Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) elektron ticarətin payının artırılması prosesində aktiv iştirak etməyə və irəli sürüləcək təşəbbüsləri dəstəkləməyə hazırdır.
Bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov oktyabrın 21-də keçirilən “Bakı Elektron Ticarət Forumu”nda deyib.
O.Məmmədov bildirib ki, bu gün dünyada elektron ticarətin həcmi sürətlə artır. Azərbaycan da dünya iqtisadi sisteminin bir parçası olaraq bu tendensiyalara uyğunlaşmaq istiqamətində mühüm addımlar atmaqdadır. Belə ki, Azərbaycanda elektron ticarətin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən pərakəndə satışlarda elektron ticarətin payının artırılması, transsərhəd ticarətin inkişafı prioritet olaraq müəyyən edilib: “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulan bir sıra tədbirlərin icrası məqsədilə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” qəbul olunub. Bundan başqa, elektron ticarətin hüquqi və infrastruktur bazasını beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədilə “Azərbaycan Rəqəmsal Ticarət Qovşağı” portalı yaradılıb. Bütün bunlar nağdsız ödəniş mühitinin genişləndirilməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsi istiqamətində mühüm hüquqi zəmin formalaşdırıb. Hesab edirik ki, elektron ticarətin inkişafı üçün üç tərəf – vətəndaş, biznes subyektləri və dövlət strukturları birgə məsuliyyət daşıyır. Vətəndaşın əsas məsuliyyəti rəqəmsal biliklərə yiyələnmək, ödənişləri elektron qaydada həyata keçirməkdən ibarətdirsə, sahibkarlar istehsal və ya ixrac etdiyi malların onlayn satışını təşkil etməklə əhalinin prosesə marağını artıra bilər. Dövlət isə tənzimləmə sahəsində addımlar atmaqla bu sahədə olan ekosistemin effektivliyini artıra, eləcə də elektron ticarəti təşviq edə bilər. Bir sözlə, iqtisadi subyektlər arasında nağdsız dövriyyənin artması və əhalidə nağdsız ödəniş vərdişlərinin formalaşması elektron ticarətin böyüməsi üçün əsas amillər rolunda çıxış edir”.
KOBİA-nın əsas vəzifəsinin məhz ölkədə startap, mikro, kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi olduğunu vurğulayan O.Məmmədov deyib ki, agentlik biznes mühitinin əlverişliliyinin artırılması, tənzimləmə sisteminin səmərəliliyinin yüksəldilməsi, çoxsaylı dəstək tədbirlərinin ünvanlılığının, onlara sahibkarların maneəsiz və rahat çıxışının təmin edilməsi kimi geniş və çoxşaxəli fəaliyyət gündəliyinə malikdir: “Ticarət əməliyyatlarında, o cümlədən pərakəndə satışlarda elektron ticarətin payının artırılması üçün geniş potensialın mövcudluğunu, eləcə də bu prosesdə mikro, kiçik və orta sahibkarların daha çevik addımlar atmaq imkanına sahib olduğunu nəzərə alaraq, hesab edirik ki, geniş maarifləndirmə tədbirlərinə zərurət var və KOBİA bu prosesdə aktiv iştirak etməyə və irəli sürüləcək təşəbbüsləri dəstəkləməyə hazırdır”.
https://azertag.az/xeber/KOBIA_elektron_ticaretin_...
Powered by Froala Editor