Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub “İnvestisiya səyahəti” tədbiri bu dəfə Masallıda 2024-cü ilin ən fəal sahibkarları mükafatlandırılıb KOBİA-da vətəndaş qəbulu keçirilib Göyçayda keçirilmiş "KOB FEST" sərgi-satış yarmarkası KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinin nəticələri açıqlanıb KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib Rəqəmsallaşmaya töhfə verən yeni startaplar Sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası Göyçayda keçirilir
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb 25.09.20
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Oktyabrın 9-da Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında sahibkarların hüquqlarının müdafiəsi sahəsində əməkdaşlığa və qarşılıqlı fəaliyyət göstərilməsinə dair anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıblar.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında hər iki qurumun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə keçirilən mərasimdə çıxış edən Baş İdarənin rəisi Kamran Əliyev iki qurum arasında imzalanan əməkdaşlıq memorandumunun əhəmiyyətinə toxunub. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan siyasi, iqtisadi və institusional islahatların maliyyə intizamının gücləndirilməsi, şəffaflığın və hesabatlılığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsində dövlət orqanları və digər qurumlarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Kamran Əliyev memorandumun imzalanmasının istər tərəflər arasında sahibkarlığın inkişafına əngəl törədə biləcək korrupsiya hüquqpozmalarının aşkarlanması və araşdırılması, istərsə də başqa əməkdaşlıq istiqamətləri baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib, sənədin cəmiyyətin və dövlətin maraqlarına xidmət edəcəyinə əminliyini bildirib. Sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin daha da gücləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci il 8 iyul tarixli iclasında verdiyi tapşırıqları xatırladan Kamran Əliyev bu mühüm sahədə tərəflərin qanunla müəyyən edilmiş tələblər səviyyəsində qurulacaq birgə fəaliyyətinin dövlətimizin başçısının göstərişlərinin icrasına ciddi töhfə verəcəyini vurğulayıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxış edərək ölkəmizdə kiçik və orta biznesin inkişafını stimullaşdıran tədbirlərin sistemliliyi, dövlət tənzimlənməsinin liberallaşdırılması və dövlət-sahibkar münasibətlərinin institusionallaşdırılması kimi mühüm komponentləri əhatə edən əlverişli hüquqi zəminin və sağlam iqtisadi mühitin yaradılmasının sevindirici hal olduğunu qeyd edib.

Orxan Məmmədov dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən mütərəqqi sosial-iqtisadi və hüquqi islahatlar çərçivəsində rəhbəri olduğu qurum qarşısında mühüm vəzifələrin qoyulduğunu vurğulayıb. O, agentlik tərəfindən ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, onlara müvafiq xidmətlərin göstərilməsi, habelə dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsinin və tənzimlənməsinin həyata keçirilməsi zamanı ortaya çıxa biləcək hər növ qanun pozuntularının qarşısının alınması istiqamətində Baş İdarə, eləcə də digər aidiyyəti dövlət qurumları ilə əməkdaşlığın bu sahənin inkişafına xidmət edəcəyini deyib, birgə fəaliyyətin daha da genişləndirilməsi üçün bütün səylərin səfərbər olunacağını bildirib.

Tədbirdə məlumat verilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müasir siyasi və iqtisadi idarəetmə metodlarının vəhdəti şəklində həyata keçirilən dayanıqlı islahatlar kursunun prioritetlərindən biri kimi ölkəmizdə biznes və investisiya mühitinin təkmilləşdirilməsi prosesində böyük nailiyyətlər əldə olunur. Bu istiqamətdə göstərilən siyasi iradənin məntiqi nəticəsi kimi, respublikamızın yerli və xarici sahibkarlar üçün əlverişli məkana çevrilməsi dünya birliyi tərəfindən təqdirəlayiq hal kimi qiymətləndirilməklə Azərbaycanı bir daha beynəlxalq miqyasda qabaqcıl inkişaf modelinə sahib ölkə kimi tanıtmaqdadır. Görülmüş tədbirlərin davamı kimi, dövlətimizin başçısının “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” 2017-ci il 28 dekabr tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılması digər sahələr kimi, bu sektorda da dövlət idarəçiliyinin təkmilləşdirilməsinə əlverişli zəmin yaratmaqla ölkədə investisiya və biznes mühitinin daha da yaxşılaşdırılmasına, xüsusilə özəl sektorun mühüm hissəsini təşkil edən kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətliliyinin artırılmasına verilən dövlət təminatının etibarlılığını daha da gücləndirib.

Mövcud müsbət meyil, eyni zamanda, dövlətin bu sahədə fəaliyyətinə kölgə sala biləcək mənfi hallara, o cümlədən korrupsiya hüquqpozmalarına qarşı mübarizənin kəsərliliyinin artırılmasını da aktual məsələyə çevirir. Bu zərurətdən irəli gələrək agentliyin digər dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığının qurulması çərçivəsində anlaşma memorandumu imzalanıb.

Sonra mətbuat nümayəndələrinin sualları ətraflı cavablandırılıb.