Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”nə özəl sektor da dəstək göstərir AQEM yanında İşgüzar Şuranın 7-ci iclası keçirilib “Sudan dayanıqlı istifadədə KOB-ların rolu” mövzusunda müzakirə təşkil olunub KOBİA və Misirin Ağıllı Yaşıl Layihələr üzrə Milli Təşəbbüs heyəti arasında görüş keçirilib Yaşıl iqtisadiyyata keçiddə KOB-ların rolu COP29 çərçivəsində “KOB-ların yaşıl iqtisadiyyatda rolu” mövzusunda panel müzakirə təşkil olunub KOBİA və “Invest Bulgaria” Agentliyi əməkdaşlıq edəcək COP29 çərçivəsində KOB-ların yaşıl keçidinə dəstək məqsədilə əməkdaşlığa dair sənədlər imzalanıb Beynəlxalq Ticarət Mərkəzinin nümayəndələri "Bakı KOB evi"ndə olublar
Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur? 01.07.24
Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin komponentləri üzrə qanunvericilikdə hansı güzəştlər nəzərdə tutulur?

“Yaşıl iqtisadiyyat”a keçidin təmin edilməsində ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi xüsusilə əhəmiyyətlidir. Ümumilikdə ESG (Environmental, Social and Governance) prinsipləri dedikdə E komponenti üzrə şirkətin ekologiyaya münasibətdə nə dərəcədə diqqətli davranması, o cümlədən şirkətin korporativ iqlim siyasəti, enerjidən istifadəsi, tullantıların idarə edilməsi, təbii resursların qorunması istiqamətində həyata keçirdiyi tədbirlər nəzərdə tutulur. ESG-nin digər iki komponenti S və G isə şirkətin işçilərə, təchizatçılara və müştərilərə münasibətini, dəqiq və şəffaf mühasibat uçotunun tətbiqini, rəhbər işçilərin seçimi zamanı dürüstlük və bərabərliyə riayət olunması, səhmdarlar qarşısında cavabdehlik kimi məsələləri əhatə edir. 

ESG-nin hər bir komponenti üzrə qanunvericilikdə bir sıra güzəşt, imtiyaz və dəstək tədbirləri nəzərdə tutulur. Həmin güzəşt və imtiyazları diqqətinizə təqdim edirik. 

E komponenti (ekoloji, ətraf mühitin mühafizəsi) üzrə güzəştlər 

Azərbaycanda atmosfer havasını çirkləndirən əsas mənbə nəqliyyat sektorunun payına düşür. Son illər iqtisadi fəallığın artması fonunda nəqliyyat vasitələrinin sayı da sürətlə artır. Qeyd edilməlidir ki, köhnə nəqliyyat vasitələrinin istismarı Bakı və digər böyük şəhərlərdə havanın keyfiyyətinə mənfi təsir göstərir. Bu tendensiyanın qarşısını almaq üçün 2019-cu ildən etibarən, mərhələlərlə elektrik və hibrid mühərrikli avtomobillərə, eyni zamanda, enerji doldurucularına və sıxılmış qazla işləyən avtobuslara güzəştlər tətbiq olunmağa başlanılıb. 

Vergi Məcəlləsinə əsasən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı 2019-cu ildən əlavə dəyər vergisindən (ƏDV) azaddır. 2022-ci ilin 1 yanvar tarixindən elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 3 il müddətinə, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı 4 il müddətinə ƏDV-dən azad olunub. Sürücü daxil olmaqla 10 nəfərdən çox adam daşımaq üçün nəzərdə tutulmuş sıxılmış qazla işləyən avtobusların idxalı 2020-ci il yanvarın 1-dən 5 il müddətinə ƏDV-dən azaddır.

Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, zavod buraxılış tarixindən 3 ilədək ötmüş yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən minik avtomobilləri və avtomobillər üçün ikinci və üçüncü səviyyəli enerji doldurucularının idxalı gömrük rüsumundan azad edilib. 

Əhali qrupuna daxil olan aktiv istehlakçının bərpa olunan enerji mənbələri hesabına 150 kVt (150 kVt daxil olmaqla) güc həddinədək istehsal etdiyi elektrik enerjisinin elektrik təchizatı şəbəkəsinə ötürülməsindən əldə olunan gəlir gəlir vergisindən azaddır. 

Azərbaycan Respublikasının Prezidentinin 2011-ci il 4 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, ölkədə təkrar istehsalı inkişaf etdirmək məqsədilə Balaxanı Sənaye Parkı yaradılıb. Sənaye parkının yaradılmasında əsas məqsəd təkrar emal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şərait yaratmaqdır. Sənaye parkının rezidentləri 10 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən azaddır. Eyni zamanda, Vergi Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı rezidentin sənaye və texnologiyalar parkında qeydiyyata alındığı tarixdən 10 il müddətinə vergidən azad edilir.  

S komponenti (sosial məsələlər) üzrə hansı güzəştlər tətbiq olunur? 

S komponentinin tərkib hissələrindən biri işçilər üçün güzəşt və imtiyazlarla bağlıdır. Milli əmək qanunvericiliyində həssas qruplardan olan işçilər üçün bir sıra güzəşt və əlavə təminatlar əks olunub. Məsələn, əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq hüququ təsbit edilib. Əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırlması qadağandır. Onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə keçirilməsinə yol verilmir. İş yerlərinin əlilliyi olan şəxslərə müyəssər olması və istifadəsi üçün uyğunlaşdırılması təmin edilməlidir. 

“Məşğulluq haqqında” Qanunla müəssisə və təşkilatlarda kvota müəyyən edilir. Bu kvota sosial müdafiəyə xüsusi ehtiyac olan işaxtaran və işsiz  şəxslərin işlə təminatı üçün işəgötürənlər üzərində tətbiq edilən iş yerləridir. Həmin şəxslərin sırasına əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşadək gənclər, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqları tərbiyə edən valideynlər, pensiya yaşına iki ildən az qalmış şəxslər, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər, keçmiş məcburi köçkünlər daxildir.

Əmək qanunvericiliyində bir sıra kateqoriyalardan olan şəxslər üçün güzəşt və azadolmalar da əksini tapıb. Məsələn, Əmək Məcəlləsinə görə, işçilərin ayrı-ayrı kateqoriyalarına, onların yaşı, səhhəti, əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və digər hallar nəzərə alınaraq onlar üçün qısaldılmış iş vaxtı müəyyən edilə bilər. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100% pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Eyni zamanda əmək şəraiti fiziki, kimyəvi, bioloji, habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli iş yerlərində, yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerlərində həftə ərzində 36 saatdan çox olmamaq şərtilə qısaldılmış iş vaxtı müəyyən edilməsi qanunvericilikdə təsbit edilib. 

Əgər işçinin səhhəti və fizioloji vəziyyəti, habelə xroniki xəstəliyi olan uşağının və digər ailə üzvünün səhhəti müvafiq tibbi rəyə görə əmək funksiyasının natamam iş vaxtında yerinə yetirilməsini tələb edərsə, habelə on dörd yaşına çatmamış, yaxud əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara öz ərizələri əsasında işəgötürən natamam iş vaxtı müəyyən etməlidir. Hamilə, 14 yaşınadək uşağı olan, həmçinin əlilliyi müəyyən edilmiş uşağı olan qadınların gecə vaxtı yerinə yetirilən işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların yazılı razılığı ilə yol verilir. Yaş yarımına çatmamış uşağı olan qadınlar öz ərizələri ilə uşağı yaş yarımına çatanadək başqa yüngül işə keçirilə və ya ona uşağını yedizdirməsi üçün şərait yaradılmalıdır. 

Əmək müqaviləsi bağlanılarkən yaşı 18-dən az olan şəxslərə, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə və digər kateqoriyalara sınaq müddəti müəyyən edilmir. 

Vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət almış və əlilliyi müəyyən edilmiş işçilər, Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, yaşı 18-dən az olan işçilər və digər bir sıra kateqoriyalardan olan işçilərin attestasiyası keçirilmir.

Məzuniyyət zamanı da bir sıra kateqoriyalardan olan işçilər üçün güzəştlər tətbiq olunur. Məsələn, Əmək Məcəlləsində  bildirilir ki, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6 təqvim günündən az olmamalıdır.

S komponenti həmçinin əməyin mühafizəsi tədbirlərini əhatə edir. 1995-ci ildə qəbul edilən ölkə Konstitusiyasında hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit edilib. Ölkəmizdə bu sahədə siyasət mütərəqqi beynəlxalq standartlara uyğun qurulub, ötən dövrdə Azərbaycan Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları ilə bağlı 60-dək Konvensiyanı, o cümlədən əməyin mühafizəsi ilə əlaqədar 20-dən çox Konvensiyanı ratifikasiya edib. 

Milli qanunvericiliyin əsas tələblərindən biri də odur ki, əmək müqaviləsinin bağlanması şərtləri əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalı, müqavilədə işəgötürənin işçinin sağlam, təhlükəsiz əmək şəraitinə təminat verməsi öhdəliyi qeyd olunmalıdır. Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini təmin etməlidirlər. 

2023-cü ildə Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyində olmaqla “Əməyin Mühafizəsi Mərkəzi” publik hüquqi şəxsi yaradılıb. Mərkəz işəgötürənlərə əməyin mühafizəsi və iş yerlərinin attestasiyası sahələrində xidmətlər göstərmək, eləcə də bu sahələrdə təlimlər keçirmək, işəgötürənlərə əmək hüquqları, əməyin mühafizəsi və əməyin təhlükəsizliyi sahəsində məsləhət xidmətləri verilməsini, metodiki dəstəyi təmin etmək məqsədi daşıyır.

G komponenti (idarəetmə sahəsi) üzrə güzəşt və azadolmalar

Mərkəzi Bankın İdarə Heyətinin 28 avqust 2023-cü il tarixli qərarı ilə “Banklarda korporativ idarəetmə standartları”na ESG prinsipləri inteqrasiya edilib. Bununla banklar uzunmüddətli dövr üzrə dayanıqlığını təmin etmək məqsədilə biznes strategiyasında fəaliyyətinə əhəmiyyətli təsiri olan və ya ola biləcək ESG amillərini və risklərin qiymətləndirilməsi prosesində ESG amillərini ehtiva edən maliyyə və qeyri-maliyyə risklərini də nəzərə almalıdır.

2023-cü ildə yeni ticarət və ticarət sonrası elektron sistemi istifadəyə verilib. Yeni elektron ticarət sistemi investorların fond birjası vasitəsilə məsafədən ticarətinə imkan verən müvafiq proqram təminatlarının inteqrasiyasına imkan verir.

Powered by Froala Editor