasında “Kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanun layihəsi, KOB-lara müxtəlif dəstək tədbirlərinin göstərilməsini nəzərdə tutan normativ hüquqi aktların layihələri hazırlanıb, Vergi Məcəlləsinə KOB-lar üçün bir sıra yeni güzəştləri nəzərdə tutan dəyişikliklər edilib. Sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarlarının təsdiq olunması, KOB-ların kommunal xidmətlərə qoşulma prosedurlarının sadələşdirilməsi, dövlət satınalmaları haqqında qanunvericiliyə mütərəqqi dəyişikliklərin edilməsi də KOB sektorunun inkişafı istiqamətində atılmış önəmli addımlardandır.

Agentlik tərəfindən regionlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlar üçün həyata keçirilən tədbirləri və layihələri xüsusilə vurğulamaq istərdim. Bu baxımdan KOB dostlarının regionlarda KOB subyektlərinin yaradılmasına və inkişafına göstərdiyi dəstək qeyd olunmalıdır.

Bildiyiniz kimi, Azərbaycan və Türkiyə hökuməti tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində arıçılıq təsərrüfatları yaradılıb. Agentliyin sifarişi ilə bu təsərrüfatlarda istehsal edilən məhsulların emalı və qablaşdırılmasına dəstək məqsədilə mobil emalatxana və kənd məhsullarının satışı üçün mobil satış məntəqəsi istifadəyə verilib.

Agentlik KOB dostları vasitəsilə regionlarda işaxtaran və işsiz şəxslərin Özünüməşğulluq Proqramına qoşulmasına, onlar üçün təlimlərin keçirilməsinə və sahibkarlıq fəaliyyətinə cəlb olunmasına da dəstək göstərir.

Agentliyin reallaşdırdığı digər layihələrə və tədbirlərə gəlincə, bildirmək istəyirəm ki, KOBİA “Bakutel 2018” Sərgisində “KOB dəstək proqramı”nı həyata keçirib. Yeri gəlmişkən bu il Bakıda keçiriləcək bir sıra sərgilər çərçivəsində də “KOB dəstək proqramı” davam etdiriləcəkdir.

KOBİA-nın dəstəyi və təşkilatçılığı ilə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində sahibkar və menecerlər Almaniyaya təlim və istehsal müəssisələrində təcrübəyə göndərilir. İndiyədək 402 sahibkar və menecer bu proqramdan faydalanıb.

Həmçinin, fəaliyyət göstərdiyi qısa müddət ərzində Agentliyin məsləhət, dövlət strukturları ilə əlaqələndirmə, müxtəlif mövzularda təşkil olunmuş onlayn təlim, seminar və treninqlərindən, eləcə də digər dəstək tədbirlərindən xeyli sayda mikro, kiçik və orta sahibkarlıq subyektləri yararlanıb.

Sahibkarların dövlət xidmətlərinə rahat çıxışının təmin edilməsi, çoxsaylı dövlət dəstəklərinin, eyni zamanda biznesdən biznesə olan xidmətlərin vahid məkanda təşkili, KOB-ların dəstəklənməsi üzrə yeni stimullaşdırıcı modellərin yaradılması, sahibkarların qanuni maraqlarının müdafiəsi ilə bağlı onlayn platformanın təşkili, sahibkarlar üçün müasir dövrün tələblərinə uyğun təlim, konsaltinq sisteminin yaradılması hazırda reallaşdırmaqda olduğumuz layihələrdəndir. Yaxın gələcəkdə KOB-lara daxili bazar araşdırmalarının aparılması, satış imkanlarının genişləndirilməsi, müxtəlif layihələrin maliyyələşdirilməsi və bu kimi digər istiqamətlərdə dəstək məqsədilə tədbirlərin reallaşdırlılması da nəzərdə tutulur.

“KOB evləri”nin yaradılması sahibkarlığın inkişafına xidmət edəcək mühüm layihələrdən biri kimi cəmiyyətdə geniş müzakirə olunur. Bu barədə nə deyə bilərsiniz?

Dövlət başçısının Agentliyin fəaliyyətinin təmin edilməsi ilə bağlı müvafiq Fərmanında KOB-ların inkişafı üçün bir sıra yeni mexanizmlərin formalaşdırılması nəzərdə tutulur. Bunlardan biri də kiçik və orta biznes evlərinin (KOB evləri) və “e-KOB evi” portalının yaradılmasıdır.

KOB evlərində sahibkarlıq subyektləri öz bizneslərinin planlamasından başlayaraq biznesin idarə edilməsinin bütün mərhələlərində ehtiyac duyulan xidmətləri əldə edə biləcəklər. Burada biznesi planla, biznesə başla, biznesi inkişaf etdir kimi 5 biznes prosesi üzrə 30-dan çox dövlət qurumunun 100-dən artıq “G2B” (dövlət-biznes) və özəl qurumların 1000-dən artıq “B2B” (biznes-biznes) xidmətləri əlaqəli şəkildə təşkil olunacaqdır. KOB evlərində bank, sığorta, notariat, dizayn, məsləhət, hüquqi yardım və sahibkarların biznes fəaliyyəti çərçivəsində ehtiyac duyduğu digər xidmətlər təklif ediləcəkdir.

KOB evlərində göstəriləcək xidmətlərin operativliyinin və dövlət qurumları ilə Agentlik arasında səmərəli əlaqələndirmənin təmin edilməsi məqsədilə Agentlik yanında dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət daimi fəaliyyət göstərən Koordinasiya Qrupu yaradılıb.

İlk “KOB evi”nin bu il Bakı şəhərində istifadəyə verilməsi planlaşdırılır və hazırda bu istiqamətində müvafiq tədbirlər görülür.

Həmçinin, hazırda elektron formada vahid platforma üzərindən xidmətlərin göstərilməsini təmin edəcək “e-KOB evi” portalının yaradılması istiqamətində də müvafiq işlər aparılır.

KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması istiqamətində hədəflər nədən ibarətdir və sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində hansı tədbirlər həyata keçirilir?

Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı istiqamətində verdiyi tapşırıqlara müvafiq olaraq, 2025-ci ildən sonrakı dövr üçün KOB-ların rəqabət qabiliyyətinin daha da artırılması, gündəlik istehlak malları ilə təminatın əsasən KOB subyektləri vasitəsilə həyata keçirilməsi, KOB-un payının ÜDM-də 60%-ə, məşğulluqda 70%-ə, qeyri-neft ixracında isə 40%-ə çatdırılması nəzərdə tutulur.

KOB-ların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə gəlincə, bu gün ölkəmizdə mikro, kiçik və orta sahibkarlıq subyektləri dövlətin bir sıra dəstək mexanizmlərindən, o cümlədən güzəştli kreditlərlərdən istifadə edir. Sənaye, kənd təsərrüfatı, turizm, İKT və xidmət sahələrində öz biznesini qurmaq və inkişaf etdirmək istəyən sahibkarlar bunun üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlıq edən müvəkkil kredit təşkilatlarına müraciət edirlər.

KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsi və onların yüksək keyfiyyətli maliyyə xidmətləri ilə təmin edilməsi digər strateji inkişaf istiqamətləri ilə yanaşı, prioritetlərimiz sırasındadır. Agentlik bu istiqamətdə ən qabaqcıl beynəlxalq təcrübəni öyrənir. KOB subyektlərinin maliyyələşməsi ilə əlaqədar mövcud mexanizmlərin optimallaşdırılması, əlavə olaraq yeni və innovativ maliyyə mexanizmlərinin hazırlanması üzərində iş aparılır. Həmçinin, hazırda əsas hədəflərdən biri KOB inkişaf fondlarının yaradılmasıdır. Bu fondların əsas məqsədi sahibkarların güzəştli maliyyə resurslarından istifadə imkanlarını genişləndirən təşəbbüslər gerçəkləşdirmək, startapların və KOB subyektlərinin maliyyə resurslarına (kreditlərə, investisiyalara, qrantlara) çıxış imkanlarının genişləndirilməsinə dəstək verməkdir.

Yeri gəlmişkən, KOB subyektlərinin maliyyə resurslarına çıxışlarının genişləndirilməsi, onların maliyyə savadlılığının artırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası və Azərbaycan Banklar Assosiasiyasının birgə əməkdaşlığı nəzərdə tutulur. Bu məqsədlə müvafiq qurumlar arasında qarşılıqlı əməkdaşlığa dair Niyyət Protokolu da imzalanıb. Sənədə əsasən hər üç qurum KOB-ların maliyyələşdirilməsi üçün dövlət maliyyə dəstəyi və özəl maliyyə-kredit təşkilatlarında tətbiq edilən mövcud mexanizmlərin effektivliyinin müzakirə edilməsi məqsədilə birgə platforma yaradacaq, KOB-ların maliyyələşdirilməsində beynəlxalq təcrübəyə əsaslanan innovativ və alternativ maliyyələşdirmə mexanizmlərinin tətbiqi imkanlarını araşdıracaq, KOB-ların qiymətli kağızlar bazarına çıxışının və müvafiq bazar alətlərindən istifadəsinin təşviqi üçün birgə əməkdaşlıq edəcəklər. Tərəflər həmçinin, KOB-ların maliyyə savadlılığının artırılması, ölkə regionlarında bu sahədə müxtəlif mövzularda birgə maarifləndirmə tədbirlərinin keçirilməsi, KOB-ların inkişafına dair forum və dəyirmi masaların təşkili istiqamətlərində birgə tədbirlər reallaşdıracaqlar.

Məlum olduğu kimi, “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar zərər çəkmiş sahibkarlara dəstək göstərilməsi məqsədilə İqtisadiyyat Nazirliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin də təmsil olunduğu İşçi Qrupu yaradılıb. Bu barədə daha ətraflı məlumat verməyinizi xahiş edirik.

Əvvəlcə qeyd etmək istərdim ki, martın 26-da Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın bir daha göstərdi ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının yanındadır və dövlət sahibkar üçün ən yaxşı tərəfdaşdır. Hadisədən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məsələni şəxsi nəzarətinə götürdü, dövlət başçısının sədrliyi ilə müşavirə keçirildi. Növbəti addım olaraq, ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar komissiyanın yaradılması və sahibkarlara maddi yardımın göstərilməsi haqqında sərəncamlar imzalandı.

Dövlət başçısının müvafiq tapşırıqlarının təmin edilməsi məqsədilə müşavirədən sonra İqtisadiyyat Nazirliyində KOBİA-nın da təmsil olunduğu işçi qrupu və Agentlikdə (012) 404-04-01 nömrəli “qaynar xətt” yaradılıb. Martın 29-dan etibarən 3 gün müddətində 450-dək sahibkarla fərdi qaydada qəbul keçirilib. Onların problemləri, dəymiş maddi ziyan, fəaliyyətlərinin təşkili və davam etdirilməsi ilə bağlı fikirləri öyrənilib, baş vermiş hadisə ilə əlaqədar yaranmış çətinliklər və bu istiqamətdə tələb olunan işlər müzakirə olunub.

Ticarət mərkəzləri ilə danışıqlar aparılaraq sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərtilə Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən 9 ticarət mərkəzində ümumi sahəsi 45 min kvadrat metrdən çox olan ticarət obyektləri təklif olunub. Artıq bir sıra sahibkarların müxtəlif ticarət obyektlərində fəaliyyəti təmin olunub.

Yanğından zərər çəkmiş sahibkarlara maliyyə yardımının göstərilməsi haqqında dövlət başçısının Sərəncamına uyğun olaraq, aprelin 4-dən etibarən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibatı binasında sahibkarlardan ərizələrin qəbuluna və onlara maddi yardımın ödənilməsinə başlanılıb. Yanğından zərər çəkmış sahibkarların mallarının ticarət mərkəzindən çıxarılması prosesi artıq başa çatdırılıb və 345 sahibkarın malları ticarət mərkəzindən çıxarılıb. Sahibkarlar mallarının daşınması üçün nəqliyyatla təmin olunublar.

http://jurnal.meclis.gov.az/pdf/mart-aprel-2019.pd...