Please ensure Javascript is enabled for purposes of website accessibility
We believe Azerbaijan’s socio-economic development is closely linked with entrepreneurship and its future development!
The results of the startup competition "From us to business" have been announced Rwandan delegation got acquainted with activities of the "Baku SMB House" "Investment journey" event took place in Masalli The most active entrepreneurs of 2024 have been awarded A citizen reception was held at KOBİA Results of the 6th grant competition announced for financing projects by SMB entities have been disclosed A memorandum on the green transition of SMBs signed between KOBİA and the Asian Development Bank Business forum conducted within the framework of the project "Increasing attractiveness of the Shamakhi district for private Investments" New Startups Contributing to Digitalization The 9th "KOB Fest" exhibition -sales fair is underway in Göyçay
İnnovativ startapların böyük hədəfləri 18.02.25
İnnovativ startapların böyük hədəfləri

Azərbaycanda artıq 192 KOB subyekti “Startap” şəhadətnaməsinin imkanlarından yararlanır. Bu sənəd sayəsində mikro və kiçik sahibkarlar 3 il innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisi ödəmirlər. “Startap” şəhadətnaməsi alan sahibkarların sayı isə günbəgün artır. Sənədi almaq və onun verdiyi imkanlardan faydalanmaq istəyən sahibkarlar Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət edə bilərlər. Bu il fevralın əvvəlində KOBİA-da yaradılmış Ekspertlər Şurasının iclası keçirilib və daxil olan 9 müraciətə baxılıb. Araşdırmalar nəticəsində tələblərə cavab verən 4 sahibkarlıq subyekti müvafiq şəhadətnamə əldə edib. Həmin startapların sahibləri istifadəçilərin rahatlığı üçün yaratdıqları sistemlər barədə “vergiler.az”a danışıblar.

Yeni taksi sifarişi tətbiqi: az komissiya, bol qazanc

İnovativ yeniliklərə malik “YOLL” tətbiqi ilə istifadəçilər rahat, sürətli və təhlükəsiz taksi sifariş edə, sürücülər isə az komissiya ödəyib, daha bol qazanc əldə edə biləcəklər. “Startap” şəhadətnaməsi alan Nicat Məmmədov bazardakı alternativlərlə müqayisədə həm sərnişinlər, həm də sürücülər üçün ədalətli və şəffaf qiymət sistemi yaratdıqlarını bildirir. Vurğulayır ki, komissiyanın az olması sürücülərin ürəyincə olacaq, çünki bu yenilik sayəsində onlar göstərdikləri xidmət müqabilində daha çox gəlir əldə edəcəklər. Proqram sərnişinlərin işini asanlaşdırmaq üçün ən yaxın və sərfəli nəqliyyat vasitəsini avtomotik təyin edən innovativ alqoritmlə təmin edilib. Bundan başqa, sifarişçilər üçün real vaxt izləmə, sürücü reytinqləri və 24/7 dəstək xidməti də təklif edilir. Bir sözlə, tətbiq vasitəsilə sərnişinlər rahat və sürətli nəqliyyat vasitəsi tapa və mənzil başına təhlükəsiz çata biləcək, sürücülər isə sabit gəlir əldə edəcəklər. Startapçı bu tətbiqlə uzun gözləmə müddətləri və qeyri-sabit qiymət siyasəti anlayışının keçmişdə qalacağını bildirir. O ki qaldı gəlir vergisindən azadolmanın startapın gələcək inkişafına göstərəcəyi təsirlərə, N.Məmmədov qənaət ediləcək məbləğin daha çox texnoloji inkişaf və xidmət keyfiyyətinin artırılmasına yönəldiləcəyini deyir. Bu isə onlara sərnişinlər üçün daha əlverişli qiymət siyasəti yürütməyə, sürücülərə isə daha yüksək gəlirli iş yerləri yaratmağa imkan verəcək. Tətbiqdən istifadə edənlər yaxın zamanda bir sıra yeniliklərlə qarşılaşacaqlar. Məsələn, ekoloji təmiz nəqliyyat vasitələrinin təşviqi məsələsi gündəmdədir. Regional bazarlara çıxış da qarşıya qoyulan əsas hədəflərdəndir. Sözsüz ki, tətbiqdən istifadə edənlərin artması sürücülərə tələbi artıracaq ki, bu da daha çox insanın məşğulluğunun təmin olunması deməkdir.

Mobil tətbiqdə peşəkar psixoloq dəstəyi

Son zamanlar sosial şəbəkələrdə psixoloq adı ilə təlimlər təşkil edən, bu sahədə zəruri sertifikatları olmadan psixoloji yardımlar göstərənlərin sayı durmadan artır. Bu da psixologiya sahəsində saysız problemlərin ortaya çıxmasına gətirib çıxarır. “IDDO” sağlamlıq platforması bu kimi ciddi boşluqları aradan qaldırmağa hesablanıb. Platformanın baş psixoloqu Rövşən Nəzərli proqram vasitəsilə psixoloqların iş prinsipinə nəzarət etməyin mümkün olacağını bildirir. Burada peşəkar psixoloqların şəxsi kabinetləri yaradılacaq və bütün zəruri məlumatlar yerləşdiriləcək. Vətəndaş isə proqramdan faydalanaraq axtardığı psixoloqu tapmaqla müalicə-reablitasiya prosedurlarına başlaya biləcək. Tətbiq TƏBİB və Səhiyyə Nazirliyi ilə birgə fəaliyyət göstərdiyi üçün seçilən psixoloqlar hər iki qurumun təsdiqlədiyi mütəxəssislərdən ibarət olacaq. IDDO-nun yaxın zamanda e-Təbib mobil tətbiqinə inteqrasiyası nəzərdə tutulur ki, bu da istifadəçilərin əlavə xidmətlərdən yararlanmasına səbəb olacaq. Gələcəkdə tibbi sığorta çərçivəsində də bu proqramdan istifadə etmək mümkün olacaq.

Hazırda IDDO komandası tətbiqin imkanlarının genişləndirilməsi üzərində işləyir. TƏBİB və Səhiyyə Nazirliyi ilə aparılan danışıqlara əsasən, yeni dünyaya gələn körpənin şəxsi kabinetinin yaradılması məsələsi gözdən keçirilir. Belə bir sistemin mövcud olması həkimlərə və valideynlərə uşağın keçdiyi bütün psixoloji xidmətlər və aldığı psixoloji yardımları proqram üzərindən izləməyə imkan verir ki, bu da insan həyatının bütün fazalarında onun psixoloji vəziyyətini tam nəzarətdə saxlamağa imkan verəcək.

Mart ayında layihənin respublika səviyyəsində təqdimatından sonra bu sahədə fəaliyyət göstərən psixoloqların elektron bazaya yığılmasına başlanılacaq. Bütün peşəkar mütəxəssislərin bir baza ətrafında birləşdirilməsi, təbii ki, vətəndaşın xeyrinə olacaq. Çünki onlar peşəkar və güvənli psixoloqlara rahat çıxış əldə edə biləcəklər.

Psixologiya sahəsində şəffaflığı təmin etməyi hədəfləyən IDDO ilkin mərhələdə ölkə daxilində populyarlıq qazanmaq istəyir. Xarici bazara çıxmaq sonrakı planlardan olsa da, artıq Rusiya, Türkiyə, Gürcüstandan təkliflər var və adıçəkilən ölkələrdən olan mütəxəssislər proqramın funksionallığı ilə maraqlanmağa başlayıblar.

R.Nəzərli “Startap” şəhadətnaməsinin verdiyi imkanları layihənin inkişafına yönəldəcəklərini, qənaət olunacaq məbləğlə dünya bazarına daha tez çıxmaq üçün təkmilləşdirmə işləri görəcəklərini bildirir. Digər tərəfdən, layihənin inkişafı üçün biznes kreditləri və investorların dəstəyindən də istifadə ediləcək.

Tələbə və məzunları bir araya gətirən platforma

“Performance MS” (Management System) öyrənmək istəyən insanları bir aya gətirəcək platformadır. Tədris idarəetmə sistemi ilə yanaşı, məzunlar və digər istifadəçilər arasında qarşılıqlı fayda təklif ediləcək. Startapı ərsəyə gətirən şəxslərdən biri - Seymur Həmidov vurğulayır ki, yaratdıqları platforma təhsil müəssisələri üçün idarəetmə sistemi təqdim etməklə yanaşı, məzunların platformada qalmasını təmin edən əlavə funksionallıqlara malikdir. “Performance MS” rəqəmsal icma platforması olaraq sistemləri daha interaktiv və “istifadəçi dostu” etməklə həm tədris mərkəzlərinin, həm də tələbələrin işini asanlaşdırmağı hədəfləyir. 2024-cü ilin avqustundan fəaliyyət göstərən sistemin artıq 11 nəfərdən ibarət komandası var. Məhsul sahibi, IT biznes analitik, QA tester, veb-proqramçı və DevOps mütəxəssisləri çiyin-çiyinə proqrama yeni funksiyalar əlavə etmək üçün işləyirlər. S.Həmidov vurğulayır ki, komanda platformanı daha da inkişaf etdirib onu qlobal bazarda sayılıb-seçilən bir mövqeyə çatdırmağa fokuslanıb. Qlobal bazarlardan söz düşmüşkən, “Performance MS” ilə Afrika ölkələri yaxından maraqlanır. Yaxın zamanda proqramın Keniyada istifadəsinə başlanılacaq. Artıq spesifik tələblərə uyğunlaşdırma işləri tamamlanmaq ərəfəsindədir və bu da o deməkdir ki, mart ayından etibarən tətbiq tam funksionallığı ilə qlobal bazarda rəqabətə qoşulacaq.

S.Həmidov inanır ki, gəlir vergisindən azad olmaq məhsulun inkişafına daha çox vəsait yönəltməyə və bazardakı ehtiyacları daha sürətli qarşılamağa imkan verəcək. Funksionallığı artırmaq və platformanın bazarda mövqeyinin güclənməsinə sərmayə qoymaq masa üzərində olan əsas planlardandır.

Sahibkarlar mühasibatlıq işlərini mobil tətbiqdə idarə edə biləcəklər

Fərdi sahibkarlardan tutmuş böyük şirkətlərə kimi hər kəs mühasibatlıq işlərini daha asan və rahat şəkildə idarə edə biləcək. KOBİA-nın “Startap” şəhadətnaməsini almış Ələsgər Əli-zadə yaratdıqları “Mobil Mühasib” tətbiqinin üstünlüklərindən danışarkən, onun innovativ olmasını və vaxta qənaət etməyə imkan yaradacağını xüsusi vurğulayır. Tətbiqin verdiyi imkanlar sayəsində vergi hesabatlarını tərtib etmək, maliyyə analizləri aparmaq bir toxunuş qədər asan olacaq. Hətta vergi ödəyicilərinə onlayn mühasibatlıq xidmətinin göstərilməsi də mümkündür. Sahibkar günün istənilən vaxtında özünə lazım olan xidmət üçün tətbiq vasitəsilə müraciət ünvanlaya, müraciətinin icra statusunu izləyə, yekun nəticəsi haqda bildiriş əldə edə bilər. Ünvanlanan müraciət “Mobil Mühasib” MMC-nin əməkdaşları tərəfindən operativ şəkildə icra olunacaq. Beləliklə, vergi ödəyicisi əlavə vaxt itkisi yaşamayacaq, sənədləşmələrə, hesabatlara sərf etdiyi zamanı biznesinin inkişafına yönəldəcək. Nəticədə kiçik və orta sahibkarlar üçün maliyyə idarəetməsi, mühasibatlıq uçotu daha səmərəli, şəffaf və etibarlı olacaq.

Platformanın üstünlüklərinə gəlincə, “Digital login” vasitəsilə proqrama giriş imkanı var ki, bu da istifadəçilərin rahatlığına hesablanıb. Hazırda proqramın təkmilləşdirilməsi ilə bir sıra yeniliklərin tətbiq edilməsi üçün iş gedir. Yaxın zamanda tətbiqdən faydalananlar vergi hesablama alətləri, vergi kalkulyatoru, xüsusi hesabat və təhlil alətlərindən də istifadə edə biləcəklər. Gələcəkdə daha geniş şəbəkələrə – yəni banklar və ödəniş sistemlərinə inteqrasiya da mümkün olacaq.

 

Powered by Froala Editor