Azərbaycanda innovativ texnologiyalar və rəqəmsal həllər təqdim edən yeni nəsil startap ekosistemi sürətlə genişlənir. Təhsildən kibertəhlükəsizliyə, tədbir idarəçiliyindən biznes proseslərinin avtomatlaşdırılmasına və əmək bazarına qədər müxtəlif sahələri əhatə edən yerli layihələr təkcə ölkə daxilində böyüməyi deyil, regional və qlobal bazarlara çıxış imkanlarını da nəzərdən keçirirlər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Startap” şəhadətnaməsi vasitəsilə yaradılan vergi güzəştləri bu layihələrin məhsul inkişafını sürətləndirməyə və süni intellektlə (Sİ) funksiyalarını zənginləşdirməyə kömək edir.
“vergiler.az” innovativ həlləri ilə diqqət çəkən, yaxın tarixdə “Startap” şəhadətnaməsi alan perspektivli layihələrin təsisçiləri ilə həmsöhbət olub, onların qazandıqları uğurları, gələcək hədəflərini və ekosistemə gətirdikləri yenilikləri öyrənib.
Süni intellekt əsaslı karyera-yönləndirmə platforması
“Yolutap” gənclərin peşə seçimini intuisiya əvəzinə elmi və obyektiv əsaslarla reallaşdıran süni intellekt platformasıdır. Təsisçi Cavid Kazımovun sözlərinə görə, layihə şagird və tələbələrə güclü tərəflərini, maraqlarını və uyğun peşə istiqamətlərini aydın göstərir. Eyni zamanda valideynləri obyektiv məlumatla təmin edir, məktəblərə, müəllimlərə və psixoloqlara isə hazır karyera-yönləndirmə aləti təqdim edir.
Platforma artıq real təhsil mühitində tətbiq olunub. Belə ki, Azərbaycan Avropa Məktəbi 500 şagirdi üçün “Yolutap”ı seçib. Məhsul Azərbaycan, rus və ingilis dillərində, 5 fərqli yaş qrupu üzrə tam işlək vəziyyətdədir. Layihənin beynəlxalq elmi metodologiyaya dayanması və ilk gündən üçdilli qurulması regional genişlənməni asanlaşdırır. Beynəlxalq bazarlara çıxış çərçivəsində artıq Gürcüstan məktəbləri ilə danışıqlar başlayıb.
Hazırda komanda təhsil müəssisələri üçün həlləri genişləndirməyə fokuslanıb. Əsas hədəflər hesabatlılığı dərinləşdirmək, süni intellekt modellərini təkmilləşdirmək, əhatə olunan dil və yaş qruplarını artırmaqdır.
Layihənin təsisçisinin sözlərinə görə, “Startap” şəhadətnaməsi ilə qazanılan rəsmi status layihəyə olan etimadı artırır. Digər tərəfdən, şəhadətnamənin verdiyi vergi güzəştləri erkən mərhələdə maliyyə yükünü azaldaraq resursları birbaşa məhsulun inkişafına yönəltməyə imkan verir və planlaşdırılan addımları daha sürətlə reallaşdırmağa şərait yaradır. Güzəşt hesabına qənaət olunan vəsait, ilk növbədə, məhsulun inkişafına, məzmunun dillər üzrə lokalizasiyasına, süni intellekt və araşdırma istiqamətinə, həmçinin məktəblərlə əməkdaşlığın genişləndirilməsinə yönəldiləcək.
Ənənəvi dəvətnamələrə son: tədbir idarəetməsində yeni mərhələ
Toylar, doğum günləri və korporativ tədbirlər üçün kağız dəvətnamələr, qonaqların tək-tək axtarılması və masa xaosu geridə qalır. “Startap” şəhadətnaməsi almış “Invitation.az” layihəsi tədbirlər üçün rəqəmsal dəvətnamə, interaktiv bilet satışı və qonaq idarəetmə ekosistemi təqdim edir.
Həmtəsisçilər Eyvaz Cəfərov və Elvin Məsimovun bildirdiyinə görə, platforma məkana naviqasiya (Waze/Google Maps), masalara bölgü və unikal QR biletlərlə sürətli keçidi təmin edir. Şirkət B2B tərəfdaşlar və şadlıq saraylarına fərdi veb-sayt konstruktoru da təklif edir.
Qısa müddətdə 1500-dən çox tədbir idarə olunub və 100.000-dən artıq qonağa dəvətnamə çatdırılıb. John Patterson, Networking Azerbaijan, eləcə də böyük avtomobil təqdimatları və forumlar üçün xüsusi 3D dəvətnamə, bilet satışı və QR check-in sistemləri tətbiq edilib.
3 dildə fəaliyyət göstərən və beynəlxalq ödəniş sistemlərinə (Apple Pay, Google Pay, Stripe) inteqrasiya olunan platforma Türkiyə, Gürcüstan və Mərkəzi Asiya bazarlarına çıxmağı hədəfləyir.
Süni intellekt istiqamətində isə yaxın zamanda səs və ya mətnlə dəvətnamə quran Sİ agentləri, Sİ video-dəvətnamələr və tədbir fotolarından avtomatik video-çarxlar (Reels/Highlights) hazırlayan funksiyalar istifadəyə veriləcək. B2B tərəfdaşlar üçün mobil tətbiq ekosistemi də genişləndiriləcək.
Həmtəsisçilər “Startap” şəhadətnaməsini layihənin innovativliyinin və rəqəmsal iqtisadiyyatın inkişafına verdiyi töhfənin dövlət səviyyəsində rəsmi təsdiqi kimi qiymətləndirirlər. Onların sözlərinə əsasən, bu status layihənin yerli və xarici investorlar, eləcə də iri B2B tərəfdaşlar qarşısında etibarlılığını artıracaq və yeni inkişaf imkanları yaradacaq.
Şəhadətnamənin yaratdığı imkanlar çərçivəsində qənaət olunan vəsaitin iki əsas istiqamətə yönəldilməsi nəzərdə tutulur. Vəsaitin bir hissəsi süni intellekt alqoritmlərinin təkmilləşdirilməsinə və server infrastrukturunun genişləndirilməsinə, digər hissəsi isə beynəlxalq marketinq fəaliyyətlərinə, o cümlədən xarici bazarlarda istifadəçi cəlbinə və regional tərəfdaşlıq şəbəkəsinin qurulmasına sərf olunacaq.
Maliyyə sektorunda risk və komplayens idarəçiliyi rəqəmsallaşır
“GRC LAB” banklar, BOKT-lar, sığorta və fintex şirkətləri, eləcə də telekommunikasiya operatorları üçün xüsusi hazırlanmış Azərbaycanın ilk GRC (Governance, Risk & Compliance - İdarəetmə, Risk və Uyğunluq) SaaS platformasıdır.
Mərkəzləşdirilmiş platforma tənzimlənən qurumların komplayens, daxili audit və risk idarəetməsi şöbələrinin işini asanlaşdırmağa hesablanıb. Layihənin təsisçisi Şövqi Abdullazadə deyir ki, komandalar artıq normativ tələblərə uyğunluğu mürəkkəb “Excel” cədvəlləri və sonsuz e-poçt yazışmaları ilə deyil, vahid, izlənilə bilən və hesabatlı sistem üzərindən idarə edirlər. Bu da daxili audit heyətinin və müstəqil auditorların vaxtına və resurslarına ciddi qənaət imkanı verir.
Platforma 14 fərqli modulu əhatə edir. Sistem həm bulud (cloud), həm də lokal (on-premise) quraşdırma imkanı ilə təqdim olunur.
Məhsul artıq real müştərilərlə uğurla sınaqdan keçib. Alfa Kapital BOKT və ASEL Group/Alpara kimi maliyyə sektoru nümayəndələrinə informasiya təhlükəsizliyi auditi və penetrasiya testi xidmətləri göstərilib. Eyni zamanda, Mərkəzi Bankın tələblərinə uyğunluğu avtomatlaşdıran və idarəetmə panelinə (dashboard) inteqrasiya olunan texniki nəzarət skan sistemi hazırlanıb. Bu həll əl ilə aparılan yoxlama proseslərini əhəmiyyətli dərəcədə sürətləndirir.
Ş.Abdullazadənin sözlərinə əsasən, "GRC LAB" üçün prioritet istiqamət lokal bazarda mövqeyini möhkəmləndirməkdir. Bununla yanaşı, platforma modul əsaslı arxitekturaya malikdir. Məhz bu struktur gələcəkdə hər bir ölkənin öz tənzimləyici çərçivəsini ayrıca modul kimi sistemə əlavə etməyə və Mərkəzi Asiya, Gürcüstan kimi oxşar region bazarlarına çıxmağa şərait yaradır. Komanda bu istiqamətdə artıq Özbəkistan Mərkəzi Bankı ilə də bir neçə təqdimat görüşü keçirib.
Yaxın dövrdə şirkət mövcud 14 modulun funksiyalarını genişləndirməyi və xüsusilə kibertəhlükəsizlik istiqamətini gücləndirməyi planlaşdırır. Bundan əlavə, təhlükəsiz proqram təminatının hazırlanmasına nəzarət edən modul və süni intellektlə dəstəklənən kod təhlili funksiyaları təkmilləşdiriləcək. Şirkət eyni zamanda IT distribütorları və resellerlərlə əməkdaşlıq şəbəkəsini genişləndirməyi də nəzərdən keçirir.
Təsisçinin sözlərinə əsasən, "Startap" şəhadətnaməsi layihəyə iki böyük üstünlük verir. Rəsmi tanınma maliyyə sektoru kimi mühafizəkar bir sahədə müştərilər və tərəfdaşlar qarşısında etibarlılığı artırır. Təqdim olunan vergi güzəştləri isə məhdud resursları məhsulun inkişafına yönəltməyə imkan yaradır. Qənaət edilən vəsait platformanın infrastrukturunu gücləndirməyə, xüsusilə kibertəhlükəsizlik modulu üzrə texniki heyəti genişləndirməyə və Mərkəzi Bankın tənzimlədiyi 22 bank ilə 53 BOKT-u əhatə edən satış fəaliyyətlərini aktivləşdirməyə sərf olunacaq.
İşləri yüngülləşdirəcək rəqəmsal planlama köməkçisi
“Be Positive Life Planner” tələbələr, sahibkarlar və frilanserlər üçün gündəlik işləri planlamağa, tapşırıqları vaxtında icra etməyə və məhsuldarlığı izləməyə şərait yaradan yeni mobil tətbiqdir. Layihənin təsisçisi Ələmdar Manafovun sözlərinə görə, ideyanı real və işlək mobil məhsula çevirmək, eləcə də dayanıqlı biznes modelini formalaşdırmaq komandanın ilk böyük uğurudur.
Tətbiq ilkin mərhələdə Azərbaycan və ingilisdilli auditoriyanı hədəfləyib. Növbəti addımda isə çoxdilli versiyaları təqdim etmək və beynəlxalq marketinq strategiyasını işə salmaqla ABŞ və Avropa bazarlarına çıxmaq nəzərdə tutulur. Təsisçi vurğulayır ki, gələcək hədəflərdən biri tətbiqi adi tapşırıq menecerindən ağıllı şəxsi planlama köməkçisinə çevirməkdir. Bu istiqamətdə yaxın zamanlarda süni intellekt əsaslı yeni funksiyaların inteqrasiyası planlaşdırılır.
Layihənin əldə etdiyi “Startap” şəhadətnaməsi məhsulun innovativ biznes kimi tanınması və inkişafı üçün əlverişli zəmin yaradıb. Bu status gələcəkdə investisiya cəlb etməyi, strateji tərəfdaşlıqları və beynəlxalq əməkdaşlığı asanlaşdıracaq. Şəhadətnamənin təmin etdiyi vergi güzəştlərindən formalaşan maliyyə resursları isə birbaşa məhsulun texniki inkişafına, süni intellekt texnologiyalarına, beynəlxalq marketinq kampaniyalarına və komandanın genişləndirilməsinə yönəldiləcək.
https://vergiler.az/news/article/40560.html
Powered by Froala Editor