Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə
sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq!
Yeni biznes qurmaq və mövcud biznesini genişləndirmək istəyən sahibkarların nəzərinə!Türkiyənin KOSGEB təşkilatı KOBİA-ya məktub göndəribSəhmdarların hüquqlarına dair vebinar keçirilib“Sahibkarların I beynəlxalq onlayn forumu – Bakı 2020” davam edir Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
Sahibkarlarla onlayn görüş keçirilib 07.08.2020
Sahibkarlarla onlayn görüş keçirilib

Avqustun 7-də İqtisadiyyat naziri Mikayıl Cabbarov sahibkarlarla onlayn görüş keçirib. Görüşdə İqtisadiyyat Nazirliyinin rəhbər vəzifəli şəxsləri, eləcə də pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 280-dən çox sahibkar iştirak edib. Tədbirin əsas məqsədi yeni şəraitdə biznesin fəaliyyəti, istehsal və xidmət sahələrində tətbiq edilən davranış qaydaları, pandemiyanın özəl sektora mənfi təsirlərinin aradan qaldırılması yollarının müzakirəsi olub.

Görüşdə çıxış edən İqtisadiyyat naziri qeyd edib ki, 2020-ci il Azərbaycan üçün uğurlu başlasa da, pandemiya bütün ölkələrdə olduğu kimi, milli iqtisadiyyatı da yeni çağırışlarla üz-üzə qoyub, məcburi məhdudlaşdırmalar iqtisadi fəallığın zəifləməsinə, biznesin maliyyə itkiləri ilə qarşılaşmasına gətirib çıxarıb. Pandemiyanın milli iqtisadiyyata, məşğulluğa və sahibkarlıq subyektlərinə mənfi təsirlərinin minimallaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət orqanları qarşısında çox ciddi vəzifələr qoyub. Nazirlər Kabineti tərəfindən iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan proqramlar, biznesin qısa və orta müddətdə dəstəklənməsini əhatə edən çoxşaxəli mühüm sənədlər qəbul edilib. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində insan amilinin dayandığını vurğulayan nazir sıx dövlət-vətəndaş həmrəyliyinə söykənərək insanların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərin önəmini diqqətə çatdırıb.

Pandemiyanın iqtisadiyyata neqativ təsirləri barədə məlumat verən İqtisadiyyat naziri 2020-ci ilin birinci yarımilliyi üzrə ÜDM-də azalmanın qeydə alındığını, əksər iqtisadi sektorlarda azalma müşahidə olunduğunu qeyd edib. Vurğulanıb ki, iqtisadiyyata təhdidlərin qarşısının alınması istiqamətində qeyri-neft sektorunda iqtisadi fəallığın canlandırılması, iş yerlərinin qorunması baxımından stimullaşdırıcı effektli layihələrin və tədbirlərin maliyyələşdirilməsi, investisiya yönümlü kreditləşdirmə, özəl investisiya qoyuluşunun təşviq edilməsi, tikinti-məşğulluq və digər istiqamətlərdə təkanverici tədbirlərin görülməsi qarşıda duran əsas hədəflərdəndir.

Özəl sektorun iqtisadiyyatın aparıcı qüvvəsi olduğunu vurğulayan Mikayıl Cabbarov, dövlət başçısının tapşırığına uyğun olaraq, Nazirlər Kabinetinin sahibkarlıq subyektlərinə yeni maliyyə dəstəyinin göstərilməsi barədə qərar qəbul etdiyini bildirib. Qərara əsasən, mövcud şəraitin sahibkarlığa mənfi təsirlərini minimallaşdırmaq və məşğulluğun qorunmasına dəstək məqsədilə pandemiyadan zərər çəkmiş sahələrdə çalışan vergi ödəyicilərinə işçi sayına münasibətdə bir aylıq əməkhaqqı fondu həcmində, fərdi (mikro) sahibkarların isə daha çox ehtiyacı olan hissəsinə təkrarən 250 manat həcmində maliyyə dəstəyi göstəriləcəkdir. Bunlarla yanaşı, Nazirlər Kabinetinin qərarı ilə 2020-ci il 1 aprel tarixindən 2021-ci il 1 yanvar tarixinədək sahibkarlar dövlət və bələdiyyə torpaq sahələrinin, hüquqi şəxslər və fərdi sahibkarlar (o cümlədən həmin kateqoriyadan olan sənaye məhəllələrinin iştirakçıları) dövlət əmlakının icarə haqqından azad edilir. İqtisadiyyat naziri, həmçinin, sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, pandemiyadan zərər çəkmiş sahələrə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə sahibkarlığın maliyyələşdirilməsi alətlərinin genişləndirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, sahibkarların dövlət zəmanətli krediti asan və şəffaf formada əldə etməsi üçün yaradılmış Elektron Kredit Platforması vasitəsilə artıq bir ay ərzində 12 milyon manatdan çox kredit verilməsi təsdiq edilib.

Bildirilib ki, hazırkı şəraitdə cəmiyyət, eləcə də sahibkarlar yaranmış yeni tələblərə uyğunlaşmalıdır. Pandemiyanın nə zaman bitəcəyi məlum deyil. Cəmiyyət yeni həyat tərzinə hazır olmalı, sahibkarlar da biznes fəaliyyətini yaranmış şəraitə uyğunlaşdırmalıdırlar. Qapalı məkanlarda maska taxılmalı, obyektlər mütəmadi olaraq dezinfeksiya edilməli, antiseptik vasitələrdən istifadə olunmalı, işçi heyətin maska və əlcəkdən istifadəsi təmin edilməli, vətəndaşların maskasız obyektlərə daxil olmasının və sıxlığın qarşısı alınmalı, fiziki məsafə qorunmalıdır. Yeni həyat tərzinin rəqəmsal həllərin tətbiqini tələb etdiyini deyən İqtisadiyyat naziri məsafəli xidmətin imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb. Ticarət və xidmət obyektləri yeni qaydalara nə qədər tez vərdiş etsələr, bu onların biznesi üçün bir o qədər səmərəli olar.

Görüşdə çıxış edən sahibkarlar yaranmış vəziyyətin onların fəaliyyətinə göstərdiyi mənfi təsirləri qeyd edib, istehsal və xidmət sektorlarında yeni qaydaların tətbiqinin təkcə sahibkarlardan deyil, eləcə də cəmiyyətin hər bir üzvündən asılı olduğunu bildirib, iqtisadi itkilərin aradan qaldırılması, iqtisadi fəallığın bərpası üçün dövlətdən əlavə dəstək gözlədiklərini diqqətə çatdırıblar. Biznesin fəaliyyətinin yeni, fərqli şəraitdə davam edəcəyini vurğulayan iş adamları bu çətin dövrdə dövlət-biznes əməkdaşlığının daha zəruri xarakter daşıdığını qeyd ediblər.

Görüşlə bağlı əvvəlcədən elan edilmiş e-mail ünvana sahibkarlardan çoxsaylı sual və təkliflər daxil olub, həmçinin tədbir zamanı əlavə təkliflər səsləndirilib. Müraciətlərin əsas hissəsi pandemiyadan zərər çəkmiş sahələrin əhatə dairəsinin genişləndirilməsi, vergi güzəştlərinin müddətinin uzadılması, vergi borclarının ödənilməsi üçün güzəşt müddətlərinin müəyyən edilməsi, sosial ödəmələr üzrə əlavə tətilin verilməsi, dövlət zəmanətli kreditlərin müddətinin uzadılması və s. məsələlərlə bağlı olub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov sahibkarların suallarını cavablandırıb, təkliflərlə bağlı fikirlərini bildirib. Görüşdə pandemiyanın özəl sektora təsirlərinin minimallaşdırılması, biznesin dirçəldilməsi və inkişafı yolları müzakirə olunub.