Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub “İnvestisiya səyahəti” tədbiri bu dəfə Masallıda 2024-cü ilin ən fəal sahibkarları mükafatlandırılıb KOBİA-da vətəndaş qəbulu keçirilib Göyçayda keçirilmiş "KOB FEST" sərgi-satış yarmarkası KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinin nəticələri açıqlanıb KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib Rəqəmsallaşmaya töhfə verən yeni startaplar Sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası Göyçayda keçirilir
Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin mediasiya yolu ilə həllinə dair ictimai müzakirə təşkil olunub 14.03.22
Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin mediasiya yolu ilə həllinə dair ictimai müzakirə təşkil olunub

Martın 14-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının və Mediasiya Şurasının dəstəyi, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə dövlət qurumlarının və iş adamlarının iştirakı ilə növbəti ictimai müzakirə təşkil olunub. 

“Mübahisələrin alternativ həllində KOB subyektlərinə dəstək: problemlər və perspektivlər” mövzusunda keçirilmiş tədbirdə sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədən kənar alternativ həll yolları, bu sahədə mediasiyanın rolu, sahibkarların qarşılaşdıqları çətinliklərin mediasiya vasitəsilə həlli müzakirə edilib. 

Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş ictimai müzakirədə İqtisadiyyat Nazirliyi və qurumlarının, Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Ali Məhkəmənin, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasının, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, millət vəkilləri, Vəkillər Kollegiyasının üzvləri,  iqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən sahibkarlar və biznes assosiasiyalar iştirak ediblər. 

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin sahibkarlıqla bağlı mübahisələrin həlli, biznes subyektlərinin peşəkar hüquqi yardım alması sahəsində vəziyyətin öyrənilməsi, bu istiqamətdə mediasiyanın təşviqi və dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi məqsədilə keçirildiyini qeyd edib. 

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mediasiya institutunun mübahisələrin həlli sahəsində alternativ yol olduğunu, bu təsisatın artıq işlədiyini bildirib. Qeyd olunub ki, mediasiya KOB-larla bağlı mübahisələrin həllində, eləcə də bu sahədə biznes subyektlərinin xərclərinin azalması, effektiv mediasiya prosesində tərəflər arasında razılığın əldə olunması nəticəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli vasitədir.  

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə məhkəmə-hüquq sahəsində həyata keçirilən uğurlu islahatların, mediasiya institutunun formalaşmasının, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılmasının investisiya və biznes mühitinin yaxşılaşdırılmasına da müsbət təsir göstərdiyini vurğulayıb. Qeyd olunub ki, biznes subyektlərinin hüquqlarının müdafiəsi KOBİA-nın fəaliyyət istiqamətlərindəndir. Kommersiya mübahisələrinin həlli istiqamətində Agentliyə daxil olmuş 300-dən çox müraciət üzrə sahibkarların pozulmuş hüquqları bərpa olunub. “Mediasiya haqqında” Qanun mübahisələrin məhkəmədən kənar – mediasiya yolu ilə həllinə öz töhfəsini verməkdədir. Agentliyin ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən 9 KOB dostu mediator sertifikatına malikdir. Sahibkarların işgüzar mübahisələrinin mediasiya yolu ilə həll olunması vaxt itkisinin, əlavə xərclərin, kommersiya sirrinin yayılmasının qarşısını alır, şirkətin işgüzar nüfuzuna zərər dəyməsi ehtimalını azaldır.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxışında kommersiya məhkəmələrinin təşkili, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması, biznes fəaliyyəti ilə bağlı mübahisələrin məhkəmədən kənar həlli və Mediasiya Şurasının həmtəsisçilərindən olan Kollegiyanın bu sahədə fəaliyyəti, mübahisələrin alternativ həlli imkanlarının genişləndirilməsi, sahibkarların hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsinin peşəkarlıqla həyata keçirilməsi ilə bağlı KOBİA ilə birgə görülən işləri, eləcə də ölkədə biznes mühitinin sağlamlaşdırılması və cəlbediciliyi baxımından kommersiya arbitraj məhkəmələrinin yaradılmasının əhəmiyyətini vurğulayıb. 

Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov şuranın fəaliyyəti, mediasiya sahəsində tənzimləmə və nəzarət mexanizmləri barədə məlumat verib. Bildirilib ki, hazırda ölkə üzrə 241 mediatr fəaliyyət göstərir ki, onlardan 143-ü Bakı, Sumqayıt və Abşeronda, 5-i Naxçıvan Muxtar Respublikasında, 69-u isə digər şəhər və rayonlarda çalışır. 2021-ci ildə mediatorlar tərəfindən təqribən 12 min mübahisəyə baxılıb. Bu il isə mübahisələrin mediasiya yolu ilə həlli üzrə 7500-dən çox müraciət daxil olub ki, onlardan 737-si kommersiya mübahisələridir. 83-ü kommersiya və 62-si əmək mübahisəsi olmaqla, ümumilikdə 475 mübahisə məhkəməyə getmədən mediasiya yolu ilə həll olunub. 

Tədbirdə sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrin həlli sahəsində vəkillərin və sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Powered by Froala Editor