Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOB-lar “Caspian Agro” və “İnterFood Azerbaijan” sərgilərində məhsul və xidmətlərini təqdim edir Azərbaycanda ilk dəfə süni intellektlə işləyən reklam robotu hazırlanıb KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq “Bakı KOB evi”ndə “Heydər Əliyev - unudulmaz lider” adlı foto-xalça sərgisi keçirilib KOB Model Müəssisəsi istehsal prosesində məhsuldarlığı və səmərəliliyi artırır Ölkə sərhədlərini aşan startaplarımız KOBİA Türkiyənin DEİK təşkilatı, eləcə də SESRİC ilə sənədlər imzalayıb Fəaliyyət göstərdiyi ərazidən asılı olmayaraq sahibkarlar istənilən KOB evinin xidmətindən yararlana bilərmi? KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub "İslam bankçılığı və maliyyəsi" təlimi keçirilib
Qadın sahibkarlara yetərincə dəstək verilirmi? 04.04.23
Qadın sahibkarlara yetərincə dəstək verilirmi?

Qadınlar arasında sahibkarlıq fəaliyyətinin genişlənməsi, zərif cinsin nümayəndələrinin bu prosesə daha geniş miqyasda cəlb edilməsi müasir dövrdə qlobal və aktual tendensiyalardandır. Bir çox ölkələr iqtisadiyyatın ən müxtəlif sektorlarının daha da gücləndirilməsi, qadınların sosiallaşması prosesinin maksimum həddə çatdırılması məqsədilə bu sahəsinin inkişafını stimullaşdırır, sistemli şəkildə dəstək verməyə çalışır. 

Qadınların sahibkarlıq fəaliyyətinin effektivlik dərəcəsi hər bir ölkənin biznes mühitinin səmərəliliyindən çox asılıdır. Sahibkarlıq fəaliyyətində qarşıya çıxan maneələrin çoxunun ümumi olduğu qeyd edilsə də,  bu sahədə qadınların üzləşdiyi problemlər  kişilərlə müqayisədə daha çoxdur. Bununla belə, müasir şəraitdə sosial, informasiya və təhsil xidmətləri bazarlarının qadın sahibkarlara ehtiyacı get-gedə artmaqdadır.

Sosioloqların qənaətincə, bu gün hətta ən adi işlərdə çalışan qadınların da yarıdan çoxu öz biznesini qurmaq istəyir. Bu isə ilk növbədə ölkə üçün iqtisadi artım, sosial sahənin səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun artırılması üçün əlavə mənbədir. Qadınların hüquqlarının qorunması onların iqtisadi müstəqilliyi ilə birbaşa bağlıdır. Bu səbəbdən qadın sahibkarlığının inkişafı böyük əhəmiyyət kəsb edir və olduqca aktual mövzudur.

Bu gün Azərbaycanda sahibkarlığın bu sahəsinin inkişafı hansı səviyyədədir?

Statistika, qanunvericilik, həyata keçirilən müxtəlif tədbirlər Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün yetərincə şəraitin yaradıldığını deyir: əlverişli hüquqi baza mövcuddur, dövlət tərəfindən sahibkarlıqla məşğul olanlara diqqətlə yanaşılır, onların iqtisadi potensiallarının artırılması, hüquqi, texniki və maliyyə yardımlarının göstərilməsi, güzəştli kreditlərin verilməsi istiqamətində mühüm proseslər həyata keçirilir. Araşdırmalar da göstərir ki, son iki ildə Azərbaycanda sahibkar qadınların sayı 2 dəfə artıb.

Şəki KOB İnkişaf Mərkəzinin rəhbəri, KOB üzrə mütəxəssis Mübariz Quliyev "525"ə açıqlamasında Azərbaycanda qadın sahibkarlar üçün yaradılan imkanlardan söz açarkən bildirib ki, ölkəmiz son illər iqtisadi sahədə uğurlar qazanılması baxımından müstəqilliyini yeni əldə etmiş dövlətlər arasında öncüllər sırasındadır: "Bu inkişafın aparıcı fiqurları isə təkcə kişilər deyil, prosesdə qadın sahibkarlar da önəmli yer tuturlar. İqtisadiyyatın inkişaf etdirilməsində, ölkənin daxili iqtisadi potensialının gücləndirilməsində kiçik və orta sahibkarlığın rolu böyükdür. Əhalinin artması əmək bazarına yeni işçi qüvvəsinin gəlməsini şərtləndirir. Qadınların iqtisadiyyatda rolunun artırılması BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin  17 hədəfindən biridir. Azərbaycan isə bu sənədi ilk ratifikasiya edən ölkələrdəndir. Son illərə nəzər salsaq görərik ki, qadın sahibkarların sayı sürətlə artır ki, bu da qadınlar üçün uyğun imkan və şəraitin yaradılmasının nəticəsidir. Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən qadınların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi, ilkin məlumatlara əsasən, 48,2 faizdir. Ölkədə qeydiyyata alınmış fərdi sahibkarların 22 faizini qadınlar təşkil edir - 250231 nəfər. Bu isə son 3 ildə 68958 nəfər artım deməkdir və uğurlu nəticədir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaydığı məlumatda bildirilir ki, sahibkar qadınların 30,5 faizi Bakıda, 10,1 faizi Lənkəran-Astara, 8,8 faizi Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlarda qeydiyyatdan keçib. Onların arasında kənd təsərrüfatı, ticarət və digər sahələrdə fəaliyyət göstərən qadınlar üstünlük təşkil edirlər".

Bu yaxınlarda mediada Forbes tərəfindən azərbaycanlı qadın sahibkar Fidan Rüstəmlinin "İdman və oyunlar" kateqoriyasında 30 yaşa qədər ən uğurlu gənc iş adamlarından biri seçilməsi barədə xəbər yayılmışdı. Elə bu faktın özü sözügedən sferadan inkişafı göstərən önəmli nümunədir.

Cəmilə İsmayılzadə də sahibkarlıq fəaliyyəti ilə məşğuldir. Uşaqlar və Yeniyetmələr Klubunun təsisçisidir, sosial sahibkardır. O, KOBİA tərəfindən dövlət dəstəyi aldığını, təşkil olunmuş bir çox tədbirlərə və sərgilərə dəvət olunduğunu vurğulayır: "Mən özüm kənddə doğulub böyümüşəm. Əsas məşğuliyyətim kitablar olub. Kitablar həyatımı dəyişdirəcək gücə malik olublar. Təəssüf ki, evimizdə bədii kitab çox deyildi və kitabxanada da yeni kitablar az olurdu. Ona görə də kitabları çətinliklə əldə edib oxuyurdum. Elə o vaxtdan da həmişə düşünürdüm ki, bütün uşaqların kitablara asan çıxışını təmin etmək lazımdır. Ancaq bunu necə edəcəyimi bilmirdim. Özüm valideyn olduqdan və bir neçə il təhsil sahəsində işlədikdən sonra aztəminatlı ailələrdən olan uşaqlar üçün kitab klubu yaratmağa qərar verdim. Ölkəmizdə uğurlu sosial sahibkarlıq nümunələri olsa da, sosial sahibkarlıq fəaliyyəti qanunla tənzimlənmədiyinə görə hansı şirkətlərin məhz sosial sahibkarlıqla məşğul olduğunu müəyyən etmək çətindir.  Ümumilikdə sosial sahibkarlıq fəaliyyəti kiçik və orta biznesə dəstək, məşğulluğun təmin olunması, həssas əhali qrupları ilə iş çətiri altında dövlət və qeyri-hökumət təşkilatları tərəfindən dəstəklənir. Paralel olaraq son illərdə Avropa İttifaqı və BMT tərəfindən sosial sahibkarlığın inkişafına dəstək məqsədilə maarifləndirmə işləri aparılır.  Bizim fəaliyyətimizin əsas ideyası uşaqlar və yeniyetmələr üçün intellektual ünsiyyət məkanı olmaqdır. Klubumuzda kitabxana, erkən inkişaf qrupları, dərsdən sonra inkişaf proqramı, yay məktəbi xidmətləri təklif olunur. Klubumzun kitabxanasında 5 dildə (Azərbaycan, alman, ingilis, rus və türk dillərində) kitablar var. Bizim kitabxanamıza 18 yaşına qədər hər kəs abunə olub kitablar əldə edə bilər. Abunəçilər üçün kitab müzakirələri, kitab klubları, müəlliflərlə görüşlər, müxtəlif yaş kateqoriyaları üçün intellektual yarışlar, nağıl saatları təşkil olunur. Uzaqda yaşayan dostlarımız üçün ödənişsiz onlayn nağıl saatları da təklif edirik. Fəaliyyətimizin bir qismi ödənişli, digər qismi isə ödənişsizdir. Əldə olunan gəlirlərin də bir qismi aztəminatlı ailələrdən olan və valideyn himayəsindən məhrum uşaqların fəaliyyətlərinin təşkilinə sərf edilir".

Araşdırmalar göstərir ki, xüsusən son illər maraqlarına, arzu və istəklərinə uyğun öz biznesini quran qadınların sayı artmaqdadır. Qadın sahibkarlığının inkişafı qadınların iqtisadi və sosial nüfuzunun artmasına və cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir.

İqtisadçı Eyyub Kərimli "525"ə açıqlamasında ölkədə sahibkarlıqla məşğul olmaq üçün elə bir ciddi problemin yaşamadığını deyir: "Qanunvericilik səviyyəsində qadın da, kişi də istədiyi  formada sahibkarlıq təşəbbüsü ilə məşğul ola bilər. Ölkəmizdə həm müəyyən vergi güzəştləri tətbiq olunur, həm də stimullaşdırıcı tədbirlər həyata keçirilir. Hesab edirəm ki, ölkədə xanımların sahibkarlıqla məşğul olması üçün sosial problemlər var. Əsasən xanımların sahibkarlıq bilgilərinin azlığı, sahibkarlıq ənənəsinin zəifliyi müşahidə olunur, xüsusən də regionlarda xanımlarımızın informasiya bazasının öyrənilməsi və tətdbiq edilməsi işində müəyyən problemlər var. Bunda əlavə, maliyyə savadlılığının az olması da müəyyən  problemlərə yol aça bilər. Bu istiqamətdə  həm dövlət strukturlarının,  həm  də  qeyri-hökumət  təşkilatlarının üzərinə böyük yük düşür. Daha çox qadının sahibkarlıqla məşğul olmasını təmin etməsi üçün onların maliyyə və biznes savadlarını artırmaq lazımdır. Hesab edirəm ki, bu, daha çox regionlarda tətbiq edilməlidir. Bu gün xanımlarımız əsasən regionlarda ev təsərrüfatı, şəxsi ailə təsərrüfatları ilə məşğuldur. Lakin bunun hansı formada biznesə çevrilməsi ilə bağlı  məlumatsızdırlar. Qadınlar öz potensialını orta və kiçik sahibkarlıq sahəsində daha çox göstərirlər. Onlar ərzaq istehsalı, tekstil, kənd təsərrüfatı, gözəllik salonu və əl sənətkarlığı, dərzilik və yaradıcılıq emalatxanaları sahələrinə üstünlük verirlər. Bu prosesə daha çox qadını cəlb etmək üçün təkcə sosial problemlər yox, təhsil və maddi problemlər də aradan qaldırılmalıdır".

KOBİA-dan "525"ə verilən açıqlamada isə bildirilir ki, hazırda qadın sahibkarlığının fəaliyyətinin genişlənməsi istər qlobal səviyyədə, istərsə də ölkə miqyasında müşahidə olunur. Qadınlar kiçik biznesə, özünüməşğulluğa getdikcə daha çox maraq göstərirlər. Statistikaya əsasən, Azərbaycanda qeydiyyata alınmış fərdi sahibkarların təqribən 22 faizi qadınlardır ki, onların da arasında kənd təsərrüfatı, ticarət və digər sahələrdə fəaliyyət göstərənlər üstünlük təşkil edir.

Qadınların özünüməşğulluğa və sahibkarlıq fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafı istiqamətində müvafiq dövlət qurumları tərəfindən müxtəlif dəstək və xidmətlər təşkil olunur. Bundan əlavə, KOBİA-nın KOB inkişafı mərkəzləri vasitəsilə xanım sahibkarlar üçün təcrübəli və peşəkar ekspertlər tərəfindən biznesin planlaşdırılması və inkişaf etdirilməsi, marketinq, satış, biznes sahəsində qanunvericilik, maliyyənin, insan resurslarının idarə edilməsi üzrə təlim və seminarlar keçirilir, fərdi və qrup halında məsləhət xidmətləri göstərilir. Təkcə 2022-ci il ərzində bu inkişaf mərkəzləri tərəfindən təşkil edilmiş müxtəlif mövzularda biznes təlimlərindən 3 minə yaxın qadın sahibkar faydalanıb. KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi çərçivəsində indiyədək 40 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edilib ki, onlardan 9-u qadın sahibkarlar tərəfindən təqdim edilmiş layihələrdir. 11 nəfər qadın sahibkara onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edən "Startap" şəhadətnaməsi verilib.

KOBİA mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ödənişsiz olaraq müxtəlif ixtisaslaşmış sərgilərdə iştirakına və ticarət şəbəkələrinə çıxışına da dəstək göstərir. Müvafiq mexanizmlər çərçivəsində qadın sahibkarların istehsal etdiyi məhsullar mütəmadi qaydada sərgi, yarmarka və ticarət şəbəkələrində təmsil olunur. 2022-ci ildə KOBİA-nın sərgi və yarmarkalarda iştiraka dəstək mexanizmindən istifadə etmiş 1050 sahibkarlıq subyektinin 40 faizindən çoxu qadın sahibkar olub. Ticarət şəbəkələrinə çıxışa dəstək mexanizmindən yararlanmış 25 sahibkardan 12 nəfəri də qadındır. KOBİA yanında İctimai Şurada Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da təmsil olunur. 

https://525.az/news/218688-qadin-sahibkarlara-yeterince-destek-verilirmi

Powered by Froala Editor