Please ensure Javascript is enabled for purposes of website accessibility
Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə Azərbaycan sahibkarları “MÜSİAD EXPO”da iştirak edirlər Sosial sahibkarlığa dair təlim keçirilib Qazaxıstan sahibkarları Azərbaycanda biznes subyektlərinə göstərilən dəstək tədbirləri barədə məlumatlandırılıb “KOB FEST” sərgi-satış yarmarkası bu dəfə Göyçayda ELAN Azərbaycanın KOB sektoru üzrə artım dinamikası davam edir “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”nə özəl sektor da dəstək göstərir AQEM yanında İşgüzar Şuranın 7-ci iclası keçirilib “Sudan dayanıqlı istifadədə KOB-ların rolu” mövzusunda müzakirə təşkil olunub KOBİA və Misirin Ağıllı Yaşıl Layihələr üzrə Milli Təşəbbüs heyəti arasında görüş keçirilib
“Sahibkarlar Günü”nə həsr olunmuş Konfrans keçirilib 25.04.22
“Sahibkarlar Günü”nə həsr olunmuş Konfrans keçirilib

20 il bundan əvvəl – 2002-ci ilin 25 aprel tarixində Ulu Öndər Heydər Əliyev yerli sahibkarlarla, may ayında isə xarici iş adamları ilə görüşüb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamı ilə 25 aprel tarixi artıq 7 ildir ki, ölkəmizdə “Sahibkarlar Günü” kimi qeyd olunur.


Aprelin 25-də İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Sahibkarlar Günü”nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda Konfrans keçirilib. Tədbirdə Milli Məclisin deputatları, aidiyyəti dövlət qurumlarının, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.


Əvvəlcə Konfrans iştirakçıları Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar. Konfrans iştirakçıları həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib, “Əbədi Məşəl” kompleksinə əklil qoyublar.


Konfrans öz işinə şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. 


Sonra ölkəmizdə özəl sektorun inkişafı üçün həyata keçirilən tədbirlərə və əldə edilmiş uğurlara həsr olunmuş film nümayiş edilib.


Sahibkarları təbrik edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanda sahibkarlığın keçdiyi inkişaf yolu, özəl sektorun formalaşması və inkişafında Ulu Öndərin misilsiz rolunu, qlobal çağırışlar fonunda bu siyasətin Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayıb. Qeyd olunub ki, biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşdırılır, qanunvericilik bazası təkmilləşdirilir, sahibkar-dövlət, hökumət-biznes münasibətləri inkişaf etdirilir. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində 2003-cü ildən indiyədək Azərbaycan iqtisadiyyatı 3,4 dəfə, sənaye 3,7 dəfə, kənd təsərrüfatı 2 dəfə, xarici ticarət dövriyyəsi 6,8 dəfə artıb. Diqqətə çatdırılıb ki, pandemiyanın milli iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluğa və özəl sektora mənfi təsirlərinin azaldılması ilə bağlı ilk günlərdən dövlət orqanları qarşısında ciddi vəzifələr qoyulub, iqtisadiyyata geniş dəstək paketini nəzərdə tutan proqramlar, biznesin dəstəklənməsini əhatə edən çoxşaxəli tədbirlər görülüb, maliyyə-iqtisadi dəstək proqramları tətbiq edilib. Bütün bunlar isə ölkədə iqtisadiyyatın, o cümlədən biznesin fəallığının qorunub saxlanılmasını təmin edib. Bu dövrdə biznesin nümayiş etdirdiyi sosial məsuliyyət, YAŞAT, Qarabağ Dirçəliş fondlarına göstərilən dəstək sahibkarlığın inkişafı ilə bağlı məqsədyönlü siyasətin məntiqi nəticəsi, insan kapitalının inkişafının göstəricisidir. Həyata keçirilən tədbirlər, səmərəli dövlət-özəl sektor tərəfdaşlığı resessiyanın qısa müddətdə qarşısının alınmasına və artım tempinin sürətlənməsinə imkan verib. Təsadüfi deyildir ki, pandemiyanın təsirlərinin minimallaşdırılması məqsədilə görülmüş işlər, iqtisadiyyatın bərpası və inkişafı üçün həyata keçirilən tədbirlər sayəsində ölkə iqtisadiyyatı 2021-ci ili 5,6 faizlik artımla başa vurub. Vurğulanıb ki, iqtisadi tərəqqi bütün sahələrin inkişafını, eləcə də ordumuzun güclənməsini şərtləndirir. Bu baxımdan, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində əldə edilmiş şanlı qələbədə sahibkarların da xüsusi töhfəsi vardır. 


Qarşıdakı dövrdə biznesin genişləndirilməsi istiqamətində nəzərdə tutulan tədbirlərdən danışan iqtisadiyyat naziri bildirib ki, qarşıdakı dövrdə sahibkarlığın inkişafı, biznesin stimullaşdırılması məqsədilə bir sıra addımların atılması nəzərdə tutulur. Qeyd edilib ki, ölkəmizin biznes cəlbediciliyinin yüksəldilməsi, sahibkarların maliyyə bazarlarına daha rahat və sistemli çıxışının təmin edilməsi, ənənəvi bazarlarda payının artırılması, yeni bazarlara çıxışının asanlaşdırılması, vergi və gömrük inzibatçılığının, əmək münasibətlərinin təkmilləşdirilməsi və s. sahələrdə reallaşdırılacaq tədbirlər özəl sektorun inkişafı və güclənməsinə yeni imkanlar yaradacaqdır. 


Əmək və əhalinin sosal müdafiəsi naziri Sahil Babayev iqtisadiyyatda mühüm rola malik olan özəl sektorun korporativ sosial məsuliyyət layihələri çərçivəsində əhalinin həssas qrupları ilə bağlı sosial dəstək və aktiv məşğulluq proqramlarına, o cümlədən şəhid ailələri və müharibə iştirakçılarının məşğulluğunun təminatına xidmət edən “Məşğulluq marafonu”na özəl sektorun yaxından dəstək göstərdiyini vurğulayıb. Nazir özəl sektor ilə sosial tərəfdaşlıq müstəvisində birgə layihələrin gələcəkdə daha da genişləndiriləcəyini vurğulayıb. 

 

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sahibkarlığın davamlı inkişafının təmin edilməsi məqsədilə bu sahədə hüquqi bazanın möhkəmləndirilməsinin önəmini qeyd edib, iqtisadi fəaliyyətin genişlənməsinə töhfə verən qanunvericiliyin mövcud ehtiyaclar və reallıqlar nəzərə alınmaqla yenilənməsinin hər zaman diqqət mərkəzində olduğunu bildirib. 

 

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, Azərbaycanın əldə etdiyi uğurlara sahibkarlar da öz töhfəsini verir. Bildirilib ki, özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-dən çox assosiasiya və birliyi birləşdirən Azərbaycan Sahibkarlar Konfederasiyası dövlət-sahibkar əməkdaşlığının daha da möhkəmləndirilməsi istiqamətində öz səylərini əsirgəmir. 

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin (KOBİA) sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafının iqtisadiyyatın prioritet istiqamətlərindən olduğunu qeyd edib, bu sahədə görülən tədbirlər, Agentliyin fəaliyyəti və dəstək mexanizmləri barədə məlumat verib. 

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev çıxışında sahibkar və işçilər arasında düzgün münasibətlərin qurulması, bunun sahibkarlıq fəaliyyətinə müsbət təsiri barədə danışıb. 


Konfransda çıxış edən sahibkarlar - Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın və Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının sədri Elxan Bəşirov Ümumilli Lider Heydər Əliyevin sahibkarlarla görüşləri, verdiyi tapşırıq və tövsiyələr, o cümlədən 2002-ci ilin 25 aprel tarixində sahibkarların Ulu Öndərlə görüşü barədə təəssüratlarını, özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən islahatlar barədə fikirlərini bölüşüblər. 


Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunub.

Powered by Froala Editor