Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında qida zəncirinin bütün mərhələlərində sahibkar məmnunluğuna nail olunmaqla xidmətlərin təşkili, kiçik və orta biznesin ixrac potensialının artırılması məqsədilə qarşılıqlı fəaliyyətin təşkili, birgə layihələrin həyata keçirilməsi və məlumat mübadiləsini genişləndirmək haqqında anlaşma memorandumu imzalanıb.
AQTA-nın informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a bildiriblər ki, memorandumu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov imzalayıb.
Q.Təhməzli bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında respublikada sahibkarlıq fəaliyyətinin davamlı inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən birini təşkil edir. Bu istiqamətdə ardıcıl olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması və digər istiqamətlər üzrə kompleks tədbirlər həyata keçirilir.
O.Məmmədov qeyd edib ki, hazırda kiçik və orta sahibkarlığın inkişafını dəstəkləmək üçün birgə səylər göstərilir, dövlət qurumları arasında əməkdaşlıq sahibkarlığın və biznes mühitinin inkişafına təkan verməklə yanaşı, yerli istehlakçıların hüquqlarının müdafiəsi və idxal-ixrac prosesi zamanı məhsullara nəzarət imkanlarını genişləndirilməyə şərait yaradır.
Anlaşma memorandumunda əməkdaşlığın istiqamətləri, tərəflərin öhdəlikləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsulların istehsalı, idxalı və ixracı zamanı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş prinsip və normalara əməl olunması, habelə qida zəncirinin bütün mərhələlərində xidmətlərin keyfiyyətinin artırılması, qida təhlükəsizliyi sahəsində birgə monitorinqlərin təşkili, Bitki Mühafizəsi haqqında Beynəlxalq Konvensiya və digər beynəlxalq təşkilatların tələblərinə uyğun öhdəliklərə və qaydalara əməl edilməsi və xarici elmi-tədqiqat institutları ilə fəaliyyətin əlaqələndirilməsinin təşviq edilməsi, qida təhlükəsizliyi ilə məşğul olan elmi-tədqiqat institutlarının maddi-texniki bazasının inkişaf etdirilməsi üçün birgə fəaliyyət həyata keçirəcək.
Powered by Froala Editor