Ötən həftə “Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş 15 müraciətə baxılıb və onlardan 8-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 182-yə çatıb. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Məktəbli uşaqlarımızı GPS vasitəsilə izləyə biləcəyik
Sözsüz ki, azyaşlı övladını məktəbə yola salarkən narahat olmayan valideyn yoxdur. KOBİA-nın “Startap” şəhadətnaməsi ilə təmin etdiyi “Navimax” bu narahatlıqlara son qoyacaq tətbiq hazırlayıb. Bu tətbiq vasitəsilə azyaşlı məktəbdə olarkən onun hərəkətini izləmək mümkündür. Hətta uşaq təhsil ocağının ərazisindən 50-100 metr uzaqlaşan kimi, valideynə dərhal bildiriş ötürüləcək. Bundan əlavə, insanlar artıq bir-birlərini “hardasan”, “nə vaxt gəlirsən” kimi suallarla yormayacaqlar. Tətbiqə daxil olmaqla axtardığımız şəxsin və ya ailə üzvlərimizin harada olduğunu anındaca öyrənə və həmin ünvana necə gedəcəyimiz barədə dəqiq məlumat əldə edə biləcəyik.
Yeni tətbiqin hüquqi şəxslər üçün təqdim olunan faydalı imkanlarına gəlincə, şirkətlər öz avtomobillərinin necə idarə olunduğuna daha rahat nəzarət edə biləcəklər. Bunun üçün xüsusi GPS avadanlıqlarını avtomobilə quraşdırmaqla nəqliyyat vasitəsinin harada olduğuna, hərəkət marşrutuna, sürətinə, manevrlərinə nəzarət etmək mümkün olacaq. Proqramda diaqnostik kodlar da formalaşdırılıb ki, nəqliyyat vasitəsində hər hansı xoşagəlməz problem olduğu halda, məlumat birbaşa platformaya ötürülsün. Bu da avtomobil sahibinin anında məlumatlanması deməkdir.
Tətbiqi ərsəyə gətirən Tural İsayev hesab edir ki, “Startap” şəhadətnaməsi almaqla yerli investorların diqqətini daha asan cəlb edə biləcəklər. Çünki şəhadətnaməni almaq üçün münsiflər heyətinin dəyərləndirməsindən keçmək, istər-istəməz, layihəyə güvən qazandırır. 3 il gəlir və mənfəət vergisinə qənaət etməklə əldə olunan əlavə vəsaiti startapın inkişafına sərf etmək hədəfini gizlətməyən startapçı yeni funksiyalarla tətbiqi daha da zənginləşdirmək və marketinqini inkişaf etdirərək, onu qlobal bazara çıxarmaq niyyətindədir.
Oxumaq, öyrənmək, əylənmək, üstəlik pul qazanmaq...
“Oenva” startapı öyrənməyi daha əyləncəli hala gətirəcək. Layihənin rəhbəri Seymur Mustafayev düşünür ki, yaratdığı startap bazarda intellektual inkişaf üçün əlçatan və təsirli həllərə olan ehtiyacı qarşılayacaq. Platformadan istifadə edən şəxslər daha sistemli və məqsədyönlü bilik əldə edə biləcəklər. İntellektual oyunlar və innovativ layihələr vasitəsilə öyrənmə prosesi əyləncəli hala gələcək. Təbii ki, platformada mükafat qazanmaq fürsəti olduğundan, bu, istifadəçiləri daha motivasiyalı edəcək. Hətta fərdi inkişaf üçün innovativ layihələrə də qatılmaq mümkündür. S.Mustafayev hesab edir ki, vergi güzəşti resursların daha effektiv idarə olunmasına, texnoloji yeniliklərə investisiya qoyuluşuna və daha çox insanı platformaya cəlb edəcək marketinq fəaliyyətinin genişlənməsinə şərait yaradacaq. Şəhadətnamə isə startapın etibarlılığını artıraraq daha böyük tərəfdaşlıqlar və investisiyalar cəlb etmək üçün zəmin yaradır. Geniş auditoriya cəlb etmək məqsədilə layihənin çeşidinin daha da artırılmasını hədəfləyən startapçının sözlərinə görə, bununla yanaşı, istifadəçinin öyrənmə vərdişlərinə uyğun fərdiləşmiş məlumatlar təqdim etmək üçün platformaya süni intellekt inteqrasiyası da gündəmdədir. Təhsil qurumları ilə əməkdaşlıq platformadan yararlanan şirkətlərə xüsusi öyrənmə proqramları təklif etməyə imkan verəcək.
Bir tətbiq doqquz zəruri xidmət təklif edir
ADA Universitetinin üç tələbəsinin yaratdığı “Mopsn” startapı bir tətbiq daxilində bir neçə funksiyadan istifadə etmək istəyənlərin ürəyincə olacaq. Platforma nə az, nə çox - 9 fərqli istiqamətdə fəaliyyət göstərəcək. Mağazadan alış-veriş, restorandan yemək sifarişi, mal və məhsulların daşınması, aptek, tədbirlərə bilet, evə usta dəvət etmək, taksi çağırmaq və aviabilet almaq cəmi bir tətbiqdə birləşdirilib. Kinoteatra getmək istəyən şəxs həm biletini, həm də özü ilə aparacağı qidanı bu tətbiq vasitəsilə əldə edib vaxtına qənaət edəcək. Aviabilet alan müştəri gedəcəyi ölkədə qalmaq istədiyi məkanı tətbiq vasitəsilə bron edə biləcək. Startapın yaradıcılarından biri Elvin Əliyev hesab edir ki, layihə hələ tam dirçəlmədiyi üçün vergi ödəmək müəyyən maliyyə sıxıntılarına gətirib çıxaracaqdı, lakin “Startap” şəhadətnaməsinin verdiyi fürsətlər bu çətinliyin qarşısına keçməyə imkan yaradır. Startapçı bildirib ki, indiki halda tətbiqin əhatə dairəsi Bakı şəhəri ilə məhdudlaşsa da, yaxın gələcəkdə Sumqayıt və Xırdalan əhalisinin platformadan yararlanacağı mütləqdir. E.Əliyevin sözlərinə görə, layihə özünü doğrultsa, ölkə üzrə xidmət də istisna deyil. Beynəlxalq arenaya çıxmaq isə sonrakı planlar arasındadır.
Bazara getmədən bazar məhsulları dadmaq imkanı
Marketlərlə müqayisədə bazarlarda seçim çoxdur və ucuzdur. Amma etiraf etməliyik ki, əksəriyyətimiz bazara getməyə tənbəllik edirik. Kimi parklanma problemi yaşayır, kimi sıxlıqdan gileylənir, kimi isə vaxt çatışmazlığını səbəb gətirir.
KOBİA-nın “Startap” şəhadətnaməsi verdiyi fiziki şəxs İnqilab Rzayevin yaratdığı tətbiq bütün bu narahatlıqları geridə qoyacaq. Tətbiq vasitəsilə məhsullar bazarlardan alınaraq müştərilərin evinə çatdırılacaq. Startapçı bildirir ki, hər hansı satış nöqtəsi, soyuducu olmadan, əlavə infrastruktura ehtiyac duyulmadan xidmət göstərmək ucuz başa gələcək. Məhsul sifariş verənlərdən yalnız cüzi çatdırılma haqqı alınacaq.
KOBİA-nın “Startap” şəhadətnaməsi verdiyi “Firstit”in yaratdığı “Coffeein” tətbiqi isə kofesevərlərin xoşuna gələcək. İstifadəçilər aylıq abunə olmaqla sevimli məkanlarında hər gün kofe içə bilərlər. Üstəlik, kofeni uzaqdan sifariş etmək rahatlığı var ki, bu da vaxta qənaət etməyə imkan verir. Abunə olmadan kofe alanları isə yüksək faizli keşbek sevindirəcək.
Kofesevərlər və kofeşoplar arasında körpü yaradan, tətbiqin ərsəyə gəlməsində iştirak edən Elçin Cabbarov deyir ki, əsas məqsəd istifadəçilər üçün kofe alışını asanlaşdırmaqdır. Bunun üçün tətbiqin funksionallığı günü-gündən artırılır. Artıq yaxınlıqdakı kofeşopları tapmaq və başqasına kofe abunəliyi hədiyyə etmək əlçatandır. Bu tətbiq həm də kofeşoplara satışları artırmaq üçün böyük fürsət verəcək. Məkan sahibləri müştərilərlə effektiv şəkildə əlaqə saxlaya, xərclərinə nəzarət edə biləcəklər.
E.Cabbarov “Startap” şəhadətnaməsi və vergi güzəştlərinin yaradacağı üstünlüyə də diqqət çəkir. Bildirir ki, bu, onlara daha geniş resurslar ayırmağa, işləri sürətlə böyütməyə və beynəlxalq bazarlara çıxmağa dəstək olacaq. Artıq “Techstars” kimi beynəlxalq akseleratorlara müraciət edilib və investorlarla görüşlər keçirilib. Qlobal bazarlar demişkən, tətbiq artıq Kanadada da fəaliyyətə başlayıb. Gələcəkdə istifadəçilər arasında şəbəkələşmə və interaktiv imkanlar yaratmaq üzərində iş gedir. Bundan əlavə, VIP müştəri təcrübələri və fərdiləşdirilmiş təkliflər təqdim etmək planlaşdırılır.
https://vergiler.az/news/article/32794.html
Powered by Froala Editor