Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub “İnvestisiya səyahəti” tədbiri bu dəfə Masallıda 2024-cü ilin ən fəal sahibkarları mükafatlandırılıb KOBİA-da vətəndaş qəbulu keçirilib Göyçayda keçirilmiş "KOB FEST" sərgi-satış yarmarkası KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 6-cı qrant müsabiqəsinin nəticələri açıqlanıb KOB-ların yaşıl keçidinə dair KOBİA və Asiya İnkişaf Bankı arasında Memorandum imzalanıb “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması” layihəsi çərçivəsində biznes forum keçirilib Rəqəmsallaşmaya töhfə verən yeni startaplar Sayca 9-cu “KOB Fest” sərgi-satış yarmarkası Göyçayda keçirilir
Elməddin Hacıyev: “Layihələrin icrasına və ödənilən vəsaitin təyinatı üzrə istifadəsinə nəzarət edilir” 19.07.23
Elməddin Hacıyev: “Layihələrin icrasına və ödənilən vəsaitin təyinatı üzrə istifadəsinə nəzarət edilir”

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və layihələrinin maliyyələşdirilməsi baxımından qrant vəsaiti əhəmiyyətlidir. KOB-lara qrant ayıran qurumlardan biri də Kiçik və Orta Biznesin İnkişafı Agentliyidir (KOBİA). Agentlik tərəfindən qrant vəsaiti KOB-ların təhsil, elm, tədqiqat və dəstək sahələri üzrə layihələrinin maliyyələşdirilməsinə verilir. Bu mövzuda suallarımızı KOBİA-nın Biznesə xidmətlər departamentinin şöbə müdiri Elməddin Hacıyev cavablandırıb. 

- Elməddin müəllim, indiyədək nə qədər sahibkarlıq subyekti Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) xətti ilə qrant alıb?

- KOBİA tərəfindən KOB-ların təqdim etdiyi layihələrə Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq qrant ayrılır. Qaydaya əsasən müsabiqəyə təqdim olunan layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrini əhatə etməlidir. Müsabiqədə KOB subyektlərinə aid olan istənilən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər iştirak edə bilərlər. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr bu qrant dəstəyi çərçivəsində maliyyələşdirilmir.

Bu dəstəyin başlıca üstünlüyü KOB-ların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsidir. Həmçinin müvafiq sahələrdə yeni mexanizmlərin və innovativ layihələrin reallaşdırılması, startap layihələrinin dəstəklənməsi, sahibkarların fəaliyyəti üçün faydalı olan yeni ixtira, faydalı model, texnoloji yenilik və sənaye nümunələrinin yaradılması, KOB sahəsində elmi biliklərin tətbiqi baxımından əhəmiyyətlidir.

Qrant vəsaitinin ayrılması KOBİA tərəfindən təşkil edilən müsabiqələr əsasında həyata keçirilir. İndiyədək KOB-ların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün 3 müsabiqə keçirilib. Bu müsabiqələr çərçivəsində ümumilikdə 39 KOB subyektinin layihəsinə qrant vəsaiti ayrılıb.

- Qrant müsabiqələri nə qədər müddətdən bir keçirilir və orada hansı namizədlərin qalib gəlmə şansı daha yüksək olur?

- Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş müvafiq qaydaya görə, müsabiqə KOBİA tərəfindən təqvim ili ərzində iki dəfədən çox olmayaraq təşkil edilir. Müsabiqə barədə KOB subyektləri əvvəlcədən KOBİA-nın rəsmi internet saytı, sosial şəbəkələrdəki hesabları və media vasitəsilə məlumatlandırılır. Agentliyə daxil olan və müsabiqənin şərtlərinə cavab verən bütün layihələr qeydiyyata alınır və Ekspert Komissiyası tərəfindən dəyərləndirilir. Hər hansı bir sahənin inkişafına faydalı, ölçülə bilən, mövcud resurslardan səmərəli istifadə etməklə effektiv nəticə təqdim edə bilən layihələrin müsabiqədən uğurla keçmə imkanları daha çoxdur. KOBİA tərəfindən keçirilən əvvəlki müsabiqələr çərçivəsində maliyyələşdirilmiş eyniməzmunlu layihələr təkrar müsabiqəyə buraxılmır.

- Müsabiqəyə daha çox hansı istiqamətlər üzrə layihələrin maliyyələşdirilməsi üçün müraciət edilir və qaliblər seçilərkən hansı kriteriyalar nəzərə alınır?

- İndiyədək keçirilmiş üç müsabiqə çərçivəsində qrant almaq üçün Agentliyə təhsil üzrə 282, dəstək üzrə 256, tədqiqat sahəsi üzrə 68, elm üzrə 56, digər sahələrdə isə 101 layihə təqdim olunub. Qrant vəsaiti ayrılmış 39 layihədən 5-i təhsil,1-i elm, 4-ü tədqiqat, 29-u isə dəstək sahəsinə aiddir. Bu layihələr müxtəlif sahələr üzrə yanacağa qənaət, müxtəlif qurğuların, onlayn platformaların və proqram təminatının hazırlanması, təkrar emal, tullantısız istehsal, beynəlxalq sertifikatların və patentlərin alınması, qadın sahibkarlığının inkişafı, KOB-ların faydalanması üçün tədqiqat işlərinin aparılması və s. kimi sahələri əhatə edir.

Ekspert komissiyası və KOBİA tərəfindən qaliblərin seçilməsi prosesi Nazirlər Kabinetinin müvafiq Qərarı ilə müəyyən edilmiş şərtlərə uyğun şəkildə aparılır. Ekspert komissiyası layihələrin ekspertizası zamanı müsabiqəyə təqdim edilmiş layihənin və ona əlavə olunmuş sənədlərin sözügedən qaydaya uyğunluğunu müəyyən edir, müsabiqəyə təqdim olunmuş layihənin aktuallığını və faydalılığını yoxlayır, təqdim olunmuş layihələrdən təkrar və ya oxşar olanları müəyyən edir və s. Müsabiqəyə təqdim olunmuş layihələrin ekspertizası zamanı KOBİA Ekspert komissiyasının rəyinə əsasən hər bir layihə üzrə maliyyələşdirmənin aparılması və ya imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul edir.

Ekspertizası keçirilən layihələr adıçəkilən qayda ilə müəyyən edilmiş 14 meyara uyğun olaraq qiymətləndirilir. Bu meyarlara layihənin məqsəd və vəzifələrinin aydınlığı, mövzusunun aktuallığı, innovativliyi, dəqiq ifadə edilmiş və əsaslandırılmış ideyası, praktiki məqsədlər üçün tətbiq imkanları, mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, dayanıqlı olaraq inkişaf etdirilməsi imkanları və davamlılığı, büdcənin layihənin həyata keçirilməsi üçün tələb olunan vəsaitə uyğun olaraq hazırlanması, icra vəziyyətinin qiymətləndirilməsi üçün təklif olunan monitorinq mexanizmlərinin mükəmməllik səviyyəsi, layihənin iki və ya daha çox şəxs tərəfindən təqdim edilməsi, tələb olunan müvafiq maddi-texniki bazanın mövcudluğu, layihənin və ona əlavə olunmuş sənədlərin qaydaya uyğunluğu və layihə icraçısının müvafiq sahədə təcrübəsi kimi məsələlər daxildir.

Ekspertiza mərhələsini müvəffəqiyyətlə keçmiş layihələrin maliyyələşdirilməsi barədə KOBİA tərəfindən qərar qəbul edilir. Daha sonra KOBİA ilə müsabiqəyə layihə təqdim etmiş şəxs arasında müqavilə bağlanır. Müsabiqəyə təqdim edilmiş layihə qiymətləndirilmədən müvəffəqiyyətlə keçmədikdə layihənin maliyyələşdirilməsindən imtina barədə qərar qəbul edilir və bununla bağlı müraciət edən şəxsə məktub göndərilir. Sahibkarlar qrant müsabiqəsinə təqdim etdikləri, lakin maliyyələşdirilməsindən imtina edilmiş layihələri təkmilləşdirməklə növbəti müsabiqələrdə iştirak edə bilərlər.

- Qrant ayrılmış layihələrin icrasına hansı formada nəzarət edilir?

- Müvafiq qaydaya görə, KOBİA maliyyələşdirdiyi layihələr üzrə ilkin, aralıq və yekun hesabatlar tələb etmək, monitorinqlər keçirmək və qiymətləndirmə aparmaq hüququna malikdir. Maliyyələşdirilməsi barədə qərar qəbul edilmiş layihələrlə bağlı KOBİA ilə müsabiqəyə layihə təqdim etmiş şəxs arasında bağlanmış müqavilədə digər məsələlərlə yanaşı, layihə monitorinqinin keçirilməsi və hesabatların təqdim edilməsi barədə müddəalar da öz əksini tapır. KOBİA-da yaradılımış monitorinq qrupu qalib layihələrin icrasına və ödənilən vəsaitin təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir.

- Layihələrin maliyyələşdirilməsi üçün maksimal məbləğ nə qədərdir? Bu məbləğin artırılması nəzərdə tutulurmu?

- KOBİA-ya təqdim olunmuş hər bir layihə üzrə maliyyələşdirilmə məbləği maksimum 20 min manata qədərdir. Sözügedən məbləğ Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş qayda ilə müəyyən edilib. Bugünədək KOBİA tərəfindən keçirilmiş 3 müsabiqə çərçivəsində qalib gəlmiş 39 layihəyə 750 min manatdan çox qrant vəsaiti verilib.

- Ümumiyyətlə, müsabiqənin keçirilməsi ilə bağlı hər hansı dəyişikliklərin edilməsi gözlənilirmi?

- Mövcud tərcrübəyə, müsabiqələrin təşkili ilə bağlı müxtəlif maraqlı tərəflərdən daxil olan təkliflərə və müraciətlərə, eləcə də davamlı olaraq inkişaf edən şəraitə uyğun olaraq gələcəkdə müvafiq dəyişiliklərin olması mümkündür. Hazırda üzərində çalışdığımız istiqamətlərdən biri müsabiqənin tam olaraq elektronlaşdırılması ilə bağlıdır.

 https://vergiler.az/news/articles/25059.html

Powered by Froala Editor