Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Yeni biznes qurmaq və mövcud biznesini genişləndirmək istəyən sahibkarların nəzərinə!Türkiyənin KOSGEB təşkilatı KOBİA-ya məktub göndəribSəhmdarların hüquqlarına dair vebinar keçirilib“Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020” davam edir Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
Regionlarda qadınlar sahibkarlıq fəaliyyətinə maraq göstərir 20.09.2019
Regionlarda qadınlar sahibkarlıq fəaliyyətinə maraq göstərir

Regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda maraqlı olan qadınların maarifləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən birgə tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində avqust və sentyabr aylarında Qazax, Ağstafa, Samux və Naftalan rayonlarında gənc potensial qadın sahibkarlar üçün müxtəlif mövzularda təlimlər təşkil olunub. “Öz biznesinə başla”, “Biznes planın hazırlanması”, “Potensial gənc qadın sahibkarların İKT bacarıqları” mövzularında təşkil olunmuş təlimlərdə kənd turizmi, sənətkarlıq, ictimai-iaşə və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iştirakçı biznes planın, elektron maliyyə hesabatlarının hazırlanması, İKT üzrə bilik və bacarıqlar, sahibkarlıq sahəsində qanunvericilik, biznes üçün dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıb.

Təlimlər çərçivəsində həmçinin, potensial gənc qadın sahibkarların müxtəlif istehsal müəssisələrinə təcrübə səfərləri təşkil olunub.

Təlimlər zamanı potensial qadın sahibkarlar arasında sorğu da keçirilib. Sorğunun nəticələri göstərir ki, regionlarda qadınların əmək vərdişlərinin inkişaf etdirilməsinə ehtiyac var və bu ehtiyac nəzərə alınaraq belə təlimlər mütəmadi olaraq təşkil ediləcəkdir.

Təlimləri uğurla başa vuran qadınlara sertifikatlar təqdim olunub.

Növbəti mərhələdə potensial qadın sahibkarların məhsullarından ibarət sərgilər keçiriləcəkdir.

Qeyd edək ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, kənd yerlərində qadınların və gənclərin məşğulluğunun artırılması istiqamətində KOBİA tərəfindən müxtəlif maarifləndirici tədbirlər və layihələr həyata keçirilir.