Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub “İnvestisiya səyahəti” tədbiri bu dəfə Masallıda 2024-cü ilin ən fəal sahibkarları mükafatlandırılıb KOBİA-da vətəndaş qəbulu keçirilib Göyçayda keçirilmiş "KOB FEST" sərgi-satış yarmarkası KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinin nəticələri açıqlanıb KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib Rəqəmsallaşmaya töhfə verən yeni startaplar Sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası Göyçayda keçirilir
Vətəndaşlara hüquqi yardımı innovativ edən sahibkar startaplara daima dəstək olur 14.02.24
Vətəndaşlara hüquqi yardımı innovativ edən sahibkar startaplara daima dəstək olur

Dövlətin mikro və kiçik sahibkarlara göstərdiyi dəstəkdən yararlanan sahibkarlıq subyektlərindən biri də “Legalaid” MMC-dir. Şirkət hüquq məsləhətləri üzrə ixtisaslaşıb və ötən il fevralın 6-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən sahibkarlara vergi güzəştləri verən "Startap" şəhadətnaməsi alıb. MMC-nin rəhbəri, vəkillər kollegiyasının üzvü Sona Səlimli-Ələsgərova şirkətin fəaliyyəti barədə AZƏRTAC-a müsahibəsi verib.

- Sona xanım, rəhbərlik etdiyiniz “Legalaid” MMC hüquq məsləhətləri xidməti göstərir. Şirkətin əsas fəaliyyət istiqamətləri barədə məlumat verərdiniz.

- “Legalaid” MMC 2019-cu ildə fəaliyyətə başlayıb. Biz Azərbaycanda ilk “Legaltech” şirkəti olaraq əsasən iki istiqamətdə hüquqi xidmətlərin göstərilməsi, həmçinin hüquqi texnologiya layihələrinin hazırlanması və idarə edilməsi üzrə fəaliyyət göstəririk. Mən ilk dəfə 2016-cı ildə “Facebook” sosial şəbəkəsində “Yursovetnik” qrupunu yaratdım. Həmin qrupda vətəndaşlara pulsuz hüquqi yardım göstəririk. Daha sonra bu fəaliyyəti daha da genişləndirdim. Vətəndaşların ölkənin vəkilləri ilə ünsiyyətini daha da əlçatan edəcək "Legalaid" mobil tətbiqini yaratdıq. Şirkətimizin əsas innovativ məhsulu olan "Legalaid" mobil tətbiqi 2020-ci ilin yay aylarında “PlayStore” və “AppStore”da istifadəyə verildi. "Legalaid" mobil tətbiqi vasitəsilə istifadəçilərə vəkillər tərəfindən onlayn hüquqi məsləhətlər göstərildiyindən Vəkillər Kollegiyası ilə əməkdaşlıq etmək qərarına gəldik və kollegiya ilə şirkətimiz arasında əməkdaşlıq sazişi imzalandı. Qeyd edim ki, “Yursovetnik” qrupunun hazırda 18 mindən çox üzvü var. "Legalaid" komandası olaraq bir sıra istiqamətlərdə vətəndaşlara, hüquqi şəxslərə, qeyri-rezidentlərə operativ, keyfiyyətli hüquqi yardım göstəririk. Əmək, ailə, kommersiya, mülki, miqrasiya, daşınmaz əmlak, vergi, gömrük, əqli mülkiyyət, inzibati, tibb, informasiya texnologiyaları, kripto valyuta (blokchain) və digər sahələrdə yaranmış mübahisələrin və məsələlərin həll edilməsi, lazımi prosedurların həyata keçirilməsi, problemlərin həllində düzgün yol göstərilməsi istiqamətində "Legalaid" MMC komandası olaraq çalışırıq. Əsas məqsədimiz müştərilərə keyfiyyətli hüquqi yardımın göstərilməsi, vətəndaşların mənafeyinin müdafiəsidir.

- Şirkətin ölkə vətəndaşlarına göstərdiyi hüquqi xidmətlər bu sahədə xidmət göstərən digər qurum və özəl təşkilatlardan nə ilə fərqlənir?

- Fəaliyyətimizdə innovativ yenilikləri tətbiq etməyə çalışır, həmçinin yenilikləri reallaşdırmaq istəyən müştərilərə dəstək olur və keyfiyyətli hüquqi yardım göstəririk. Şirkətimizə innovativ layihələri olan startaplar mütəmadi olaraq müraciət edir və hər zaman onlara dəstək oluruq. Ölkəmizdə son zamanlar startapa olan maraq artmaqdadır və bu istiqamətdə həyata keçirilən islahatlar sahənin daha da inkişaf etməsinə təkan verəcək. Müştərilərə bir neçə dildə xidmət göstərən komandamız gənc hüquqşünasların praktiki bilik və bacarıqlarının artırılması üçün mütəmadi təcrübə proqramları elan edir, təcrübəçilərin təcrübə müddətində praktiki bilik və bacarıqlarının artırılması üçün mütəmadi olaraq çalışırlar. "Legalaid" MMC ELSA (The European Law Students' Association) tərəfindən həyata keçirilən xarici təcrübə proqramlarının tərəfdaşlarından biridir. Şirkətimizdə 3 əcnəbi təcrübə keçib. Onlardan 2-si ELSA vasitəsilə, 1-i isə şəxsi təşəbbüsü ilə gəlib. Qadınlara dəstək verilməsi, onların cəmiyyətə adaptasiyasının təmin edilməsi istiqamətində ölkədə ilk dəfə keçirilən “Fempower” layihəsinin təsisçilərindən biri də mən olmuşam, həmçinin "Legalaid" MMC həmin layihənin tərəfdaşlarından biridir.

- Hazırda hansı layihələr üzərində işləyirsiniz?

- “Legalaid” komandası olaraq hər il “Gələcək Hüquqşünas” layihəsini həyata keçiririk. Bu layihə çərçivəsində həyata keçirilən tədbirlərdə arzusu hüquqşünas olmaq istəyən məktəb şagirdləri, universitet tələbələri iştirak edə bilər. Tədbirdə komandamızın hüquqşünasları tərəfindən iştirakçılara maraqlı olan mövzular barəsində çıxışlar edilir, intellektual oyunlar təşkil olunur, qaliblərə müxtəlif hədiyyələr təqdim olunur. Layihənin məqsədi iştirakçıların hüquqşünaslıq haqqında ətraflı məlumat alması, bu ixtisasdan olan peşəkarların təcrübə və tövsiyələrini öyrənməsi, hüquqşünaslıq peşəsinə marağın artırılmasıdır.

Bundan başqa, “Lotfi Zadeh Technology Center” tərəfindən həyata keçirilən akselerasiya proqramında iştirak edərək, proqramın qaliblərindən biri olmuşuq. "Legalaid" komandası olaraq startapımızı daha da təkmilləşdirmək istiqamətində mütəmadi olaraq tədbirlər görürük.

 https://azertag.az/xeber/vetendaslara_huquqi_yardimi_innovativ_eden_sahibkar_startaplara_daima_destek_olur-2915803

Powered by Froala Editor