Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi iqlim dəyişmələrinə qarşı mübarizə tədbirləri çərçivəsində özəl sektorun iştirakı ilə ölkədə mövcud olan termal sulardan istifadəni təşviq edir. Bu məqsədlə iş adamları Kürdəmir rayonunun Carlı və Sor-Sor sahələrində qazılmış Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin balansında olan və istismara yararlı hesab edilən kəşfiyyat quyularının termal sularından istifadə etməklə biznes layihələri ilə bağlı təklif verməyə dəvət olunur.
Carlı–Sor-Sor sahəsi inzibati cəhətdən Kürdəmir rayonu ərazisində yerləşir. Sor-Sor sahəsi Kürdəmir rayon mərkəzindən 15 km cənub-cənub-qərbdə, Carlı sahəsi isə 25 km cənub şərqdədir. Hər iki sahənin Kürdəmir rayon mərkəzi ilə Kürdəmir-Mollakənd-İmişli yolu vasitəsi ilə əlaqəsi mövcuddur.
İlkin layihə təklifində termal sulardan hansı məqsədlər üçün istifadə edilməsinin (istixanaların qızdırılması, balenoloji istifadə) planlaşdırılması və qurulacaq biznesin istiqamətləri göstərilməlidir. İlkin layihə təklifinə nəzərdə tutulan biznes plana uyğun olaraq yönələcək investisiyanın gözlənilən məbləği, tələb olunan əlavə infrastruktur təminatı, torpaq sahəsi, yaradılacaq iş yerlərinin sayı, istehsal olunacaq məhsul və ya göstəriləcək xidmətlə bağlı məlumatlar və ekoloji mühitə təsirlər daxil edilməlidir.
Təqdim edilən layihələr İqtisadiyyat Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Neft Şirkətinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin nümayəndələrindən ibarət İşçi Qrup tərəfindən qiymətləndiriləcək və seçilmiş layihələr üzrə özəl tərəfdaşlara müvafiq məlumat göndəriləcək.
Layihə çərçivəsində seçilmiş quyunun istismar vəziyyətinə gətirilməsi, istehsal təyinatına görə avadanlıqların gətirilməsi və quraşdırılması da daxil olmaqla ölkədə tətbiq edilən güzəştlərin özəl tərəfdaşa şamil edilməsi və güzəştli kreditlərdən istifadə imkanı dəstəklənəcək. Həmçinin təsərrüfat fəaliyyəti üçün layihə təklifinə uyğun müvafiq torpaq sahəsinin ayrılmasına və qanunvericiliklə müəyyən edilmiş digər tədbirlərin həyata keçirilməsinə köməklik göstəriləcək.
Termal quyuların suyunun istismarına və kommersiya istifadəsinə dair icazələrin və məlumatların əldə edilmsində dəstək təmin olunancaq. Layihə ərazisi, quyuların yerləşməsi, termal su quyularının ilkin kəşfiyyat göstəriciləri ilə bağlı məlumatlarla Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Kürdəmir rayonu üzrə KOB Dostunun ofisində tanış olmaq mümkündür:
Əlaqələndirici şəxslər:
- İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin Özəl layihələrin dəstəklənməsi sektorunun müdiri İlkin Şamilov - e-mail: ilkin.shamilov@economy.gov.az, (+994 50) 262 61 32).
- Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB dostu departamentinin Aran regional koordinatorluğunun KOB dostu Rahim Məmmədov - e-mail: rahim.mammadov@smb.gov.az, (+994) 55 500 12 37, 055 686 57 50).
Marağın ifadə edilməsi ilə bağlı təkliflər 2021-ci il avqustun 2-dən şənbə və bazar günlərindən başqa həftənin iş günlərində (1-5-ci günlər) səhər saat 09.30-dan 17.30-dək qəbul edilir və ya aşağıdakı e-mailə göndərilir: rahim.mammadov@smb.gov.az
Özəl tərəfdaş tərəfindən təqdim ediləcək təklifin son tarixi: 31 avqust 2021-ci il
Təkliflər aşağıdakı ünvana təqdim edilməlidir:
Ünvan: rahim.mammadov@smb.gov.az
Əlaqə telefonu: (+994) 55 500 12 37, 055 686 57 50).
Əlaqələndirici şəxs: Rahim Məmmədov
Powered by Froala Editor