Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
“Bizdən Biznesə” startap müsabiqəsinin nəticələri açıqlanıb Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub “İnvestisiya səyahəti” tədbiri bu dəfə Masallıda 2024-cü ilin ən fəal sahibkarları mükafatlandırılıb KOBİA-da vətəndaş qəbulu keçirilib Göyçayda keçirilmiş "KOB FEST" sərgi-satış yarmarkası KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinin nəticələri açıqlanıb KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib Rəqəmsallaşmaya töhfə verən yeni startaplar
Azərbaycanda məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilib 20.05.19
Azərbaycanda məhkəmə-hüquq islahatlarının əsas istiqamətləri sahibkarlarla müzakirə edilib

Mayın 20-də “Məhkəmə-hüquq islahatlarının əsas istiqamətlərinin sahibkarlarla ictimai müzakirəsi” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, müzakirələrdə Birinci vitse-prezidentin köməkçisi Gündüz Kərimov, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev, ədliyyə nazirinin müavini Azər Cəfərov, Ali Məhkəmənin səlahiyyətli nümayəndələri və sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bildirib ki, "Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı ölkəmizin məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi məqsədi daşıyır. İslahatlar davam edir və yeni iqtisadi formasiyaya keçid bu islahatların daha dərin aparılmasını zəruri edir. O qeyd edib ki, dövlətimizin başçısının imzaladığı bu Fərman isə formalaşdırılmış məhkəmə-hüquq sisteminin daha da təkmilləşdirilməsi, səmərəliliyinin artırılması, ən mütərəqqi beynəlxalq təcrübənin tətbiqini nəzərdə tutur. ASK sədri Fərmanda Azərbaycanda sahibkarların şikayətlərinin daha çevik həll edilməsi, qərarların icrasının daha sürətli həyata keçirilməsi üçün özəl icra qurumunun yaradılmasının nəzərdə tutulduğunu qeyd edib. Eyni zamanda, elektron məhkəmə sisteminin əhatə dairəsinin genişləndirilməsi, məhkəmə işlərinə baxılmasında elektron resurslardan istifadənin səviyyəsinin yüksəlməsi, elektron imzanın tətbiqi sahələrinin artırılması məsələlərinin əksini tapdığı vurğulanıb. Bildirilib ki, bununla yanaşı, vergi, gömrük, sosial sığorta ödənişləri üzrə ixtisaslaşmış məhkəmələrin, sahibkarlıq subyektləri ilə bağlı məhkəmə mübahisələri üzrə alternativ həll mexanizmlərinin - arbitraj, mediasiya institutlarının tətbiqi mübahisələrin həllində çevikliyinin artırılması təmin olunacaq. Nəticədə proseslərin müddətinin uzadılmasının qarşısı alınacaq və şikayətlərə baxılma müddətləri azalacaq. Hazırda məhkəmələrin iş yükü çoxdur və yeni alternativ mexanizm və ixtisaslaşmış məhkəmələrin yaradılması bu iş yükünün azalması və daha qısa müddətdə, ixtisaslaşmış hakimlər tərəfindən baxılmasına imkan verəcək. Sabit məhkəmə praktikasının formalaşdırılması isə hüquq sisteminə inamın güclənməsinə səbəb olacaq. M.Musayev qeyd edib ki, Fərmanda Azərbaycan Sahibkarlar Konfederasiyasına tövsiyə edilmiş məsələlərlə bağlı sahibkarlardan, hüquqşünaslardan ibarət işçi qrup yaradılıb. Fərmanın icrası ilə əlaqədar Ədliyyə Nazirliyi yanında yaradılmış işçi qrupda da Azərbaycan Sahibkarlar Konfederasiyası da təmsil olunur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov çıxışında bu müzakirələrin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aparıldığını bildirək deyib: “Hesab edirik ki, ictimai müzakirələr Fərmanın səmərəli həyata keçirilməsinə dəstək olacaq və belə müzakirələr bundan sonra da davam etdiriləcək. Dövlət orqanları ilə sahibkarların münasibətlərinin institusionallaşması nəzərdə tutulur. 2019-cu ildə bir sıra islahatlar aparıldı və Vergi Məcəlləsindəki dəyişiklik növbəti addım üçün zəmin yaratdı. Növbəti addım isə məhkəmə-hüquq sistemində islahatların aparılmasıdır”. Gələn il Rəqabət Məcəlləsinin qəbulunun da paket məsələlər sırasına daxil edildiyini vurğulayan G.Kərimov mübahisələrin alternativ həll variantlarının yaradılmasının sahibkarlığın inkişafına kömək məqsədi daşıdığını bildirib. Birinci vitse-prezidentin köməkçisi 6 mindən çox üzvü olan Azərbaycan Sahibkarlar Konfederasiyasının tərkibində Mediasiya Məktəbinin yaradılmasını təklif edib, yerli arbitraj məhkəmələrinin fəaliyyətə başlamasının məhkəmələrin iş yükünü azaldacağını vurğulayıb.

Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri Vüsal İsayev bildirib ki, bu gün Azərbaycanda bütün sahələrdə islahatlar davam etdirilir. Azərbaycanda məhkəmə-hüquq sahəsində yeniliklərlə bağlı müvafiq Fərman imzalanıb. Prezident İlham Əliyevin məhkəmə islahatları ilə bağlı imzaladığı Fərmanda əsas istiqamətlərdən biri məhz sahibkarlığın inkişafına şərait yaratmaqdır. Son dövrlərdə həyata keçirilən islahatlar bunu deməyə əsas verir ki, məhkəmə-hüquq sistemində davam edən islahatların dəstəklənməsinə ehtiyac var. Bildirilib ki, Fərmanın əsas məqsədi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi, ədalət mühakiməsinə əlçatanlığın təmin olunması, məhkəmələrin nüfuzunun artırılmasıdır. Fərmanda hər bir sahə üzrə konkret tapşırıqlar verilib. Belə ki, cinayət mühakiməsi icraatı istiqamətində qanunvericiliyin humanistləşdirilməsinin davam etdirilməsi, prokurorluq və vəkilliklə bağlı konkret tapşırıqlar müəyyənləşdirilib.

Ədliyyə nazirin müavini Azər Cəfərov deyib ki, müzakirələrin əsasını təşkil edən həmin Fərman bilavasitə məhkəmə-hüquq sisteminin islahatı ilə bağlı olsa da, o, həm də bir sıra əlaqəli sahələrdə fəaliyyətin optimallaşmasına, özəl sektorun daha rahat fəaliyyət göstərə bilməsinə yönəlib. Nazir müavini bildirib ki, sahibkarlıq fəaliyyətinə əlverişli şəraitin yaradılması daim dövlətimizin diqqət mərkəzindədir. Son vaxtlar kiçik və orta sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, investisiya cəlbediciliyinin artırılması üçün xeyli işlər görülüb, bu sahədə qanunvericilik, dövlət dəstəyi mexanizmləri təkmilləşdirilib, idxal-ixrac, vergi, gömrük prosedurları sadələşdirilib. Bu yeniliklər “Doing Business”in sonuncu hesabatında nəzərə alınıb və ölkəmizin mövqeləri xeyli yaxşılaşıb. Hazırda Azərbaycan ən islahatçı 10 dövlət sırasındadır. Proses bununla səngiməyib, əksinə, daha intensiv qaydada davam edir. Dövlətimizin başçısının Sərəncamı ilə yaradılmış Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Xüsusi Komissiya, Komissiyanın tərkibində fəaliyyət göstərən 18 işçi qrup tərəfindən mövcud təcrübə və qanunvericilik həmin məqsədlər baxımından əsaslı şəkildə təhlil olunub, mütərəqqi və məhkəməyə çıxışı asanlaşdıran təkliflər hazırlanıb. Azər Cəfərov bildirib ki, bütün bu işlərin davamı olaraq Fərman, özəl sektor üçün də maraq kəsb edən bir sıra əlavə mühüm tədbirlər müəyyənləşdirib. Bununla yanaşı, Fərmanda verilmiş digər tapşırıqlara uyğun olaraq icra və məhkəmə ekspertizası fəaliyyətinin alternativ, o cümlədən özəl qurumlar tərəfindən həyata keçirilməsinə dair ən yaxşı və ölkəmiz üçün daha münasib təcrübə barədə təkliflər də hazırlanacaq. Bütün bunlar, özəl sektorun məhkəməyə əlçatanlığını xeyli asanlaşdıracaq.

Tədbirdə “Sahibkarların qanuni maraqlarının qorunması və məhkəmə hüquq islahatları” mövzusunda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin mühüm mandatlarından birinin də kiçik və orta biznes (KOB) subyektlərinin qanuni maraqlarının müdafiəsi olduğunu, bunun qurumun digər istiqamətlər üzrə fəaliyyətinin səmərəliliyinə birbaşa təsir etdiyini vurğulayıb. Bildirib ki, ötən illər ərzində məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar məhkəmə institutunun möhkəmləndirilməsində əhəmiyyətli nəticələrlə müşayiət edilib. Dövlətimizin başçısının Fərmanında da qeyd edildiyi kimi, ölkənin davamlı inkişafının təmin edilməsi istiqamətində bütün sahələrdə reallaşdırılan islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir. Bu baxımdan “Məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi” barədə Fərmanda əksini tapmış tədbirlər ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına və bunun nəticəsi olaraq, ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına xidmət göstərəcək əhəmiyyətli məsələləri əhatə edir. Orxan Məmmədov Fərmanda qeyd edilən məsələlərin sahibkarların hüquqlarının qorunması, KOB subyektlərinin problemlərinin həlli baxımından əhəmiyyətini diqqətə çatdırıb, hakimlərin sahibkarlıqla bağlı biliklərinin artırılmasına və bu sahədə Agentliyin təlim sisteminin potensialından istifadə imkanlarına, sahibkarlar üçün vahid məhkəmə təcrübəsi barədə maarifləndirici tədbirlərin keçirilməsinə, məhkəmə sistemində elektron kargüzarlığa keçidə, məhkəmə qərarlarının məzmununun sadələşdirilməsinə dair təkliflərini səsləndirib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov qeyd edib ki, Azərbaycanda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, sahibkarların hüquqlarının müdafiəsinin təmin olunması, biznes və investisiya mühitinin mükəmməl təşkili ilə bağlı dövlətimizin başçısının strateji qərarlarının icrası nəticəsində böyük nailiyyətlər əldə olunub.

Ali Məhkəmənin hakimi Xəqani Məmmədov vahid məhkəmə təcrübəsinin formalaşdırılması, ASK-nın baş katibinin müavini Xəqan Hümmətzadə sahibkarlıqla bağlı mübahisələrin həll edilməsi mexanizmlərinin səmərəliliyinin artırılması, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev məhkəmə qərarlarının icrasının alternativ mexanizmləri, Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə işçi qrupunun rəhbəri, hakim Ramin Qurbanov “Elektron məhkəmə” və “Elektron icra” informasiya sistemləri barədə təqdimatlarla çıxış ediblər.

Sonra özəl sektor nümayəndələri ilə açıq sual-cavab sessiyası keçirilib, sahibkarları maraqlandıran məsələlər barədə müzakirələr aparılıb.

Qeyd edək ki, 2019-cu il aprelinə olan məlumata görə, Azərbaycanda 996 min 296 sahibkarlıq subyekti fəaliyyət göstərir. Onlardan 133 min 541-i müəssisə və 862 min 755-i isə fərdi sahibkarlıq subyektidir. Azərbaycanda qeydiyyatda olan müəssisələrin 90,9 faizi və ya 121 min 336-sı xüsusi müəssisələrdir.

https://azertag.az/xeber/1284556

Powered by Froala Editor