Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub “İnvestisiya səyahəti” tədbiri bu dəfə Masallıda 2024-cü ilin ən fəal sahibkarları mükafatlandırılıb KOBİA-da vətəndaş qəbulu keçirilib Göyçayda keçirilmiş "KOB FEST" sərgi-satış yarmarkası KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinin nəticələri açıqlanıb KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib Rəqəmsallaşmaya töhfə verən yeni startaplar Sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası Göyçayda keçirilir
Ən çox verilən suallar

Hansı sahibkarlar mikro, kiçik və orta sahibkarlar hesab olunur?

CAVAB: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin yeni bölgüsü meyarları” təsdiq olunub. Bu meyarlara əsasən, sahibkarın mikro, kiçik, orta və iri sahibkar olduğu işçilərin orta siyahı sayı və illik gəliri əsasında müəyyən edilir. Mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan sahibkardır. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 3 milyon manatədək olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır. KOB subyektinin kateqoriyası bu meyarlardan hansı daha yüksəkdirsə ona əsasən təyin olunur. Məsələn, sahibkarlıq subyektinin işçilərinin sayı 5, illik gəliri isə 250 min manatdır. Burada işçilərin sayı mikro sahibkarlıq, illik gəlir isə kiçik sahibkarlığa uyğun gəlir. Bu halda illik gəlir əsas götürülməklə sahibkarlıq subyekti kiçik sahibkar hesab olunur.  

 

KOBİA hansı məqsədlə yaradılıb?

CAVAB: Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə ölkədə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi və səmərəli əlaqələndirmənin tətbiqi, kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması, maliyyə resurslarına KOB subyektlərinin çıxış imkanlarının genişləndirilməsi və institusional dəstək mexanizmlərinin formalaşdırılması, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi məqsədilə yaradılıb.

 

KOBİA tərəfindən sahibkarlara hansı xidmətlər göstərilir?

CAVAB: KOBİA tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə, eləcə də öz biznesini qurmaq istəyənlərə aşağıdakı istiqamətlərdə dəstək və xidmətlər göstərilir:

- KOB-ların biznes sahəsində bilik və bacarıqlarının artırılması istiqamətində  ödənişsiz biznes təlimlər (onlayn və oflayn formatda) keçir, informasiya və məsləhət xidməti, biznes planın hazırlanmasında, KOB-ların beynəlxalq ixtisasartırma proqramında iştirakına dəstək göstərir; 

- KOB evlərində sahibkarlara vahid məkanda dövlət və özəl qurumlar tərəfindən G2B və B2B xidmətlərin göstərilməsini təmin edir; 

- KOB-ların bazarlara çıxışına dəstək istiqamətində ixtisaslaşmış sərgilərdə (yerli və xarici ölkələrdə olmaqla) ödənişsiz olaraq KOB-ların məhsul və xidmətlərinin nümayiş olunmasına, ticarət şəbəkələrində və kobmarket.az platforması vasitəsilə KOB-ların məhsullarının satışına dəstək göstərir; 

- KOB-ların maliyyə resurslarına çıxışının dəstəklənməsi istiqamətində onların təhsil, elm, tədqiqar və dəstək layihələrinə qrant vəsaiti (20 min manata qədər) ayırır, daxili bazar araşdırmasının aparılmasını maliyyələşdirir, mikro və kiçik sahibkarlara vergi güzəştlərini nəzərdə tutan “Startap” şəhadətnaməsi verir, dövlətin mövcud maliyyə alətləri barədə KOB subyektlərini məlumatlandırır və onlara çıxışa dəstək göstərir;

- Sahibkarların qanuni maraqlarının müdafiəsinə dəstək olur və s. 


Öz biznesini qurmaq istəyənlər və fəaliyyətini genişləndirməkdə maraqlı olan KOB subyektləri hara müraciət etməlidir?

CAVAB: Öz biznesini qurmaq və mövcud sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən sahibkarlar KOBİA-ya və ya Agentliyin müxtəlif şəhər və rayonlarda fəaliyyət göstərən KOB dostlarına müraciət edə bilərlər. Agentlik tərəfindən biznesi planla, biznesə başla, biznesi işlət və biznesi inkişaf etdir mərhələləri üzrə sahibkarlara informasiya, məsləhət, biznes biliklərinin artırılması üçün təlim, dövlət və özəl qurumlarla əlaqələndirmə, hüquqi yardım, maraqların müdafiəsi, bazarlara və maliyyə resurslarına çıxış kimi istiqamətlərdə müxtəlif dəstək və xidmətlər göstərilir.  

 

Kiçik və orta biznesin dostu kimdir?

CAVAB: KOB dostları KOBİA-nın yerlərdəki nümayəndələridir. KOB dostları fəaliyyət göstərdikləri ərazilərdə sahibkarların biznes təşəbbüslərinin reallaşdırılmasına, sahibkar maraqlarının müdafiəsinə, yeni KOB subyektlərinin yaradılmasına və inkişafına, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırmaya, dövlət qurumları ilə əlaqələndirməyə dəstək göstərir. KOB-lar sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar yaşadıqları ərazi və ya coğrafi baxımdan onlara ən yaxın KOB dostu ofislərinə müraciət edə bilərlər. KOB dostu ofislərinin ünvanları və əlaqə vasitələri KOBİA-nın www.smb.gov.az saytında yerləşdirilib.

 

Kiçik və orta biznes evi (KOB evi) nədir?

CAVAB: KOBİA-nın strukturuna daxil olan KOB evləri sahibkarlara dövlət və özəl qurumlar tərəfindən zəruri xidmətlərin göstərildiyi vahid məkandır. KOB evlərinin əsas üstünlüyü sahibkarların biznes xidmətlərini vahid məkanda operativ alması, bununla da vaxtına və əməliyyat xərclərinə qənaət etməsi, sahibkarlara göstərilən xidmət səviyyəsinin ölçüləbilən olmasıdır. Hazırda Bakı, Yevlax və Xaçmaz şəhərlərində olmaqla ölkə üzrə 3 KOB evi fəaliyyət göstərir. KOB evlərində 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlara 300-dən çox adda xidmət təqdim olunur. Sahibkarlar biznesin qeydiyyatı, biznes fəaliyyəti üçün zəruri olan sənədlər (lisenziya, icazələr, mənşə sertifikatı, investisiya təşviqi sənədi, yükdaşımaları həyata keçirmək üçün icazə blankı, fərqlənmə nişanı, taxoqraf kartları və s.), vergi, gömrük, kommunal xidmətlərə qoşulma, qida təhlükəsizliyi, bank, sığorta, daşıma, notariat və s. kimi xidmətlər üçün KOB evlərinə müraciət edə bilərlər. KOB evlərində sahibkarlara göstərilən xidmətlərlə KOBİA-nın www.smb.gov.az saytından tanış olmaq olar.

 

KOB inkişafi mərkəzlərində sahibkarlara hansı xidmətlər göstərilir?

CAVAB: KOB inkişafı mərkəzləri KOBİA-nın struktur bölmələridir. Bu mərkəzlərdə öz biznesini qurmaq və genişləndirmək istəyən KOB-lara peşəkar təlimçi-ekspertlər tərəfindən müxtəlif mövzularda biznes təlimlər keçirilir, informasiya və məsləhət xidmətləri, biznes planın hazırlanmasında dəstək göstərilir. KOB inkişafı mərkəzləri tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. 

  

Daxili bazar araşdırması nədir?

CAVAB: Ölkədə rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması, yeni məhsul və xidmətlərin yaradılması üçün daxili bazar araşdırmalarının aparılması məqsədilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə informasiya və maliyyə dəstəyi göstərilir. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılanır. Orta sahibkarlıq subyektləri isə bu dəstək çərçivəsində ödənişsiz təlim və seminarlardan, informasiya dəstəyindən yararlana bilərlər. Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği 20 min manata qədərdir. Daxili bazar araşdırmalarının aparılması üçün dəstək tədbirləri KOBİA tərəfindən həyata keçirilir.

  

KOBİA tərəfindən startaplara hansı dəstəklər göstərilir?

CAVAB: KOBİA tərəfindən mikro və kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərə və fərdi sahibkarlara “Startap” şəhadətnaməsi verilir. “Startap” şəhadətnaməsi innovativ təşəbbüsə əsaslanaraq sahibkarlıq fəaliyyəti həyata keçirən mikro və kiçik sahibkarlıq subyektlərini bu fəaliyyətdən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

“Bakı KOB evi”ndə fəaliyyət göstərən Startap İnkişaf Mərkəzində layihəsi ideya mərhələsində olan startaplar üçün müxtəlif avadanlıqlardan ibarət ortaq iş məkanı yaradılıb. Mərkəzdə mütəmadi olaraq startaplar və investorların görüşləri, təlimlər, mentor və məsləhət xidmətləri təşkil olunur.

 

“Startap” şəhadətnaməsi nədir?

CAVAB: “Startap” şəhadətnaməsi - mikro və kiçik sahibkarlıq subyektlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən sənəddir. “Startap” şəhadətnaməsi almaq istəyən KOB subyektləri yazılı formada KOBİA-ya müraciət edə bilərlər. 

 

Sahibkarların təhsil, elm, tədqiqat və dəstək layihələri necə maliyyələşdirilir?

CAVAB: Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar biznes subyektlərinin təhsil, elm, tədqiqat və dəstək sahələrində layihələrinin maliyyələşdirilməsinə qrant vəsaiti ayrılır. Maliyyələşdirmə KOBİA tərəfindən il ərzində təşkil olunan müsabiqələr əsasında həyata keçirilir. Hər bir layihə üzrə maliyyələşdirmə məbləği 20 min manata qədərdir. 

 

KOB-ların satış imkanlarının genişləndirilməsi üçün KOBİA-nın hansı dəstək alətləri mövcuddur? 

CAVAB: Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərini tanıtmaq və bu yolla onların satış imkanlarını genişləndirmək üçün KOBİA tərəfindən KOB-ların ölkəmizdə və xaricdə keçirilən müxtəlif ixtisaslaşmış sərgilərdə ödənişsiz olaraq iştirakına dəstək göstərilir. KOBİA-nın dəstəyi və iştirakı ilə keçirilən sərgi və yarmarkalarda məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri Agentliyin rəsmi internet səhifəsində yerləşdirilmiş formanı doldurmaqla elektron qaydada müraciət edə bilərlər.

KOBİA tərəfindən mikro və kiçik sahibkarların istehsal etdiyi qida və qeyri-qida məhsullarının ticarət şəbəkələrində satışının həyata keçirilməsinə də dəstək göstərilir. Bu məqsədlə KOB-ların ticarət şəbəkələrinə çıxışına dəstək mexanizmi çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən iri ticarət mərkəzlərində 8 satış yeri ayrılıb. Qida və qeyri-qida məhsullarının iri ticarət şəbəkələrində satışını həyata keçirmək istəyən mikro və kiçik sahibkarlıq subyektləri KOBİA-ya müraciət edə bilərlər. 

 

KOB Model Müəssisəsi nədir?

CAVAB: Model müəssisə - kiçik və orta sənaye müəssisələrinin səmərəli və rəqabətqabiliyyətli olmasına imkan verəcək qənaətli idarəetmə üsullarına əsaslanan tədris və təcrübə mərkəzidir. Model müəssisənin xidmətlərindən istifadə etmək istəyən sahibkarlıq subyektləri sənaye istehsalı ilə məşğul olmalı, istehsalatda və istehsalatın idarə edilməsində müasir biliklərə yiyələnmək və tətbiq etmək istəyində olmalıdırlar. KOB Model Müəssisənin imkanlarından faydalanmaq istəyən sahibkarlar KOBİA-ya müraciət edə bilərlər. KOB Model Müəssisə tərəfindən sahibkarlara göstərilən bütün xidmətlər ödənişsizdir. 

 

Sahibkarlar üçün yaradılmış video təlim platforması nədir?

CAVAB: Video təlim platforması - mikro, kiçik və orta biznes subyektlərinin, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlərin və startapların biznes sahəsində biliklərinin və məlumatlığının artırılması, təlim ehtiyaclarının qarşılanması məqsədilə KOBİA tərəfindən yaradılıb. Bu platformada biznesə başla, korporativ hüquq, layihə idarəetməsi, maliyyə, satış, marketinq, turizm və ixrac prosesinin təşkili istiqamətləri üzrə 180 təlim videosu, hər bir mövzu üzrə təlim materialları və özünüqiymətləndirmə testləri yerləşdirilib. Platformadan istifadə ödənişsizdir. Biznes sahəsində biliklərini artırmaq istəyən KOB-lar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslər www.kobim.az saytının “Video təlim platforması” bölməsində qeydiyyatdan keçməklə video materiallardan faydalana bilərlər. 

 

“Almaniya ilə biznes əməkdaşlığı” Proqramı nədir?

CAVAB: Azərbaycan sahibkarlarının və menecerlərin biznes sahəsində beynəlxalq təcrübəyə yiyələnməsi, biznes biliklərinin və bacarıqlarının artırılması üçün Almaniya ilə biznes əməkdaşlığı Proqramı həyata keçirilir. Proqram çərçivəsində azərbaycanlı sahibkar və menecerlər onlayn və Almaniyanın qabaqcıl tədris mərkəzlərində oflayn təlimlərdə iştirak edir, şirkətlərdə təcrübə keçirlər. İştirakçıların seçimi Almaniya mütəxəssisləri tərəfindən müsabiqə əsasında aparılır. Proqramı uğurla başa vuran sahibkar və menecerlərə beynəlxalq sertifikat verilir. Proqramdan yararlanmaq istəyən sahibkar və menecerlər KOBİA-ya müraciət edə bilərlər.    

 

Kiçik və orta biznes klasteri (KOB klaster) nədir?

CAVAB: KOB klaster - eyni və ya bənzər sektorda, əlaqəli və bir-birini tamamlayıcı fəaliyyət sahələrinin müəyyən coğrafi bölgədə yerləşməsi ilə meydana gələn, ümumi infrastruktur, texnologiya, vahid bazar, işçi qüvvəsi və xidmətləri paylaşaraq qarşılıqlı iqtisadi əlaqələrin qurulması, birgə fəaliyyət imkanlarına malik olan KOB klaster şirkəti və iştirakçılarının əməkdaşlıq modelidir. KOBİA “KOB klaster şirkəti” və “KOB klasterin iştirakçısı” şəhadətnamələrini verən səlahiyyətli qurum olaraq müəyyən edilib. KOB klasterin yaradılması üçün kommersiya hüquqi şəxs müvafiq ərizə və ona əlavə edilmiş sənədlərlə birlikdə yazılı formada və ya elektron qaydada KOBİA-ya müraciət etməlidir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində “KOB klaster şirkəti” və “KOB klasterin iştirakçısı” üçün bir sıra vergi güzəştləri müəyyən edilib. Belə ki, KOB klaster şirkəti KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə mənfəət, KOB klaster fəaliyyətində istifadə olunan torpaqlara görə torpaq və KOB klaster fəaliyyətində istifadə olunan əmlaklara görə əmlak vergisindən, təsdiqedici sənəd əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün ƏDV-dən azaddır. KOB klasterin iştirakçısı olan şəxs isə 7 il müddətində KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal üzrə əldə etdiyi mənfəətin və ya gəlirin kapital xarakterli xərclərinin çəkilməsinə yönəldilən hissəsinin mənfəət və ya gəlir vergisindən azad olunur.  

 

İnvestisiya təşviqi sənədi nədir? 

CAVAB: İnvestisiya təşviqi sənədi - hüquqi şəxslərə və fərdi sahibkarlara Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda müəyyən edilmiş güzəştləri əldə etməyə əsas verən sənəddir. İnvestisiya təşviqi sənədini almış sahibkarlar 7 il müddətində mənfəət və gəlirin 50 faizinin vergisindən, əmlak və torpaq vergisindən, həmçinin idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə idxalda ƏDV-dən və idxal rüsumlarından azad edilir. Sahibkarlar investisiya təşviqi sənədi üçün İqtisadiyyat Nazirliyinə, eləcə də nazirliyin KOB evlərində fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət edə bilərlər. İnvestisiya təşviqi sənədi barədə ətraflı məlumatı KOBİA-nın 131 Çağrı Mərkəzindən öyrənmək olar.  

 

İnvestisiya portalı nədir? 

CAVAB: KOBİA tərəfindən Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin investisiya imkanlarını genişləndirmək məqsədilə investisiya portalı –www.invest.smb.gov.az yaradılıb. Portalda müxtəlif investisiya layihələri və biznes ideyalar yerləşdirilib. Biznes layihəsi olan, investor axtaran və mövcud biznesini satmaq istəyən sahibkarlar və startaplar, müxtəlif layihələrə yatırım etmək istəyən investorlar portalın imkanlarından istifadə edə bilərlər. Portaldan istifadə etmək üçün qeydiyyatdan keçmək lazımdır. Portalda məlumat yerləşdirilməsi ödənişsizdir. 

 

Sahibkarlar mediasiya dəstəyindən necə istifadə edə bilərlər?

CAVAB: Mediasiya - mübahisələrin neytral, qərəzsiz və işdə marağı olmayan üçüncü şəxslər tərəfindən məhkəməyədək alternativ həlli yoludur. Kommersiya mübahisələrinin həlli üçün də mediasiya effektiv metoddur. İşgüzar mübahisələrin mediasiya yolu ilə həll olunması vaxt itkisinin, əlavə xərclərin və kommersiya sirrinin yayılmasının qarşısını alır. Sahibkarlıq fəaliyyəti zamanı tərəflər arasında yaranan mübahisələrin məhkəməyə getmədən həlli məqsədilə biznes subyektləri Mediasiya Şurasına və ya “Bakı KOB evi”ndə fəaliyyət göstərən mediatorlara müraciət edə bilərlər.

 

"KOB könüllüləri" kimdir?

CAVAB: Gənclərin bilik və bacarıqlarının artırılmasına, əmək vərdişlərinə yiyələnmələrinə dəstək, eləcə də ölkəmizdə uğurla həyata keçirilən könüllü hərəkatına töhfə vermək məqsədilə KOBİA-da “KOB könüllüləri” Proqramı həyata keçirilir. “KOB könüllüləri” Agentliyin gündəlik iş prosesində yaxından iştirak etməklə təcrübə toplayır, öz bilik və bacarıqlarını artırırlar. Proqram hər biri 3 ay davam etməklə “KOB Master 1” və “KOB Master 2” mərhələlərindən ibarətdir. Proqramı başa vurmuş iştirakçılar qiymətləndirilir və fəaliyyəti məqbul sayılanlara müvafiq olaraq “KOB Master 1” və “KOB Master 2” sertifikatları təqdim edilir. “KOB Master 2” mərhələsinə müraciət etmək üçün “KOB Master 1” pilləsi üzrə sertifikatın olması şərtdir. 3 aylıq könüllü fəaliyyətinin sonunda "KOB könüllüləri"nə sertifikatlar verilir. 

KOBİA-da könüllü olmaq üçün www.smb.gov.az saytında "KOB könüllüsü ol" bölməsində qeydiyyatdan keçmək lazımdır. Bu bölmə vasitəsilə daxil olan müraciətlər dəyərləndirilir və Agentliyin tələblərinə cavab verən namizədlər könüllü ehtiyacına uyğun olaraq mərhələli şəkildə müsahibə mərhələsinə dəvət olunurlar.

 

KOBİA-da işə qəbul necə həyata keçirilir?

CAVAB: KOBİA-da vakant iş yeri olduqda bu barədə www.smb.gov.az saytında və sosial media hesablarında namizədə dair tələblər, müraciət qaydası və s. göstərilməklə məlumat verilir. Həmçinin, gələcəkdə Agentlikdə yarana biləcək vakant iş yerlərinə işə qəbul zamanı nəzərə alınması üçün maraqlı şəxslər CV-lərini Agentliyin hr@smb.gov.az ünvanına göndərə bilərlər.


Powered by Froala Editor