Azərbaycan qadını deyəndə, ilk növbədə, göz önündə ana, ailənin möhkəm dayaqlarından biri canlanır. Bəli, bu gün biz qloballaşma şəraitində, internetin inkişafının geniş vüsət aldığı dövrdə bir xalq olaraq identikliyimizi, dilimizi, ailə ənənələrimizi, milli-mənəvi dəyərlərimizi qoruya bilmişiksə, bütün bunlara görə məhz cəfakeş Azərbaycan qadınlarına borcluyuq. Lakin Azərbaycan qadınları bu gün yalnız ana olmaqla kifayətlənmir, onlar ölkəmizin həyatının bütün sahələrində öz fəallıqları ilə fərqlənirlər. Hazırda dövlət idarəçiliyində, təhsil, səhiyyə, sosial müdafiə sistemlərində, hüquq-mühafizə orqanlarında qadınların iştirakçılığı yüksək səviyyədədir.
Son illərdə isə respublikamızda sahibkar qadınlar təbəqəsi formalaşmaqdadır. Zərif cinsin nümayəndələri ölkəmizdəki əlverişli biznes mühitindən bəhrələnərək bu sahədə də özlərinin güclü və əzmkar olduqlarını təsdiqləyirlər. Artıq respublikamızda qadın sahibkarların təsis etdikləri şirkətlərin, birgə müəssisələrin, firmaların sayı yüzlərlədir. 2021-ci ilin 1 yanvar tarixinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş sahibkarların 21,3%-ni qadınlar təşkil edib. Qadın sahibkarların yaratdığı özəl təsərrüfat subyektləri sənayedə, kənd təsərrüfatında və xidmət sektorunda uğurla fəaliyyət göstərir. O cümlədən kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində fəaliyyət göstərən sahibkarların 23,8%-ni, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 20,8%-ni, digər sahələrdə isə 31%-ni qadınlar təşkil edir.
Azərbaycan qadınlarının sahibkarlıq sahəsində fəaliyyətlərini genişləndirmələrinə müsbət təsir göstərən amillər sırasında dövlət dəstəyi tədbirlərinin önəmini xüsusi vurğulamaq lazımdır. “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətində qadın sahibkarlığının inkişafı prioritet istiqamətlərdəndir. Qurum ölkə iqtisadiyyatının inkişaf prioritetləri, həmçinin milli xüsusiyyətlər nəzərə alınmaqla, qadın sahibkarlığının inkişafını təşviq edir, bu sahədə zəruri dəstək və xidmətlər göstərir. İndiyədək Bakıda və müxtəlif regionlarda sahibkarların maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılması, satış bazarlarına və maliyyə resurslarına çıxışı istiqamətində KOBİA tərəfindən həyata keçirilmiş müxtəlif tədbirlərdən və dəstəklərdən istifadə etmiş sahibkarların 30%-dən çoxunu qadınlar təşkil edib. KOB-ların beynəlxalq təcrübəyə yiyələnməsi məqsədilə KOBİA-nın tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı”ndan indiyədək 451 sahibkar və menecer yararlanıb ki, onların 30%-dən çoxu qadınlardır. KOBİA yanında fəaliyyət göstərən İctimai Şurada Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası da aktiv şəkildə təmsil olunur”. Bu fikirlər KOBİA-dan “Yeni Azərbaycan”-a daxil olan məlumatda yer alıb. Bildirilir ki, KOBİA tərəfindən qadın sahibkarlığının inkişafını təşviq etmək, mikro, kiçik və orta sahibkarlar arasında qadınların sayının daha da artması üçün müvafiq tədbirlər həyata keçirilir. Qadınların sahibkarlıq sahəsində yeniliklər və dəstək mexanizmləri barədə məlumatlandırılması, onların fikir və təkliflərinin öyrənilməsi üçün mütəmadi olaraq maarifləndirici tədbirlər, təlim, seminar və dəyirmi masalar təşkil olunur. Qadın sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin agentliyin dəstəyi və təşkilatçılığı ilə keçirilən müxtəlif ixtisaslaşmış sərgilərdə tanıdılması daim diqqətdə saxlanılır. “Qadınlar biznes sahəsində bilik və bacarıqlarını artırmaq üçün KOBİA-nın KOB inkişaf mərkəzləri tərəfindən təşkil olunan ödənişsiz təlimlərdən və məsləhət xidmətlərindən yararlanırlar. İndiyədək xeyli sayda qadın agentlik tərəfindən göstərilmiş müxtəlif dəstək və xidmətlərdən istifadə etməklə biznes fəaliyyətinə başlamış və ya mövcud sahibkarlıq fəaliyyətini genişləndirmişdir”, - deyə KOBİA-nın məlumatında vurğulanıb.
KOBİA, həmçinin yerli və xarici təşkilatlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə layihə və proqramlarda da qadın sahibkarlığının inkişafına dəstəyi diqqət mərkəzində saxlayır. Məsələn, KOBİA və Azərbaycana Birgə Yardım Təşkilatı (United Aid for Azerbaijan - UAFA) arasında ölkədə qadın sahibkarlığının inkişafına dəstək istiqamətində əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Bu sənədə uyğun olaraq, regionlarda qadın sahibkarlığının inkişafı və məşğulluğunun genişləndirilməsi, onların biznes bacarıqlarının gücləndirilməsi və maarifləndirilməsi istiqamətində birgə tədbirlərin həyata keçirilməsi və s. nəzərdə tutulur.
Pandemiyanın neqativ təsirlərindən ziyan çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlar arasında qadınlar da var. Onlar da pandemiyadan ziyan çəkmiş sahibkarlara göstərilən dövlət dəstəyi tədbirlərindən yararlanıblar.
Agentlik tərəfindən, həmçinin KOB-ların məhsullarının ixtisaslaşmış sərgilərdə iştirakına dəstək göstərilir. 2018-i ildən etibarən qurumun dəstəyi ilə 170-dən çox startap, mikro və kiçik sahibkarlıq subyektinin ixtisaslaşmış sərgilərdə ödənişsiz iştirakı təmin edilib. Bu yaxınlarda KOBİA-nın dəstəyi ilə sahibkarların məhsullarının satışına dəstək məqsədilə onlayn satış platforması - www.kobmarket.az istifadəyə verilib. Portal sahibkarların yeni platformalar üzərindən satış imkanlarını genişləndirməklə yanaşı, ölkədə onlayn ticarətin inkişafına, KOB-ların rəqəmsallaşdırılması prosesinin sürətlənməsinə və nağdsız ödənişlərin artırılmasına da dəstək olacaqdır. Qadın sahibkarlar da yaratdıqları təsərrüfat subyektlərində buraxılan məhsulların tanıdılması və satışı üçün bəhs olunan platformalardan geniş şəkildə bəhrələnirlər.
KOBİA-dan qəzetimizə daxil olan məlumatda da bildirildiyi kimi, 2021-ci ildən etibarən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliy?ələşdirilməsinə start verilib. Bu məqsədlə agentliyin keçirdiyi müsabiqəyə təqdim edilən layihələrdən 15-i maliyyələşdirilib. Layihələr yanacağa qənaət, müxtəlif qurğuların və proqram təminatının hazırlanması, təkrar emal, tullantısız istehsal, beynəlxalq sertifikatların və patentlərin alınması, qadınların məşğulluğunun təmin edilməsi istiqamətlərini əhatə edir. Hər layihənin ayrı-ayrılıqda maliyyələşdirilməsi üçün minimum 14 min, maksimum 20 min manat həcmində vəsait ayrılıb.
Çox haqlı olaraq qadın sahibkarların iqtisadi fəaliyyət meydanında getdikcə daha çox görünmələri ölkəmizin inkişafı üçün yeni fürsət kimi dəyərləndirilir. Respublikamız üçün nisbətən yeni olan bu tendensiya özəl sektorun rəqabət qabiliyyətinin genişlənməsinə, məşğulluğun artmasına, ümumilikdə isə iqtisadiyyatın və sosial sektorun inkişafına müsbət təsir göstərir.
Mübariz
https://www.yeniazerbaycan.com/MEDIA_e63051_az.html
Powered by Froala Editor