
Bu günlərdə daha 4 mikro və kiçik sahibkarın “Startap” şəhadətnaməsi alması ilə bu güzəşt sənədini əldə edən KOB subyektlərinin sayı 210-a çatıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının iclasında daxil olan 7 müraciətdən 4-nə tələb olunan şərtləri ödədiyi üçün sözügedən güzəşt sənədini almaq hüququ verilib. Həmin sənədi almaqla biznes subyektləri innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə 3 il mənfəət və gəlir vergisi ödəmirlər. Hazırda layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlar da haqqında danışılan sənədi əldə etmək üçün KOBİA-ya müraciət edə bilərlər.
“WhatsApp” ilə daha çox müştəri, daha çox satış!
Artıq biznes sahibləri uzağa getmədən, elə “WhatsApp” üzərindən daxil olan müştəri sorğularını rahatlıqla idarə edə biləcəklər. Bu, yeni yaradılan Soft10 ilə əlçatan olacaq. Platforma bizneslər üçün “WhatsApp” tətbiqi üzərindən müştəri ünsiyyətini avtomatlaşdıran və marketinq proseslərini optimallaşdıran yerli SaaS (Software as a Service) həllidir. Layihənin həmtəsisçisi Xəyal Əbilhəsənov bu platformanın Azərbaycanda B2C (Business To Consumer) bizneslərinin “WhatsApp” üzərindən gələn müştəri sorğularını daha səmərəli və çevik şəkildə dəyərləndirməsinə imkan yaradacağını bildirir. Platformanın əsas məqsədi bizneslərə müştəri nömrələrinin seqmentləşdirilməsi və hədəfli kampaniyalarla satışlarını artırmaqda dəstək olmaqdır. Məhz Soft10 ölkədə bu sahədə ilk tam lokal və çoxfunksiyalı platformadır. Soft10-dan istifadə etməklə, biznes sahibləri işlərini əhəmiyyətli dərəcədə asanlaşdıra bilərlər. Belə ki, onlar müştərilərin nömrələrinin avtomatik toplanması və seqmentləşdirilməsini “WhatsApp” üzərindən həyata keçirə, hər seqmentə uyğunlaşdırılmış fərdi və ya toplu mesajları göndərə, sifarişi təsdiq edə bilərlər. Bir sözlə, Soft10 xidmət xatırlatması da daxil olmaqla avtomatlaşdırılmış mesajların göndərilməsi üçün uyğun qiymətli “WhatsApp API” təqdim edir.
Platformanın sahibkarların marağına səbəb olacaq bir sıra üstünlükləri var ki, bunlardan başlıcası müştəri sorğularını “WhatsApp” üzərindən cavablandırmaq üçün süni intellekt əsaslı çat-botun təqdim edilməsidir. Bu imkandan peşəkar paketdən yararlanan müştərilər faydalana bilərlər. Digər tərəfdən, “WhatsApp” üzərindən toplu şəkildə anket sorğusu keçirmək və nəticələri analiz etmək özəlliyi də birbaşa bizneslə məşğul olanların işini yüngülləşdirməyə yönəlmiş funksiyalardandır. Soft10-un əsas üstünlüyü və yeniliyi “WhatsApp” üzərindən tam lokal həll təqdim edən ilk platforma olmasıdır. Bundan əlavə, “WhatsApp”ın veb versiyasında “Chrome” uzantısı vasitəsilə bir kliklə müştəri məlumatlarının seqmentlərə ayrılması, zamanlanmış mesaj funksiyası (bayram, doğum günü, xidmət tarixi), cinsiyyətə və tarixə uyğun mesaj planlaması, limitsiz API inteqrasiyası və “webhook” dəstəyi ilə chat-bot hazırlamaq imkanı biznes sahiblərinin ən çox köməyinə gələcək yeniliklərdəndir. X.Əbilhəsənov vurğulayır ki, layihə günü-gündən təkmilləşdirilir və hazırda yeni funksiyaların platformaya əlavə olunması üzərində iş aparılır. Yaxın zamanda CRM sistemləri ilə daha dərin inteqrasiya və müştəri davranışlarına əsaslanan dinamik kampaniya planlayıcısı istifadəyə veriləcək. Hazırda Soft10 web-əsaslı SaaS platforması və “Chrome Extension” olaraq fəaliyyət göstərir. “Chrome” uzantısı vasitəsilə “WhatsApp Web”dəki müştəriləri birbaşa seqmentlərə bölmək və ixrac etmək mümkündür.
Soft10 bazarda yeni olsa da qısa müddətdə yerli bizneslərin diqqətini öz üzərinə çəkməyi bacarıb. Yerli bizneslərin bir çoxu müştərilərlə “WhatsApp” üzərindən kommunikasiyada olur və platformanın verdiyi imkanlar sayəsində nömrələr “WhatsApp”da qalaraq marketinq məqsədilə istifadə olunmur. Həmtəsisçi onu da bildirir ki, Soft10 API bir çox texniki sistemlərə problemsiz inteqrasiya olunub və ölkədə “WhatsApp” marketinqində alternativə çevrilmək üçün addımlayır. Hədəflər sərhədləri də aşır. Lokal lider olmaqdan savayı, startapı ixrac olunan məhsula çevirmək üçün gənclər güclərini səfərbər ediblər.
“Startap” şəhadətnaməsinin verdiyi üstünlüklərdən də danışan həmsöhbətimiz qazanılan vergi güzəştinin yaxın bir ildə şirkətə çox faydalı olacağını düşünür. İndiki məqamda isə platformanın təkmilləşdirilməsi gəlirlərlə paralel xərcləri də artırır.
Süni intellektlə biznesinə güc qat və işləri avtomatlaşdır!
Bizneslər və startapların süni intellekt texnologiyalarına əlçatanlığını təmin etmək üçün yaradılmış AlfinX platforması yerli bazarda Azərbaycan dilində xidmət göstərən yeganə süni intellekt platformasıdır. Startapın müəllifi Orxan Əliyev ərsəyə gətirdikləri platformanın bizneslər üçün yüksək dəqiqliklə, lokal dildə və münasib qiymətlə süni intellekt həlləri təqdim etdiyini bildirir. Belə ki, heç bir texniki bilik tələb olunmadan bizneslər AlfinX vasitəsilə sərfəli qiymətə süni intellekt servislərindən faydalana bilərlər. Bununla yanaşı, platforma sadə inteqrasiya, avtomatlaşdırılmış proseslər və istifadəyə hazır API-lərlə təmin olunduğu üçün gündəlik əməliyyatları daha sürətli və effektiv həyata keçirməyə imkan verir. O.Əliyev saytın üstünlüklərini sadalayır: “Ən unikal tərəfimiz öz dil modelimizi inkişaf etdirməyimiz və servislərimizi yerli ehtiyaclara uyğun şəkildə formalaşdırmağımızdır. Bununla həm maliyyə xərclərini aşağı salır, həm də daha uyğun nəticələr təmin edirik”.
Həmsöhbətimiz yaxın zamanda platformaya yeni alət və funksiyaların əlavə ediləcəyini vurğulayır. Belə ki, müştərilər AlfinX Lab adlı yeni bir süni intellekt aləti ilə tanış olacaqlar ki, bu da fərdi istifadəçilərin işlərini yüngülləşdirməyə yönəlmiş addımdır. Yəni məqsəd yalnız B2B (Business to Business) deyil, B2C (Business to Consumer) seqmentinə uyğun lokal süni intellekt xidmətləri təqdim etməkdir.
Platforma tanıdıldığı ilk həftədə biznes adamlarının kifayət qədər marağına səbəb olub. Belə ki, həmin müddətdə 1000-dən çox istifadəçi qeydiyyatdan keçib və 100-dən çox aktiv istifadəçi balans yükləyərək servislərdən faydalanmağa başlayıb. Qısa müddətdə nəticələrin ürəkaçan olduğunu deyən O.Əliyev AlfinX-in yerli bazarın real ehtiyaclarına cavab verdiyini və istifadəçilərin gündəlik işlərini optimallaşdırmaq gücünə malik olduğuna əminliyini ifadə edir.
Süni intellekti hər kəs üçün əlçatan etməyi qarşısına məqsəd qoyan startapçı vergi güzəştlərindən də söz açıb. Şəhadətnamənin verdiyi imkanlar sayəsində 3 il mənfəət vergisi ödəməyəcəkləri üçün o, resursları daha çox məhsulun inkişafına yönəldəcəklərini deyir. Bu müddətdə startapın bazarda özünə layiqli mövqe tutması üçün də işlər görüləcək. Əldə edilən güzəşt sayəsində komandanı böyütmək, infrastrukturu gücləndirmək və yerli bazara daha keyfiyyətli xidmətlərlə çıxmaq üçün də imkanlar yaranır.
İnşaat şirkətlərini bir araya gətirən ilk Azərbaycan platforması
Gbaru.com Azərbaycanda və regionda inşaat sektorunda fəaliyyət göstərən şirkətləri bir araya gətirən ilk B2B platformasıdır və bu sahədə fəaliyyət göstərən şirkətlər arasında rəqəmsal işbirliyini gücləndirmək, satınalma proseslərini sadələşdirmək və onları beynəlxalq bazarlara çıxarmaq məqsədilə yaradılıb. Gbaru.com-un verdiyi imkanlar sayəsində şirkətlər özəl satınalma elanları paylaşa, həmin elanlara dair təkliflər ala, məhsul və xidmətlərini auksion vasitəsilə sata bilərlər. Nəticədə həm təchizatçılar, həm də alıcılar üçün daha çevik, şəffaf və sürətli qərarvermə prosesi təmin edilir. Üstəlik, platforma üzərindən vakansiya yerləşdirmək və kampaniyalar təşkil etmək də əlçatandır.
Layihənin icraçı direktoru Aynur Məmmədova deyir ki, Gbaru.com-un təqdim etdiyi ən önəmli yeniliklərdən biri platformaya bank xidmətləri, kredit və faktorinq imkanlarının inteqrasiya olunmasıdır. Bu o deməkdir ki, şirkətlər məhsul və ya xidmət alarkən bank tərəfdaşları vasitəsilə birbaşa kreditlə alış edə və ya faktorinq xidmətindən faydalana bilərlər. Bu imkan həm alıcı, həm də satıcı tərəflər üçün likvidlik problemini aradan qaldırır və dövriyyəni sürətləndirir. Gbaru.com-un bu sektora yönəlmiş ilk və tək platforma olması isə onu digər B2B layihələrdən fərqləndirir.
Yeniliklər bununla bitmir. Yaxın zamanda beynəlxalq bazarlara inteqrasiya hədəflənir. Bundan əlavə, süni intellekt əsaslı təklif uyğunlaşdırma sistemi və mobil tətbiq üzərindən real vaxtda tenderizləmə imkanları təqdim edəcək. Eyni zamanda, istifadəçilər üçün daha analitik idarəetmə paneli və statistik hesabat modullarının da əlavə olunması gözlənilən yeniliklər sırasındadır. Tətbiq veb versiyası ilə yanaşı, mobil tətbiqi ilə də bizneslərin köməyinə çatır. İstifadəçilər mobil tətbiq üzərindən özəl satınalma elanları yerləşdirə, təkliflər verə və qəbul edə, məhsulları kredit və faktorinq yolu ilə əldə edə, auksionlarda iştirak edə, endirim və kampaniyalar təşkil edə, şirkət daxilində vakansiyalar yerləşdirə bilərlər. Platforma real vaxt bildiriş sistemi ilə də təchiz olunub ki, bu da istifadəçiyə elanlar, təkliflər, tender nəticələri və digər yeniliklər barədə ani məlumat almaq imkanı yaradır. Mobil tətbiq sayəsində platformadan istənilən yerdə, istənilən vaxt rahat istifadə mümkündür. Bu, xüsusilə sahədə və ofisdən kənarda çalışan inşaat mütəxəssisləri və rəhbərləri üçün böyük rahatlıq təmin edir.
“Startap” şəhadətnaməsinin verdiyi güzəştləri “yeni nəfəs” adlandıran A.Məmmədova qənaət edəcəkləri məbləği texniki inkişafa yönəldəcəklərini deyir. Məhz bu dəstək sayəsində komanda resurslarını artıraraq daha çox yenilik etmək üçün imkanlar qazanır. Startapçı düşünür ki, gəlirin platformanın təkmilləşdirilməsinə yönəlməsi uzunmüddətli uğurun əsasını qoyur. Onun sözlərinə görə, Gbaru.com qısa müddət ərzində inşaat sektorunda fəaliyyət göstərən onlarla şirkəti bir araya gətirməyi bacarıb və artıq bir neçə uğurlu tender və alış prosesi bu platforma üzərindən baş tutub. Bu ilin fevralında platformanın tanıdılması məqsədilə təşkil olunan forum beynəlxalq tərəfdaşlarla əlaqələrin qurulmasında mühüm rol oynayıb.
Bir sözlə, platformanın hədəfləri inşaat şirkətlərini daha şəffaf, sürətli və səmərəli B2B münasibətlərə yönəltmək, onları beynəlxalq arenaya çıxarmaq və sektorun rəqəmsal gələcəyini formalaşdırmaqdır.
https://vergiler.az/news/article/34685.html
Powered by Froala Editor