Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Xaçmazda keçirilmiş "KOB FEST" sərgi-satış yarmarkası Biznes plan - uğurlu və dayanıqlı biznesin açarı “Bizdən biznesə” startap müsabiqəsi keçirilir Cəlilabad və Göyçayda sahibkarlarla görüş keçirilib Bu il 220 biznes planın hazırlanması üçün sahibkarlara və biznesə başlamaq istəyənlərə dəstək göstərilib Qubada sahibkarlarla görüş keçirilib Xaçmazda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir Yaşıl biznes necə olmalıdır? Növbəti “İnvestisiya səyahəti” tədbiri Zaqatala rayonunda keçirilib Oman və Qətərin işgüzar dairələri ilə əməkdaşlıq imkanları müzakirə edilib
Şahin Mustafayev: Yeni Agentlik kiçik və orta sahibkarlığın inkişafında mühüm rol oynayacaq 23.11.18
Şahin Mustafayev: Yeni Agentlik kiçik və orta sahibkarlığın inkişafında mühüm rol oynayacaq

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Agentliyin fəaliyyət istiqamətləri, sahibkarlığın inkişafında rolu barədə sualları iqtisadiyyat naziri Şahin Mustafayev cavablandırıb.

-Şahin müəllim, bu qurumun yaradılması hansı zərurətdən irəli gəlir?

-Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq, ölkəmizdə sahibkarlığın genişləndirilməsi və iqtisadiyyatda rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması tədbirləri sistemli və ardıcıl olaraq davam etdirilir. Özəl sektorun dəstəklənməsi, sahibkarların hüquq və mənafelərinin qorunması sahəsində yeni iqtisadi şəraitə uyğun islahatlar həyata keçirilir, bu sahənin inkişafı üçün beynəlxalq təcrübə nəzərə alınmaqla müasir çağırışlara cavab verən mexanizmlər tətbiq edilir. Ötən dövr ərzində sahibkarlığa dövlət dəstəyi tədbirləri nəticəsində sahibkarlıq subyektlərinin sayı son 15 il ərzində 4,3 dəfə artıb, ümumi daxili məhsulda özəl sektorun xüsusi çəkisi 80 faizi, məşğulluqda payı isə 75 faizi ötüb.

Əldə edilmiş uğurların davamlılığının təmin olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə də kiçik və orta sahibkarlara (KOS-lara) göstərilən texniki, maliyyə, hüquqi, metodiki və s. xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin daha da artırılmasını zəruri edir, bu sahədə institusional yanaşmanı şərtləndirir.

Bütün bunları, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş hədəfləri nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” 2017-ci il 28 dekabr tarixli Fərman imzalayıb. Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb.

Bu sahədə təkliflər hazırlanarkən sahibkarlığın inkişafı və tənzimlənməsi sahəsində beynəlxalq təcrübədə tətbiq olunan mütərəqqi idarəçilik təcrübəsi araşdırılıb. Belə ki, bir sıra inkişaf etmiş ölkələrdə sahibkarlığın, xüsusilə KOS-ların inkişafı məqsədilə investisiyaların, müasir texnologiyaların, qabaqcıl idarəetmə təcrübəsinin və dövlət tənzimləmə mexanizmlərinin tətbiqinə, yüksək keyfiyyətli, rəqabət qabiliyyətli və ixracyönümlü məhsulların istehsalının stimullaşdırılmasına, sahibkarlıq subyektlərinə informasiya, hüquqi və iqtisadi məsləhət xidmətlərinin göstərilməsi və onların dövlət təşkilatları, yerli və xarici tərəfdaşlarla səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasına yardım edən müvafiq təsisatlar fəaliyyət göstərir.

Azərbaycanda özəl bölmənin inkişafında xüsusi rolu olacaq Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılması dövlətimizin başçısının özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına verdiyi böyük önəmin, göstərdiyi davamlı diqqət və qayğının daha bir təzahürüdür.

-Agentliyin əsas fəaliyyət istiqamətləri barədə məlumat verməyinizi xahiş edirik.

-Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi qarşısında qoyulan əsas vəzifə ölkədə KOS-ların iqtisadiyyatda rolunun və əhəmiyyətinin, rəqabətqabiliyyətliliyinin artırılması, inkişafının dəstəklənməsi, KOS-lara xidmətlərin göstərilməsi, dövlət orqanları və təşkilatlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsi, KOS sferasında dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması, dövlət dəstəyi sahəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq edilməsidir.

Dövlətimizin başçının müəyyənləşdirdiyi vəzifələrə uyğun olaraq, Agentlik KOS-lara dəstək infrastrukturunun inkişafına kömək göstərməli, KOS-ların dəstəklənməsi məqsədilə yerli, xarici və beynəlxalq təşkilatların maliyyə vəsaitlərinin cəlb edilməsi, məqsədli proqramların hazırlanmasını və icrasının təşkilini təmin etməlidir.

Agentliyin daha bir fəaliyyət istiqaməti KOS-lara təlim-tədris, məsləhət, innovasiya, hüquq, maliyyə xidmətlərinə, həmçinin kadr və informasiya-kommunikasiya resurslarına çıxış, marketinq və satışa dəstək, layihələrin idarə olunması, korporativ idarəetmə və s. digər bu kimi beynəlxalq təcrübədə tətbiq edilən kommunikativ mexanizmlərin, eləcə də dövlət orqanları və təşkilatları tərəfindən göstərilən xidmətlərin vahid məkanda – “KOS evləri”ndə təşkili, sahibkarlara göstərilən dövlət xidmətlərinin elektronlaşdırılmasıdır. Bütün bu kommunikasiya və xidmətlər sahibkar məmnunluğunu təmin etməklə operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun həyata keçiriləcəkdir.

Bundan başqa, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi dövlət satınalmalarında KOS-ların iştirakının genişləndirilməsinə istiqamətlənmiş tədbirlər, kiçik və orta sahibkarlıq subyektlərinin hüquqlarının müdafiəsi, müvafiq xarici və yerli təşkilatların KOS-ların dəstəklənməsinə cəlb edilməsi və sahəvi normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlayacaqdır.

-Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin fəaliyyəti kiçik və orta sahibkarlara nə verəcək?

-Qabaqcıl ölkələrin təcrübəsi göstərir ki, kiçik və orta sahibkarlara göstərilən xidmətlərin vahid məkanda “bir pəncərə” prinsipi üzrə təşkili müsbət nəticələr verməklə, həmin xidmətlərin keyfiyyətinin və əlçatanlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.

Agentlik tərəfindən qeyd etdiyimiz fəaliyyət istiqamətləri üzrə göstərilən xidmətlərlə yanaşı, KOS-lar üçün digər tələb olunan xidmətlərin, xüsusilə bazar araşdırmalarının aparılması, elmi-tədqiqat və təhsil müəssisələri ilə əlaqələrin qurulması və qabaqcıl elmi-texnoloji yeniliklərin tətbiqi, sahibkarların istehsal etdikləri məhsulların satışına dəstək göstərilməsi, biznes inkubatorların fəaliyyətinin təşkili, sahibkarların müraciətlərinə baxılması və s. xidmətlərin “KOS evləri” vasitəsilə həyata keçirilməsi sahibkarlar üçün faydalı olacaq, onların səmərəli fəaliyyətinin təşkilində əhəmiyyətli rol oynayacaqdır.

Bununla yanaşı, KOS subyektlərinin hüquqi və biznes biliklərinə, mütəxəssis bankına və müxtəlif xarakterli məlumat mənbələrinə çıxış imkanlarının artırılması, dövlət xidmətlərindən bir məkanda istifadə imkanlarının yaradılması, biznes və tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi məqsədilə vahid məlumat portalı yaradılacaqdır.

-Agentliyin fəaliyyətinin təşkili üçün hansı işlər görülür?

-Hazırda Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin fəaliyyətinin təmin olunması üçün təşkilati tədbirlər həyata keçirilir və sahəvi normativ hüquqi bazanın formalaşdırılması istiqamətində işlər aparılır. Belə ki, artıq müvafiq normativ hüquqi sənədlərin layihəsi hazırlanıb və aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.

Uzun müddət İqtisadiyyat Nazirliyində işləmiş və bu sahədə təcrübəyə malik Orxan Məmmədov Agentliyin icraçı direktoru təyin olunub.

Sonda bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanla verdiyi tapşırıqların icrası olaraq, Agentliyin və onun tərkibində “KOS evləri”nin fəaliyyətə başlaması bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılmasına, institusional dəstək mexanizmlərinin daha da təkmilləşdirilməsinə, KOS-lar üçün zəruri bütün xidmətlərə vahid məkanda rahat çıxışın təmin edilməsinə şərait yaradacaqdır.

Powered by Froala Editor