
Uğurlu biznesin əsasında düzgün qurulmuş ideya və zamanında atılmış cəsarətli addım dayanır. Bu yolda hər bir sahibkarın arzusu - öz təşəbbüsünü reallaşdırmaq, onu rəqabətədavamlı və gəlirli müəssisəyə çevirməkdir. Ancaq bu yol nə qədər ümidverici olsa da, ilkin mərhələdə sahibkarlar bir sıra çətinliklərlə üzləşirlər: maliyyə mənbələrinin çatışmazlığı, bahalı avadanlıqların alınması, vergi və gömrük öhdəlikləri, texniki və hüquqi tələblər və s.
Məhz bu məqamda dövlətin dəstəyi mühüm rol oynayır. Çünki yeni yaradılan bizneslər təkcə sahibkara deyil, bütövlükdə iqtisadiyyat və cəmiyyət üçün əhəmiyyət daşıyır: regionlarda sosial-iqtisadi canlanma baş verir, işsizlik azalır, yerli istehsal güclənir və ixrac potensialı artır. Dövlət bu prosesdə sahibkarın yanında olmaqla onun risklərini azaldır və inkişaf yolunu açır. Bu dəstəyin mühüm alətlərindən biri də investisiya təşviqi sənədidir.
Bu sənəd sahibkara real və ölçülə bilən güzəştlər təqdim edir. Sahibkar dövlətin müəyyən etdiyi qaydalar çərçivəsində investisiya layihəsini həyata keçirməyə hazır olduqda, qarşılığında vergi və gömrük öhdəliklərindən azad olunur. Bu da həm ilkin yükün azalmasına, həm də müəssisənin daha tez rentabelli olmasına şərait yaradır. Təəssüf ki, bu imkandan bəzi sahibkarların xəbərsiz olması və ya ondan necə faydalanacaqlarını bilməməsi, təşviq mexanizminin tam potensialda işləməsinə mane olur.
“Report” bu sənədlə bağlı sahibkarları maraqlandıran əsas suallara cavab təqdim edir.
502 sahibkara 606 investisiya təşviqi sənədi verilib
Əvvəla onu qeyd edək ki, bu ilin may ayının sonuna olan məlumata görə, Azərbaycanda 502 sahibkarlıq subyektinə 606 investisiya təşviqi sənədi təqdim olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, bu layihələrin reallaşması nəticəsində 7,3 milyard manatdan çox investisiya yatırılacaq, 43,7 mindən artıq iş yeri yaradılacaq.
Təşviq edilmiş layihələrin 13,2 %-i Bakı şəhəri və ətraf qəsəbələrin, 86,8 %-i isə regionların payına düşür. Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 62,5 %-i sənaye, 34 %-i kənd təsərrüfatı, 1,8 %-i logistika, 1,7 %-i isə turizm sahələrində icra olunacaq layihələri əhatə edir.
Hazırda bu sənədi almış 550-dən artıq layihə fəaliyyətə başlayıb, qalanları isə icra mərhələsindədir. Bu müəssisələrin istehsal etdiyi məhsullar MDB, Avropa və ərəb ölkələri də daxil olmaqla bir sıra xarici bazarlara ixrac olunur.
İnvestisiya təşviqi sənədi nədir?
İnvestisiya təşviqi sənədi - hüquqi şəxslərə və fərdi sahibkarlara müəyyən edilmiş vergi və gömrük güzəştlərindən istifadə imkanı yaradan rəsmi sənəddir. Bu mexanizm 2016-cı ildən tətbiq olunur.
Dövlət bu sənədi təqdim etməklə sahibkarı stimullaşdırır: sahibkar yeni müəssisə qurur və investisiya qoyur, qarşılığında isə bir sıra vergi və gömrük rüsumlarından azad olunur.
Bu sənəd hansı güzəştləri əhatə edir?
Təbii ki, haqlı olaraq sahibkarlarda belə bir sual yaranır - bu sənədin onlara faydası nədir? İnvestisiya təşviqi sənədi onlara hansı güzəştləri verəcək?
Sahibkarların xüsusilə bilməli olduğu əsas məqam budur ki, investisiya təşviqi sənədi sahibkara 7 il müddətinə güzəştlər verir. Onlar məhz 7 il müddətinə mənfəət və ya gəlir vergisinin 50 %-dən azad olurlar. Bundan başqa, torpaq və əmlak vergisindən tam azad olurlar.
Müvafiq təsdiqedici sənəd əsasında layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların gömrük rüsumu və ƏDV-dən də tam azad edilirlər. Bu güzəştlər yalnız layihə çərçivəsində idxal olunan avadanlığa şamil olunur. Xammal və ehtiyat hissələri bu güzəştlərə daxil deyil.
Sənədinin əldə olunması üçün şərtlər nələrdir?
Əsas məsələ bu sənədin əldə olunması üçün şərtlərdir. Belə ki, investisiya təşviqi sənədinin verilməsi üçün investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, layihənin həcmi ilə bağlı minimal məbləğ, layihənin həyata keçiriləcəyi ərazilər və zonalar, habelə strateji investisiya layihələrinin meyarları təsdiq edilib. Bu sənədi əldə etmək üçün isə ilk növbədə, sahibkar vergi orqanında vergi ödəyicisi kimi uçota alınmalıdır.
Daha sonra müəyyən olunmuş meyarlara uyğun olaraq ərizə, biznes plan, ilkin ödənişi (minimal məbləğin 10 %-i) təsdiq edən sənədlər (SWIFT çıxarışı və ya müqavilə), layihəyə aid torpaq sənədləri (mülkiyyət, istifadə və ya icarə hüququ), dövlət reyestrindən çıxarış, nizamnamə, şəxsiyyət vəsiqəsinin surətlərini (fərdi sahibkar üçün) təqdim etməlidir.
Sahibkar hara müraciət etməlidir?
İnvestisiya təşviqi sənədini almaq üçün sahibkar İqtisadiyyat Nazirliyinə və ya nazirliyin Bakı, Xaçmaz və Yevlax şəhərlərində yerləşən KOB evlərində fəaliyyət göstərən xidmət pəncərəsinə müraciət etməlidir. Mövcud qanunvericiliyə uyğun olaraq, təqdim edilmiş layihəyə və əlavə edilmiş sənədlərə 5 iş günü müddətində baxılır.
İnvestisiya layihəsi meyarlara cavab verdiyi, sənədlərdə çatışmazlıq, eləcə də sahibkarın vergi və digər dövlət ödənişləri üzrə vaxtı keçmiş öhdəlikləri olmadığı halda və dövlət rüsumu ödənildikdən sonra investisiya təşviqi sənədi 2 iş günündən gec olmayaraq sahibkara verilir. Bu sənəd üçün dövlət rüsumu isə 70 manat təşkil edir. Sahibkar ayrı-ayrı layihələrinin hər birinə ayrıca investisiya təşviqi sənədi ala bilər.
Dövlət Vegi Xidmətinin məlumatına əsasən, bu ilin may ayının 1-nə respublika üzrə uçotda olan 1 621 818 vergi ödəyicisi var. Bu vergi ödəyicilərinin 86,9 %-i fiziki şəxslər, 13,1 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 4,8 %, o cümlədən fiziki şəxslərin sayı 4,3 %, hüquqi şəxslərin sayı isə 7,7 % artıb. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,7 %-i məhdud məsuliyyətli cəmiyyət, 1,1 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb. Qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 % artaraq 195 263 vahid təşkil edib.
Nəzərə alsaq ki, ölkədə sahibkarların sayı artmaqda davam edir hər birisi, investisiya təşviqi sənədi kimi üstünlükdən, onun təqdim etdiyi güzəştlərdən istifadə etmək hüququ var. Beləliklə, investisiya təşviqi sənədi - dövlətlə sahibkar arasında əməkdaşlığın real nümunəsidir. Bu sənəd vasitəsilə sahibkar üçün biznesə başlamaq daha əlverişli və risk baxımından daha təhlükəsiz olur. Dövlət isə bununla həm sahibkarı stimullaşdırır, həm də regional inkişafı, qeyri-neft sektorunun genişlənməsini və dayanıqlı iqtisadi artımı təşviq edir. Dövlətin təqdim etdiyi bu alətdən istifadə etməklə, onlar daha sürətlə istehsala başlaya, xarici bazarlara çıxış əldə edə və yeni dəyər zəncirləri qura bilərlər.
Unutmayaq ki, hər yeni müəssisə - bir yeni başlanğıcdır. İnvestisiya təşviqi sənədi isə bu başlanğıcı reallığa çevirən mühüm dəstək mexanizmidir.
Powered by Froala Editor