Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlarla növbəti görüş Ağcabədi rayonunda təşkil olunub İdeyadan reallığa: yeni nəsil startaplar parlaq gələcək vəd edir Sahibkarların “yaşıl layihə”lərinin maliyyələşdirilməsinə dəstək üçün 450 min manat həcmində qrant ayrılıb Azərbaycan startapı sərhədləri aşır: “CLIMASEL” xarici investorların diqqət mərkəzində... Klasterləşmə təşəbbüsü olan sahibkarların nəzərinə! Biznesin inkişaf etdirilməsi ilə bağlı İmişlidən olan sahibkarların təklifləri dinlənilib İxracla məşğul olan sahibkarlar üçün təlimlərə start verilib 7 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı 7-ci qrant müsabiqəsi elan edilir KOBİA nümayəndələri “WCF Africa 2025” Sammitində iştirak edib
İdeyadan reallığa: yeni nəsil startaplar parlaq gələcək vəd edir 21.04.25
İdeyadan reallığa: yeni nəsil startaplar parlaq gələcək vəd edir

İnnovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə 3 il mənfəət və ya gəlir vergisindən azad olunan mikro və kiçik sahibkarların sayı 206-ya çatıb. Vergi güzəşti nəzərdə tutan “Startap” şəhadətnaməsini almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasına 9 müraciət daxil olub və Şuranın qərarı ilə daha 7 sahibkar güzəştlərdən yararlanmaq haqqı qazanıb. Lakin bu da son deyil, çünki layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektlərinin hələ də sözügedən şəhadətnaməni almaq üçün KOBİA-ya müraciət etmək şansı var. “vergiler.az” güzəşt sənədini yeni alan startapçılarla həmsöhbət olub.

Süni intellektlə xarici dil öyrənmək asanlaşır

“NovaLingua” süni intellekt əsaslı dil imtahanlarına hazırlıq platformasıdır. Şahmar Ağayev, Tofiq Rəhimov və Murad Məsimovun birgə ərsəyə gətirdikləri sayt IELTS, TOEFL, TestDaF və digər beynəlxalq dil imtahanlarına hazırlaşanların işlərini asanlaşdıracaq. İmtahana yazılan şəxslər platformaya üz tutaraq simulyasiya imtahanında özlərini sınaya, avtomatik qiymətləndirmədən keçə və ən əsası, fərdi geridönüş əldə edə bilərlər.

“NovaLingua” həm müəllimlərin, həm də tələbələrin vaxtına və resurslarına qənaət etməyə imkan verir. Artıq müəllimlərin saatlarla yorucu qiymətləndirmə aparmasına ehtiyac qalmayacaq, bu işləri süni intellekt bir neçə saniyədə görəcək və nəticələri istifadəçinin qarşısına çıxaracaq. Bununla da müəllim hər tələbənin zəif nöqtələrini bir neçə dəqiqə ərzində təyin edə və növbəti dərs günü üçün tapşırıqlarını müəyyənləşdirə biləcək. Tələbələr istədikləri vaxt məkan fərqi olmadan imtahan simulyasiyalarını işləyə və nəticələrini dərhal görə bilərlər. Yəni bu o deməkdir ki, tələbənin etdiyi səhvləri görmək üçün növbəti dərsi gözləməyə ehtiyac yoxdur.

“NovaLingua”nın ən diqqətçəkici tərəfi yüksək dəqiqliklə işləyən avtomatik qiymətləndirmə sistemidir. Digər platformalardan fərqli olaraq, burada həm danışıq, həm də yazılı cavablar analiz edilir, şəxsin hansı bölmədə zəif olduğu müəyyənləşdirildikdən sonra ona uyğun materiallar da təqdim edilir. Üstəlik, tələbələrin inkişafını rahatlıqla izləmək üçün müəllimlərin daxil ola biləcəyi ayrıca panel də yaradılıb. Gələcəkdə platformaya daha çox dil üzrə modullar (fransız, alman, ispan və s.) əlavə edilməsi planlaşdırılır. Yeniliklər bununla da bitmir. Bəzi sertifikatlı proqramlar da buraya inteqrasiya ediləcək ki, bu da saytın funksionallığını iki dəfə artırmış olacaq.

Vebsaytdan əlavə, IOS və Android sistemləri vasitəsi ilə də “NovaLingua”ya əlçatanlıq təmin edilib. Platforma heç bir marketinq fəaliyyəti olmadan minə yaxın istifadəçini öz ətrafında toplaya bilib.
 Komandanın üzvləri bildiriblər ki, vergidən 3 il azad olmaqla qənaət ediləcək məbləği texnologiyanın inkişafına yönəltməyi hədəfləyirlər. Komandanın genişləndirilməsi də başlıca məqsədlər sırasındadır.

Azərbaycanın ilk B2B “insurtech” platforması

Bu layihə sığorta agentləri və şirkətləri üçün nəzərdə tutulub. Platforma vasitəsilə agentlər müxtəlif sığorta məhsullarını müqayisə edə, ən uyğun təklifləri formalaşdıraraq müştərilərə daha çevik və şəffaf xidmət göstərə bilirlər. Bu layihə agent idarəetmə sistemləri, aktuari işlərinin avtomatlaşdırılması və digər “insurtech” həllərini daha əlçatan edir. Startapın müəllifi Hikmət Salmanlı bildirib ki, ərsəyə gətirdikləri platforma satış, müqayisə, sənədləşmə və hesabat proseslərini avtomatlaşdırmaqla bərabər, müştəri portfellərinin idarə olunması üçün bütün lazımi funksiyaları özündə birləşdirən “CRM” modulu təqdim edir ki, bu da vaxta qənaət və daha keyfiyyətli xidmət göstərməyə imkan verir.

Azərbaycanın ilk B2B “insurtech” platforması olan “Poolin Insurtech” sadəcə satış prosesini deyil, sığorta şirkətlərinin daxili əməliyyatlarını da optimallaşdıran kompleks texnoloji həllər təqdim edir. Layihənin müəllifi H.Salmanlının sözlərinə əsasən, hazırda süni intellekt əsaslı sığorta məsləhətçisi və analitik modullar üzərində işləyirlər. Lakin bu, yenilikərin bir qismidir, çünki risklərin idarə olunması və aktuari hesabatlarının avtomatlaşdırılmasını dəstəkləyən platformanın yaradılması hədəflər sırasına daxildir. Yaxın zamanda platformanın mobil tətbiqi də olacaq və bunun üzərində iş gedir. Tətbiqin imkanlarından istifadə etməklə agentlər istənilən yerdə məhsulları müqayisə edib müştərilərə dərhal təklif göndərə biləcəklər. Mobil əlavə yeni imkanlarla zənginləşdiriləcək və aktuari və analitik funksiyaların tətbiqə inteqrasiyası olacaq. H.Salmanlı hesab edir ki, “Startap” şəhadətnaməsinin təqdim etdiyi vergi güzəştləri erkən mərhələdə layihənin inkişafına ciddi təkan verir. Bu, resurslara qənaət etməyə və diqqəti əsas prioritetlərə – məhsulun inkişafına, komanda quruculuğu və bazar genişlənməsinə yönəltməyə imkan yaradır. Layihə artıq bir neçə inkubasiya proqramının diqqət mərkəzindədir və bu sahənin mütəxəssisləri yeniliyi müsbət qarşılayırlar.

Ömürboyu aldığın tibbi xidmətlərlə bağlı məlumatlar əlinin altında

Artıq vətəndaşların tibblə əlaqəli heç bir kağız sənəd, resept daşımasına və onu evdə saxlamasına ehtiyac qalmayacaq. Çünki tibbi xidmətlərin qeydiyyatı, analizi və nəzarət platforması olan “Aprimus”da vətəndaşa göstərilən bütün xidmətlər toplanacaq. Vətəndaş istədiyi vaxt kompüter və ya telefonundan şəxsi kabinetinə daxil olaraq ömürboyu faydalandığı tibbi xidmətlərlə tanış ola biləcək. Bu yenilik sayəsində həkimin məlumatlarını, əlaqə vasitələrini, köhnə rentgen kağızlarını da qoruyub saxlamaq keçmişdə qalır, çünki belə zəruri məlumatlar da platformada depolanacaq. Bir sözlə, illər keçsə də, vətəndaşın nə zamansa faydalandığı tibbi xidmətlərlə bağlı bütün detallara platformadan əlçatanlıq təmin olunur.

Hazırda platformanın istifadəyə verilməsi üçün ümumi təkmilləşdirmə işləri aparılır. Test mərhələsi uğurla başa çatdıqdan sonra tibbi arsenal və klinikalarla işbirliyinə başlanılacaq. Digər tərəfdən, müvafiq qurumlarla hüquqi məsələlərin tənzimlənməsi də həllini gözləyən məsələlərdəndir.

Biznesin şəffaf və data əsaslı işləməsinə dəstək

“Remart” - yaşayış kompleksləri üçün onlayn satış və biznes proseslərini idarəetmə platforması kimi mənzil satışı ilə məşğul olan tikinti şirkətləri üçün satış modulu təqdim edir. Startapın həmtəsisçisi Əlimədət Əlimədətli deyir ki, platforma daxilində müştərilər məlumatlar idarə edə, müqavilələr hazırlaya, qaimələr bağlaya, maliyyə əməliyyatlarını idarə edə, hesabatlar çıxara və izləyə bilərlər. Hazırda Azərbaycanda 10-dan çox, qonşu Gürcüstanda isə 1 tikinti şirkəti ilə əməkdaşlıq edilir. Layihə spesifik sahəni hədəfləyən bir satış modulu olduğu üçün proseslər avtomatlaşdırılıb ki, bu da həm müəssisədaxili problemli halların yaranmasının qarşısını alır, həm də proseslərin sürətli və effektiv getməsinə kömək olur. Yaxın zamanda funksionallığı artırmaq üçün platformada süni intellektin tətbiqi də nəzərdən keçirilir. Ə.Əlimədətlinin sözlərinə görə, bütün bu yeniliklər biznesin daha şəffaf və data əsaslı işləməsini təmin edəcək.

Startap müəllifi 3 il mənfəət və ya gəlir vergisindən azadolma ilə bağlı danışarkən vurğulayıb ki, qənət ediləcək məbləğ texnoloji inkişafa və komandaya yeni işçilər cəlb etməyə xərclənəcək.

Avtomobilinizi sürətli şarj etmək bir klik qədər yaxın

“TOKAZ” tətbiqi elektrik avtomobili sahiblərinin ürəyincə olacaq yeniliklə qarşımıza çıxır. Tətbiq sürücülərə öz elektrik avtomobillərini sürətli şəkildə doldurmağa, xəritədə enerjidoldurma məntəqələrini asanlıqla tapmağa, onları rezerv etməyə və enerji sərfiyyatı hesabatlarını almağa imkan verir. Platformanın interfeysi vasitəsilə elektrikli avtomobilin doldurulması prosesini idarə etmək də mümkündür. Bir sözlə, sükan arxasında olanlar tətbiqdən istifadə etməklə daha güclü stansiyalarla tanış ola və sürətli enerji toplayaraq vaxtlarına qənaət edə biləcəklər.

Layihə müəllifi Sərdar Əsədov deyir ki, “Startap” şəhadətnaməsi almaq mobil tətbiqi inkişaf etdirmək barədə yaxşı planlar qurmağa motivasiya edir, digər tərəfdən, layihəni daha da irəliyə aparmaq üçün komandaya ehtiyac var ki, vergi güzəştləri bütün bu planları gerçəkləşdirməyə imkan verir. Yaşıllaşan dünyaya töhfə verməyi hədəfləyən həmsöhbətimiz vurğulayır ki, tətbiqi yaratmaqda əsas məqsəd karbon emissiyalarının sıfıra endirilməsinə az da olsa dəstək verməkdir.

İdeyanı sat, investisiya cəlb et

Fərdi sahibkar Bəhruz Qədirovun yaratdığı “ideamarket.az” platforması ideyası olan və bu ideya ilə qazanmaq istəyənlərin ürəyincə olacaq. Belə ki, sayt vasitəsilə müəlliflər ideyalarını icraçılara və ya şirkətlərə sata, onlara sponsor və ya investisiya cəlb edə biləcəklər. Üstəlik, platforma vasitəsilə ideyaları rellaşdırmaq üçün ixtisaslı komanda tapmaq da əlçatan olacaq. Saytdan istifadə etməklə müəlliflər və icraçılar həm vaxtlarına, həm də xərclərinə qənaət edəcəklər. B.Qədirov daha aydın olsun deyə, belə bir örnək göstərir: “Televiziyada yayımlanacaq layihəyə sponsor axtaranda əvvəlcə şirkətin marketinq şöbəsi ilə, daha sonra rəhbərliyi ilə uzun danışıqlar və görüşlər həyata keçirilməlidir. Bəzən bu danışıqlar o qədər vaxt aparır ki, layihə aktuallığını itirir. Sayt bu kimi problemləri həll etməyə hesablanıb. Müəlliflər istədikləri şirkətlərə birbaşa müraciət edəcək, icraçılar isə müəlliflərlə görüşmədən ideya haqqında bütün məlumatları alacaq və onları cavablandıra biləcəklər. Həmçinin, müəlliflər bir kliklə ideyalarını bir neçə şirkətə və ya icraçıya göndərə biləcəklər”.

Startapçının sözlərinə görə, layihənin ən cəlbedici tərəfi çox sayda ideyaların bir yerdə toplanmasıdır ki, bu da icraçılarda marağı artıracaq. Sözsüz ki, heç kim saatlarla kompüter arxasında əyləşib yüzlərlə saytda axtarış etmək istəməz, bunu nəzərə alan “ideamarket.az” xeyli sayda ideyaya giriş imkanı verəcək. Saytın üstünlüklərindən biri də ideyaların təhlükəsiz formada icraçılara çatdırılmasıdır. Bütün əməliyyatlar şəffaf və təhlükəsizdir. İndiki mərhələdə saytın tətbiqi yoxdur, amma bu, ən aktual məsələlərdəndir.

Həmsöhbətimiz bildirir ki, hazırda saytın tanıdılmasına və buraya yeni funksiyaların əlavə olunmasına, bəzi innovativ yeniliklərin gətirilməsinə ehtiyac var. Bu baxımdan, 3 il mənfəət vergisindən azad olunmaqla qənaət ediləcək məbləğ bu kimi vacib işləri tez bir zamanda həll etməyə kömək olacaq. Artıq test mərhələsini tamamlayan saytın yaxın zamanda tanıdılmasına başlanacaq.

 

Powered by Froala Editor