Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Xaçmazda keçirilmiş "KOB FEST" sərgi-satış yarmarkası Biznes plan - uğurlu və dayanıqlı biznesin açarı “Bizdən biznesə” startap müsabiqəsi keçirilir Cəlilabad və Göyçayda sahibkarlarla görüş keçirilib Bu il 220 biznes planın hazırlanması üçün sahibkarlara və biznesə başlamaq istəyənlərə dəstək göstərilib Qubada sahibkarlarla görüş keçirilib Xaçmazda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir Yaşıl biznes necə olmalıdır? Növbəti “İnvestisiya səyahəti” tədbiri Zaqatala rayonunda keçirilib Oman və Qətərin işgüzar dairələri ilə əməkdaşlıq imkanları müzakirə edilib
İlkin Əliyev: "Daxili bazar araşdırması risklərin qiymətləndirilməsi baxımından çox əhəmiyyətlidir" 07.09.23
İlkin Əliyev: "Daxili bazar araşdırması risklərin qiymətləndirilməsi baxımından çox əhəmiyyətlidir"

Sahibkarlara göstərilən dövlət dəstəyi tədbirlərindən biri də Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən təmin edilən daxili bazarın araşdırılmasına köməkdir. Daxili bazar araşdırmasının sahibkarlar üçün faydası, bu dəstəkdən yararlanmaq üçün müraciət qaydalarına dair suallarımızı KOBİA-nın Biznesə xidmətlər departamentinin KOB-ların maliyyə mənbələrinə çıxışına dəstək şöbəsinin müdiri İlkin Əliyev cavablandırıb.

 

- Daxili bazar araşdırması nədir və bu sahədə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə hansı formada dəstək göstərilir?

 

- Hər hansı bir istehsalın və ya xidmətin təşkilində, mövcud biznesin genişləndirilməsində uğurlu nəticə həm də sahibkarlıq subyektinin müvafiq sahədə məlumatlıq səviyyəsindən asılıdır. Obyektiv səbəblərdən bir çox hallarda mikro və kiçik sahibkarlıq subyektləri təhlil və araşdırmaların aparılması üçün zəruri resurslara malik olmur. Bu baxımdan daxili bazar araşdırması əhəmiyyətli məlumat mənbəyi hesab olunur və ölkəmizdə belə araşdırmaların aparılması üçün dövlət dəstəyi göstərilir.

 

Daxili bazar araşdırması - rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması məqsədilə istehsal, işçi qüvvəsi, logistika, uyğunluğun qiymətləndirilməsi, sertifikatlaşdırma, lisenziya və icazələr, marketinq, reklam və digər sahələrdə KOB subyektlərinin xərclərinin azaldılması məqsədilə, habelə yeni məhsulun və ya xidmətin yaradılması və inkişaf etdirilməsi sahəsində daxili bazarın mövcud vəziyyətinin müəyyən edilməsi istiqamətində həyata keçirilən fəaliyyətdir.

 

KOB subyektlərinə daxili bazarın mövcud vəziyyətinin öyrənilməsində dövlət dəstəyinin göstərilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası” təsdiq olunub. Bu qaydaya uyğun olaraq, daxili bazar araşdırmasının aparılması üçün dəstək tədbirləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən həyata keçirilir.

 

Daxili bazar araşdırması iki formada - KOB subyektlərinin fərdi və ya kollektiv müraciətləri, eləcə də KOBİA-nın təşəbbüsü əsasında aparılır. Bu dəstək alətinin KOB subyektləri üçün əsas faydası daxili bazarın mövcud vəziyyətinin və tələbatının real göstəricilərinin aşkara çıxarılmasıdır. KOB subyektləri daxili bazar araşdırmasına dövlət dəstəyindən istifadə edərək izafi xərcdən və əlavə vaxt itkisindən azad olaraq istehsal fəaliyyətini daxili bazara və tələbata çevik uyğunlaşdırmaq imkanı əldə edir.

 

Müvafiq sahədə daxili bazarın mövcud vəziyyətini və inkişaf perspektivlərini öyrənmək istəyən KOB subyekti daxili bazar araşdırmasına dövlət dəstəyi üçün müraciət etdikdə KOBİA tərəfindən müraciətçi ilə razılaşdırmaqla araşdırmanın əhatə dairəsi müəyyən edilir, tədqiqatın məqsədləri tərtib olunur. Növbəti mərhələdə daxili bazar araşdırmasının aparılması üçün peşəkar xidmətlərin cəlb edilməsi üçün “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə müvafiq olaraq tender prosedurları həyata keçirilir. Qalib gəlmiş xidmət təminatçısı, müraciətçi KOB subyekti və KOBİA arasında müqavilə imzalanır. Hesabatın (arayışın, rəyin və s.) forması, tərkibi, onun əhatə edəcəyi sahələr və hesabata dair digər tələblər həmin müqavilə ilə müəyyən edilir.

 

Müraciətçi KOB subyekti hazırlanmış daxili bazar araşdırması hesabatından məmnunluq ifadə etdikdə müvafiq akt tərtib olunur və göstərilmiş xidmətlərin dəyərinin bir hissəsi KOBİA tərəfindən qarşılanır. Qaydalara uyğun olaraq, mikro və kiçik sahibkarların müraciəti ilə hazırlanmış bazar araşdırmalarına dair hesabat digər sahibkarlara verilmir.

 

Bununla bərabər, ölkə ərazisində keçirilmiş sorğuların nəticələrinə, ölkə iqtisadiyyatının inkişafı ilə əlaqədar təsdiq olunmuş strategiya və proqram xarakterli digər sənədlərə əsaslanaraq sahbkarlıq subyektlərinin istifadəsi üçün KOBİA-nın təşəbbüsü ilə də bazar araşdırmaları həyata keçirilir. Bu cür daxili bazar araşdırmasının hesabatları KOBİA-nın rəsmi internet səhifəsində (www.smb.gov.az) yerləşdirilir və istənilən sahibkarlıq subyekti bu hesabatdan ödənişsiz faydalana bilər.

 

- KOB subyektlərinin daxili bazar araşdırmalarına dövlət dəstəyinə əlçatanlığını və onların bundan faydalanma vəziyyətini necə qiymətləndirmək olar?

 

- Daxili bazar araşdırması ilə əlaqədar dövlət dəstəyindən faydalanmaq çox asandır. “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası” ilə müəyyən edilmiş meyarlara cavab verən istənilən KOB subyekti bu dəstək alətindən faydalanmaq üçün KOBİA-nın internet səhifəsində yerləşdirilmiş ərizə formasını dolduraraq müraciət edə bilər. Hər bir müraciətin meyarlara uyğunluğu qiymətləndirilir və nəticəsi barədə ən geci 10 iş günü ərzində müraciətçiyə məlumat verilir.

 

- Daxili bazar araşdırmasının istiqaməti nəyə əsasən müəyyən edilir və onun nəticələri hansı məqsədlər üçün istifadə edilir?

 

- Daxili bazar araşdırmalarının istiqamətləri KOB subyektlərinin fərdi və ya kollektiv müraciətlərində qeyd olunan sahələr üzrə, KOBİA-nın təşəbbüsü ilə aparılan bazar araşdırmaları isə Agentlik tərəfindən sahibkarlar arasında keçirilmiş sorğuların nəticələrinə, eləcə də ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilmiş sənədlərə əsaslanaraq müəyyən edilir.

 

Daxili bazar araşdırmasının əsas məqsədi KOB subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması üçün onlara daxili bazarın mövcud vəziyyətinin öyrənilməsində maliyyə və informasiya dəstəyi göstərmək, özəl sektorda məhsul istehsalının artırılmasına, rəqabətqabiliyyətli məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına nail olmaqdır. Daxili bazar araşdırması müvafiq sahədə istehsal və ya xidmətin yaradılması və genişləndirilməsi ilə yanaşı, sahibkarın üzləşə biləcəyi riskləri qiymətləndirməsi və düzgün qərar qəbul etməsi üçün də əhəmiyyətlidir.

 

Əlavə edim ki, Nazirlər Kabinetinin “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında 21 dekabr 2018-ci il tarixli Qərarına uyğun olaraq, mikro, kiçik və ya orta sahibkarlıq subyekti olan və Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası”nın meyarlarına cavab verən istənilən KOB subyekti daxili bazar araşdırmasına dövlət dəstəyindən faydalana bilər.

 

“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası” ilə bəzi fəaliyyət növləri üzrə istisnalar edilmişdir ki, onların sırasında qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar, oyun və mərc sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, idxal olunan məhsulların yayılmasını (satışını, reklamını, təbliğini və s.) həyata keçirən (distribüterlik fəaliyyəti) KOB subyektləri, əsas fəaliyyət növlərindən biri daşınmaz əmlakın icarəyə verilməsi olanlar, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qeyri-rezidentlərə aid edilən şəxslər və sairlər vardır.

Daxili bazar araşdırmasına dövlət dəstəyinin göstərilməsi barədə qərar qəbul edilərkən əsas meyar kimi müraciət edən KOB subyektinin müvafiq məhsul və ya xidmət üzrə istehsal potensialı nəzərə alınır.

 

- Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir?

 

- Daxili bazar araşdırmalarının aparılmasına “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bağlanan müqavilə əsasında ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki şəxslər (fərdi sahibkarlar) cəlb edilirlər. Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği maksimum 20 min manatdır. Mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80 faizi, kiçik sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 50 faizi dövlət tərəfindən maliyyələşdirilir, qalan hissəsini isə müraciət edən sahibkarlıq subyekti özü ödəyir.

Dəstək məbləği ilk öncə sorğu edilən araşdırmanın əhatə dairəsindən və mürəkkəbliyindən asılıdır. Daxili bazar araşdırmalarının aparılmasına yönəldilən maliyyə vəsaitindən səmərəli istifadə edilməsi məqsədilə hər bir araşdırma ilə əlaqədar peşəkar xidmət təminatçısının seçilməsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tender yolu ilə müəyyənləşir.

 

- İndiyədək daxili bazar araşdırmasından nə qədər KOB subyekti yararlanıb?

 

- Daxili bazar araşdırması mexanizminin tətbiqinə başlanıldığı 2019-cu ildən indiyədək KOBİA-nın təşəbbüsü ilə 26, KOB subyektlərinin müraciətləri əsasında isə 23 daxili bazar araşdırması aparılıb. Bu araşdırmalar barədə ətraflı məlumat KOBİA-nın www.smb.gov.az saytında yerləşdirilib. Hazırlanmış hesabatların faydalılıq dərəcəsinin ölçülməsi məqsədilə dövri olaraq daxili bazar araşdırmasına dövlət dəstəyindən istifadə etmiş sahibkarlarla əlaqə saxlanılır və demək olar ki, əksər sahibkarların rəylərinə əsasən araşdırma nəticələri onların düzgün qərar qəbul etmələrinə müsbət təsir göstərib.


 Məlumat üçün qeyd edək ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da KOB subyektlərinə dəstək üçün daxili bazar araşdırması mexanizmindən istifadə olunması da nəzərdə tutulub. Belə ki, KOB subyektlərinin mövcud bizneslərinin genişləndirilməsi və onların yeni sahələr üzrə diversifikasiya təşəbbüslərinin həyata keçirilməsi məqsədilə 2026-cı ilədək hər il ən azı 10 daxili bazar araşdırmasının aparılmasına dəstək göstərilməsi planlaşdırılır.


https://vergiler.az/news/articles/25799.html

Powered by Froala Editor