We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
“Investment Journey” Event Held in Shirvan This Time How can an entrepreneur grow his business: What is the state doing for this? – ANALYSIS Next Training Session for Export-Oriented Entrepreneurs Focuses on Working with Partners ANNOUNCEMENT At Baku Energy Week, KOBIA Promotes the Transition of SMEs to a Green Economy and the Baku Climate Declaration Meeting Held Under the Theme: “Human Development in Focus – MeetUp” Three More SMEs Awarded “Startup” Certificates Public discussion is organized due to green transport business Opportunities for entrepreneurial activities in regions : SME Friends, SME Development Agencies The Promotional Exhibition of Local Companies is Commencing
İnnovasiyaya vergi güzəşti ilə dəstək: “Startap” şəhadətnaməsi alanların sayı artır 11.06.25
İnnovasiyaya vergi güzəşti ilə dəstək: “Startap” şəhadətnaməsi alanların sayı artır

Daha 3 KOB subyektinə “Startap” şəhadətnaməsinin verilməsi ilə innovasiya fəaliyyəti üzrə vergi güzəştləri almış mikro və kiçik sahibkarların sayı 213-ə çatıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclasında daha 8 müraciətə baxılıb və onlardan 3-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Sözügedən sahibkarlıq subyektləri şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə 3 il mənfəət və ya gəlir vergisi ödəməyəcək.

Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektlərinin bu güzəşt sənədini almaq üçün hələ də vaxtı var. Bunun üçün onların lazım olan sənədlərlə birlikdə KOBİA-ya müraciət etməsi yetərlidir. “vergiler.az” ənənəni davam etdirərək, yeni “Startap” şəhadətnaməsi almış sahibkarlarla həmsöhbət olub, onların yeniliklərini öyrənib.

18 milyon auditoriyası olan yerli oyunlarımız...

Oyun - yaşından, həyat tərzindən asılı olmayaraq, hər kəsi əyləndirən, vaxtını mənalı keçirməyə kömək edən bir məşğuliyyətdir. Dünyanın bir sıra ölkələrində artıq “oyun sənayesi” anlayışı formalaşıb və bundan kifayət qədər gəlir götürən şirkətlər də var. KOBİA-nın “Startap” şəhadətnaməsi verdiyi “Cool Bears” studiyası yeni oyunlar yaradaraq Azərbaycanda bu sahənin inkişafına çalışır. Artıq dünya üzrə 18 milyondan çox auditoriyası olan “Cool Bears” bu saya çatmış ilk Azərbaycan studiyasıdır. Startapın təsisçisi Bəkir Omarov yaratdıqları oyunların maraqla qarşılandığını və bütün bu uğurların arxasında 6 gəncin əməyinin dayandığını bildirib. Onun sözlərinə görə, oyunların fan-bazası və “YouTube”da milyonlarla izlənmiş “gameplay” videoları mövcuddur. Startapçı bildirir ki, tərtib etdikləri bütün oyun layihələri unikallığı ilə seçilir. Belə ki, oyunlar realistik fizika əsasında tərtib olunub və bu da komandanın peşəkarlığından qaynaqlanan məsələdir. Hətta “Truck Wars” oyununun fizikasını klonlamağa cəhd edən xarici oyun studiyaları olub, lakin keyfiyyətdə fizikanı təkrarlaya bilməyiblər.

“Cool Bears” studiyasında indiyə kimi 20-dən çox oyun layihəsi tərtib edilib. Bunlar arasında 3 oyun xüsusi diqqət çəkir. “Truck Wars” mobil oyunu 10 milyondan çox yüklənib. “Boxing Physics” oyununun isə 5 milyondan çox oyunçusu olmaqla bərabər, “YouTube”da 10 milyondan çox baxış sayı var. “Hexo Brain” oyununa gəldikdə, bu oyun “Apple Store”da “günün oyunu” və “ən çox sevilən yeni oyunlar” kateqoriyalarına düşməyi bacarıb. Yeri gəlmişkən, “Hexo Brain” “Apple Store” tərəfindən “featuring” əldə edən ilk Azərbaycan istehsallı oyundur.

B.Omarov deyir ki, oyunsevərləri sevindirməyə davam edirlər və hazırda üzərində işlədikləri layihə “puzzle” janrında olacaq. Bu janrda daha öncə olmayan mexanika istifadə ediləcək. Sözsüz ki, keyfiyyətli və dünya bazarında rəqabət apara biləcək oyunlar yaratmaq üçün ciddi büdcə tələb olunur. Bu yolda zirvəyə kimi addımlamaqda israrlı görünən həmsöhbətimiz “Startap” şəhadətnaməsi ilə vergidən azad olmanın layihənin böyüməsini ciddi şəkildə dəstəklədiyini düşünür. Üstəlik, yeni layihələrə büdcə ayırmaq da mümkün olacaq.

Gənclərin səsi artıq dünya mediasında da eşidilir. Belə ki, “Cool Bears” komandası “Google Play” şirkətinə müsahibə verib və studiyalarının hekayəsi qlobal “WePlay” jurnalında dərc olunub.

Ev təmiri, şəxsi köməkçi, texniki xidmətlər bir tətbiqdə birləşdi

Əlində peşəsi olan, amma müştəri tapmaqda çətinlik çəkən ustalar, fərdi köməkçilər, təmizlik xidməti və digər sahələrdə çalışanlar bir platformaya qoşularaq öz müştəri bazasını qura və qazanclarını artıra biləcəklər. “WHY Service” Azərbaycanda gündəlik həyatı asanlaşdırmaq üçün yaradılmış ilk çoxfunksiyalı köməkçi platformalardan biridir. İstər ev təmiri, istər şəxsi köməkçi, istərsə də texniki xidmətlər – bütün bunları bir tətbiqdə cəmləyərək yeniliyə imza atan layihənin təsisçisi Nigar Babayeva istifadəçilərin həyatını asanlaşdırmaqla yanaşı, xidmət təklif edən şəxslər üçün əlavə gəlir imkanı yaratdıqlarını deyir. Bir sözlə, müştəri xidməti rahat əldə edir, xidmət göstərən qazanır, platforma da bu əməliyyatlardan güc alır.

“WHY Service” (https://www.wehelpyou.az) platforması üzərindən 27 əsas kateqoriya və 78 alt kateqoriya üzrə 600-dən çox peşəkar mütəxəssis öz xidmətini təklif edir. Platformanın həm “Android”, həm də “IOS” üçün mobil tətbiqi mövcuddur. İstifadəçilər tətbiq vasitəsilə xidmət kateqoriyalarına asan çıxış əldə edə, sürətli sifariş verə, xəritə üzərindən yaxınlıqdakı mütəxəssisləri görə bilərlər. Bundan başqa, icraçıların reytinqlərinə baxmaq, xidmət təklif edənlərin portfoliolarını nəzərdən keçirmək də əlçatandır. Əvvəllər telefonla axtarış, tanışların tövsiyəsi ilə həll olunan işlər indi daha sürətli, şəffaf və sistemli şəkildə həyata keçirilir. Nəticədə xidmət alan da, xidmət göstərən də rahatlıq tapır. Elə “WHY Service”in əsas hədəfi də insanlara vaxt itirmədən, bir neçə kliklə peşəkar xidmətləri tapmaq və sifariş etmək imkanı yaratmaqdır. Xidmət bazarı vahid platformada toplanır ki, bu da layihəni unikal edən məqamlardan biridir. “WHY Service” komandası təkcə əlaqə yaratmır, eyni zamanda keyfiyyətə nəzarət, qiymət şəffaflığı və istifadəçi rəyləri ilə xidmət keyfiyyətinin yüksəldilməsinə cavabdehdir. Sistem süni intellektə əsaslanır ki, bu da istifadəçinin ehtiyaclarını daha tez müəyyənləşdirib uyğun xidmətləri qısa zaman kəsiyində təklif etməyə şərait yaradır. Bu da hələ son deyil. N.Babayeva deyir ki, gələcəkdə tətbiqə avtomatlaşdırılmış çevik müştəri dəstəyi, abunəlik sistemləri, eləcə də korporativ paketlərin əlavə edilməsi planlaşdırılır. Bundan əlavə, regionlarda xidmət şəbəkəsinin genişləndirilməsi də planlar siyahısında ilk yerdə qərarlaşıb.

Layihə rəhbəri hesab edir ki, startapçılara tətbiq edilən vergi güzəştləri inkişaf üçün böyük dəstəkdir və bunun sayəsində resursları daha çox məhsul inkişafına, marketinqə və komanda qurulmasına yönəltmək mümkündür. Bütün bu sadalananlar təmin olunduqda layihə daha çox investorun etibarını qazanır. Onun sözlərinə görə, “WHY Service” təkcə xidmət tətbiqi deyil, həmçinin etibarlı əməkdaşlıq və qarşılıqlı qazanc platformasıdır.

Taksi sürücülərinin kartla ödənişlərdən imtina etməsini tarixə qovuşduracaq layihə

Taksi sifariş etdikdə ödənişin kartla olmasına görə imtina aldığımız hallar çox olub. Amma bu kimi narahatlıqları geridə qoyacaq yeni bir layihə yaradılıb. KOBİA-nın “Startap” şəhadətnaməsi verdiyi “Multi Solutions” layihəsi sürətli və təhlükəsiz ödəniş həlləri təqdim etməklə sürücülərin bu narahatlığına çözüm təqdim edir. Layihənin məhsul strukturuna cavabdeh olan əməkdaşı Elçin Abidli taksi xidməti göstərən özəl daşıyıcılar və sürücülər üçün balans idarəetməsi və ödəniş sistemi hazırlamaqla onların işlərini asanlaşdırdıqlarını deyir. Bu sistemdən istifadə edərək sürücülər öz vəsaitlərini real vaxtda bank hesablarına köçürə biləcəklər və bu əməliyyat saniyələr içində baş tutacaq. Əvvəllər sürücülər kartla ödənilmiş gedişlərin pulunu almaq üçün çalışdıqları şirkətə müraciət edir və günlərlə gözləyirdilər ki, bu səbəbdən də nağdsız sifarişlərdən imtina halları çox olurdu. E.Abidli bildirib ki, ərsəyə gətirdikləri sistem sürücü və daşıyıcıların ödənişlərini daha tez və şəffaf şəkildə idarə etməsinə imkan yaratmaqla yanaşı, şirkətin də əməliyyat yükünü ciddi şəkildə azaldır. Platformada bütün proseslər avtomatlaşdırılıb, şirkətin məsul şəxsləri admin panel vasitəsilə bütün balansları, dövriyyələri və köçürmələri real vaxtda izləyə biləcək ki, bu da birbaşa şəffaflığa hesablanıb. Hazırda platformanın 20 mindən çox aktiv istifadəçisi var və onların ən çox bəyəndikləki funksiya ani balans çıxarışıdır. Bundan başqa, sistemdə riskləri öncədən aşkar edən alqoritmlər də mövcuddur. Bu funksiyalar maliyyə təhlükəsizliyini qorumağa və sui-istifadə hallarının qarşısını almağa hesablanıb.

Gələcək layihələrdən də söz açan müsahibimiz qısa müddətdə park rəhbərləri və istifadəçilərin işini asanlaşdırmağa hesablanan əlavə bir neçə yeni funksiyanın platformaya əlavə olunacağını deyir. Bildirir ki, “Multi Solutions” MMC regionun aparıcı ödəniş platformasına çevrilməyi hədəfləyir və gənc komanda layihəni digər ölkələrə çıxarmaqda israrlıdır. Platforma üzrə müxtəlif istiqamətlərdə 5 tətbiq mövcuddur və sadə interfeysə malik bu əlavələrdə istifadəçilər balanslarını anlıq olaraq izləyə, dərhal nağdlaşdırma edə, maliyyə tarixçəsinə baxa bilirlər. Şirkət rəhbərləri üçün isə ayrıca admin panel tətbiqi mövcuddur. Onlar buradan bütün maliyyə axınlarına real vaxtda nəzarət etmək və hesabatlar çıxarmaq imkanına malikdirlər.

“Startap” şəhadətnaməsinin üstünlüklərinə gəlincə, E.Abidli vergi güzəştinin platformanın daha sürətli inkişafına dəstək olacağına əmindir. Bu güzəşt sayəsində vəsaitə qənaət olunacağı üçün resursları daha çox R&D (Research and Development), məhsul inkişafı və bazar genişlənməsinə yönəltmək mümkün olacaq. Həmsöhbətimiz deyir ki, belə təşəbbüslər ölkədə texnologiya və innovasiyanın inkişafına real təsir göstərir və yeni layihələrin yaranması üçün mühit yaradır. Artıq minlərlə istifadəçinin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilən platformanı ərsəyə gətirənlərin əsas missiyası nəqliyyat və xidmət sektorunda fəaliyyət göstərən şirkətlərin rəqəmsallaşmasını təmin etmək, onların ödəniş sistemlərini avtomatlaşdırmaq və bu yolla dayanıqlı inkişafı dəstəkləməkdir. Ölkəmizdə nağdsız ödənişlərə keçidin sürətləndiyini nəzərə alsaq, layihənin bu sahəyə müsbət təsirini deməyə əsas var.

https://vergiler.az/news/article/35030.html

Powered by Froala Editor