Müasir biznesin tələblərindən biri də yeni ideyaların planlaşdırılmasından, daha dəqiq desək biznes-planların işlənib hazırlanmasından ibarətdir. Bu, ilk növbədə, sahibkarlıq subyektlərinə öz strategiyasını qurmağa, mövcud vəziyyəti real qiymətləndirməyə, nəzərdə tutulan ideyanın həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitlərinin həcmini düzgün müəyyənləşdirməyə, lazımi işçi personal toplamağa, bazarı araşdırmağa imkan verir. Təcrübə göstərir ki, yeni ideyanın həyata keçirilməsində planlaşdırmanın lazımi səviyyədə aparılmaması adətən gözlənilməz problemlər yaradır. Məhz yeni ideyanın həyata keçirilməsi üçün bütün aspektlər nəzərə alınmaqla düzgün tərtib olunmuş biznes-planın mövcudluğu müsbət nəticələrin əldə edilməsi üçün zəmin yaradır.
AZƏRTAC xəbər verir ki, biznes-plan həyata keçirilməsi nəzərdə tutulan ideyanın dərin analizini, həyata keçirilmə prosesində qarşılaşması mümkün olan problemlərin öyrənilməsini və bu problemlərin həlli yollarının tapılmasını təmin edir.
Biznes planın üstünlükləri
Biznes-plan hazırlanmasının əsas üstünlükləri aşağıdakılardan ibarətdir: İşə real yanaşmanı təşviq edir, işgüzar imkanları əsaslı surətdə qiymətləndirməyə və effektiv strateji qərarların tapılmasına şərait yaradır; nəzərdə tutulan ideyanın həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitlərinin həcmini müəyyənləşdirir, eyni zamanda, ideyanın həyata keçirilməsindən əldə olunacaq gəlirləri proqnozlaşdırır; ideyanın böyük potensiala malik olması, müvəffəqiyyətlə yerinə yetirilməsi və bütün bunların məhz layihə təşəbbüskarının daha yaxşı bacaracağı ilə əlaqədar sərmayədar və kredit təşkilatlarının inamını qazanmağa kömək göstərir; işin idarə olunmasının bütün aspektlərini nəzərə almaqla, tez və yaradıcı işləməyə imkan verir; kəmiyyət qiymətləndirilməsini həyata keçirmək mümkün olan vəzifələrin yerinə yetirilməsini təmin edir ki, bu da işə effektiv nəzarət etməyə, fəaliyyətin problemli və arzu edilməyən tərəflərini vaxtında görməyə və aradan qaldırmağa yardım göstərir.
Biznes planı necə tərtib edilməlidir?
Biznes planın təcrübədə daha çox rast gəlinən ümumiləşdirilmiş strukturu belədir (bu struktur biznesin mahiyyətindən, ehtiyaclarından və s. şərtlərdən asılı olaraq dəyişə bilər):
Şirkət Analizi: Hansı məhsulları və ya xidmətləri təklif edirsiniz və ya gələcəkdə nə təklif edəcəksiniz?
Sektor Analizi: bazarınız / bazarlarınız nə qədər böyükdür və necə dəyişir? Bazara hansı tendensiyalar təsir edir və bu gələcək uğurlarınıza xidmət edirmi?
Rəqabət Analizi: Rəqibləriniz kimdir və hər rəqibin güclü və zəif tərəfləri nələrdir? Hansı sahələrdə rəqabət üstünlüyünüz olacaq və bu üstünlüyü necə qazanacaqsınız?
Müştəri Təhlili: Hədəf müştəriləriniz kimlərdir? Onların ehtiyacları nədir?
Marketinq Planı: Hədəf seçilmiş müştərilərinizə necə çatacaqsınız? Hansı marketinq kanallarından istifadə edəcəksiniz? Məhsullarınızı və ya xidmətlərinizi necə qiymətləndirəcəksiniz?
İdarəetmə Komandası: Mövcud komandanızda kimlər var və hansı əsas işə qəbul etməlisiniz?
Əməliyyat Planı: Fəaliyyət planınız nədir? Bir ilin sonunda istədiyiniz yerə çatmaq üçün atmalı olduğunuz addımlar nələrdir? Beş ilin sonunda istədiyiniz yerə çatmaq üçün hansı addımları atmalısınız?
Maliyyə Planı: Şirkətinizi qurmaq üçün nə qədər xarici maliyyəyə ehtiyacınız var? Bu fondlar hansı sahələrə yatırılacaq? Növbəti bir il, beş il ərzində təxmin etdiyiniz gəlir və qazancınız nə qədərdir? Hansı aktivləri əldə etmək lazımdır?
Beləliklə, sahibkarlar və biznesə başlamaq istəyənlər biznes planın bu səkkiz bölməsindəki sualları cavablandıraraq konkret iş hədəflərini formalaşdırmış olacaqlar.
Biznes planın hazırlanması üçün KOB inkişaf mərkəzlərinə müraciət edin
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, agentliyin KOB İnkişaf Mərkəzləri (KOBİM) tərəfindən biznesini genişləndirmək istəyən KOB subyektlərinə və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlərə biznes planın hazırlanmasında dəstək göstərilir. Bu məqsədlə KOBİM-lər tərəfindən ödənişsiz olaraq təlimlər və fərdi məsləhət xidmətləri göstərilir. Təkcə 2022-ci ilin birinci yarısında KOBİM-lər Bakı şəhəri və regionları əhatə edəcək 170-a yaxın layihə üzrə biznes planın hazırlanmasında sahibkarlara və biznesə başlamaq istəyən potensial sahibkarlara dəstək olub. Sahibkarlar və biznesə başlamaq istəyən şəxslər biznes planın hazırlanmasında dəstək üçün yaşadıqları ərazi üzrə KOBİM-ə müraciət etməklə “Biznes planın hazırlanması” mövzusunda təlimlərdə iştirak edə, bu sahədə mərkəzin ekspertləri tərəfindən məsləhət xidməti və biznes planın hazırlanması üçün texniki dəstək göstərilə bilər.
https://azertag.az/xeber/Ugurlu_biznesin_qurulmasinda_biznes_planin_onemi-2241176
Powered by Froala Editor